Tərcümə: Misir Məmmədli
Birinci hissəni bu linkdən oxuyun.
Salona bir anlıq sükut çökdü. Qəflətən dalğaların səsi və salonu cazla dolduran radio eşidildi. Gəzinti göyərtəsində atılan hər addım və aralı pəncərələrdən içəri dolan küləyin yüngül, qeyri-müəyyən uğultusu gəldi qulaqlarımıza. Hamımız nəfəsimizi tutduq, bu inanılmaz iş çox ani olmuşdu və bu naməlum adamın yarısı uduzulmuş bir oyunda dünya çempionunu məğlub etməsi bizi çaşdırmışdı. Makkonnor arxaya söykəndi, tutduğu nəfəsi dodaqlarından xoşbəxt bir “Ah!” səsiylə çıxdı. Digər yandan da Kzentoviçi izləyirdim. Mənə elə gəldi ki, son hücumlar əsnasında üzü sanki solğunlaşmışdı. Ancaq özünə nəzarət etməyi yaxşı bacarırdı. Sakit görünüşünü qorudu və fiqurları ləng hərəkətlərlə taxtadan itələyərkən laqeydcəsinə soruşdu:
“Cənablar yeni bir, üçüncü oyun oynamaq istəyirlərmi?” Bu sualı əsil tacir ağzıyla soruşdu. Amma işin qəribə yanı bunu soruşarkən Makkonnora baxmayıb iti gözlərini dümdüz xilaskarımıza dikməsiydi. Atın yeni, daha yaxşı bir minicini yəhərində oturmasından tanıması kimi, o da son hücumlar əsnasında əsl gerçək rəqibini tanımışdı yəqin ki. Özümüzdən asılı olmadan onun baxışlarını izlədik və həyəcanla yad adama baxdıq. Amma adam hələ özünə gəlib cavab verməmişdi ki, Makkonnor zəfər sərxoşluğuyla qışqırdı:
“Əlbəttə! Amma, indi onunla təkbətək oynamalısınız! Kzentoviçin əleyhinə siz!” Lakin o an elə şey oldu ki, heç gözləmirdik.
Qəribə halda gözünü hələ də şahmat taxtasına dikib dayanan yad adam bütün baxışların özünə yönəldiyini və bu hərarətli sözlərin ona deyildiyini qavrayınca ürkdü. Üz ifadəsi bulanıqlaşdı.
“Qətiyyən olmaz, cənablar,” – deyərək kəkələdi açıq-aşkar bir utancaqlıqla: “qeyri-mümkündü bu… oynamağım müzakirə mövzusu belə ola bilməz… iyirmi, xeyr, iyirmi beş ildir şahmat taxtasının qarşısında oturmadım mən… və sizdən icazə almadan oyununuza burun soxmaqla böyük bir tərbiyəsizlik etdiyimi ancaq indi dərk edirəm… Lütfən, qarışdığım üçün məni bağışlayın… sizi daha narahat etməyəcəm”. Və biz çaşqınlıqdan qurtulmamış, o, artıq salondan çıxmışdı.
Makkonnor hirslənərək yumruğunu masaya vurdu və “Amma bu ola bilməz!” – deyə qışqırdı: “bu adamın iyirmi beş il şahmat oynamaması mümkün deyil, qətiyyən ola bilməz! Hər hücumu, hər əks hücumu beş-altı gediş əvvəlcədən hesabladı. Belə bir şeyi kimsə təsadüfən edə bilməz. Bu qətiyyən ola bilməz, elə deyilmi?”
Son sualda Makkonnor özündən asılı olmadan Kzentoviçə tərəf çevrilmişdi. Amma dünya çempionu ciddi bir reaksiya vermədi: “bu məsələ barədə nəsə deyə bilmərəm. Cənab xüsusi və maraqlı oyun göstərdi; buna görə də mən də ona bilərəkdən bir şans verdim” – bunu deyərkən laqeydcəsinə ayağa qalxıb həmin tacir ağzıyla əlavə etdi: – “Cənab və ya cənablar sabah yeni bir oyun oynamaq istəsə, saat üçdən etibarən əmrinizdəyəm”.
Özümüzü bığaltı gülməkdən saxlaya bilmədik. Kzentoviçin tanımadığımız köməkçimizə güzəşt edib şans filan vermədiyini, bu şərhin öz müvəffəqiyyətsizliyini ört-bas etmək üçün uydurduğu saf bir bəhanə olduğunu hamımız bilirdik. Belə sarsılmaz bir qürurun qırılmasını görmək istəyimiz daha da artdı. Bizim kimi itaətkar, zərərsiz gəmi səyahətçilərinə bir anda yad, ehtiras dolu döyüş həvəsi gəlmişdi. Çünki okeanın ortasındakı gəmimizdə şahmat çempionunun taxtından edilə biləcəyi düşüncəsi, teleqraf bürolarının bütün dünyaya elan edəcəyi rekord ağılımızı başımızdan çıxarmışdı. Buna ən həlledici anda gözlənilməz bir şəkildə oyuna qarışan xilaskarımızın yaratdığı sirli havanın cazibədarlığı və həmin adamın az qala qorxu dolu təvazökarlığı ilə professional oyunçunun sarsılmaz özünə inamı arasındakı əkslik də əlavə olundu. Kim idi bu yad? Burada təsadüf hələ kəşf edilməmiş bir şahmat dühasını gün işığınamı çıxarmışdı? Yoxsa məşhur bir usta məlum olmayan bir səbəbdən ötəri adını bizdən gizləyirdi? Bütün bu ehtimalları böyük bir həyəcanla müzakirə etdik. Ən çılğın gümanlar belə, yadın ağılasığmaz utancaqlığı və çaşdırıcı şərhini unudulmaz oyun qabiliyyətiylə uyğunlaşdırmağa yetəcək qədər çılğın gəlmirdi bizə. Amma bir məsələdə fikir birliyinə gəldik: özümüzü yeni bir döyüşü izləmək zövqündən qətiyyən məhrum etməyəcəkdik. Köməkçimizin ertəsi gün Kzentoviçlə bir oyun oynaması üçün əlimizdən gələn hər şeyi etməyi qərarlaşdırdıq. Oyunun pul təhlükəsini Makkonnor boynuna götürdü. Bu vaxt ofisiantdan yad adamın avstriyalı olduğunu öyrənincə, xahişimizi ona çatdırmaq vəzifəsi də həmvətəni olaraq mənə düşdü.
Tez-tələsik qaçaraq yad adamı gəzinti göyərtəsində tapmaq uzun çəkmədi. Şezlonquna uzanıb kitab oxuyurdu. Yanına yaxınlaşarkən onu nəzərdən keçirmək imkanı tapdım. Kvadrat başı yüngül yorğunluq əlaməti olaraq yastığa söykənmişdi; yaşına nisbətən gənc görünən üzünün qəribə solğunluğu yenə diqqətimi çəkdi. Dümağ saçları gicgahlarını əhatələyirdi; səbəbini bilmirəm, ancaq bu adamın birdən-birə yaşlandığı təəssüratına qapıldım. Yanına çatanda nəzakətlə doğruldu və özünü tanıtdı. Əsil-nəcabətli, köhnə Avstriya ailələrindən birinə aid olan soyadı dərhal mənə tanış gəldi. Bu soyadı daşıyan birinin Şubertin çox yaxın dostlarından biri olduğunu və köhnə imperatorun xüsusi həkimlərindən birinin də bu ailədən çıxdığını xatırladım. Kzentoviçin ona meydan oxumasına cavab vermək xahişini Dr.B.-yə çatdırınca, açıq-aşkar heyrətləndi. O oyunda dünya çempionunun, üstəlik dövrün ən müvəffəqiyyətli, ən məşhur çempionunun oynadığından xəbərdar olmadığı ortaya çıxdı. Niyəsini bilmirəm, amma bu şərh sanki ona qəribə bir təsir göstərdi, çünki rəqibinin həqiqətən də tanınmış dünya çempionu olduğundan əmin olub-olmadığımı bir neçə dəfə soruşdu. Dərhal anladım ki, bu vəziyyət vəzifəmi asanlaşdırır və incə ruhlu biri olduğunu hiss edincə, mümkün bir məğlubiyyətin gətirəcəyi pul yükününün Makkonnorun kassasından ödənəcəyini ona deməyin yaxşı olacağını düşündüm. Uzun müddət tərəddüd etdikdən sonra Dr.B. nəhayət bir oyun oynamağı qəbul etdi, amma bacarığına çox da bel bağlamamaq məsələsində o biri cənabları yenidən xəbərdar etməyimi məndən xahiş etdi.
“Çünki,” – deyə əlavə etdi dalğın-dalğın gülümsəyərək, “şahmat oyununu bütün qaydalarına uyğun oynayıb-oynaya bilməcəyimi doğurdan da bilmirəm. Lisey illərimdən bəri, yəni iyirmi ildən çoxdur ki, hər hansı bir şahmat fiquruna toxunmadığımı dedikdə, bu, süni təvazökarlıq deyildi, lütfən inanın mənə. O vaxt belə, şahmat oyunçusu kimi olduqca xüsusi bir qabiliyyətimin olduğu deyilə bilməzdi”.
Bunu elə təbii bir şəkildə dedi ki, dürüstlüyünə az da olsun şübhə etmədim. Bununla yanaşı, bir-birindən olduqca fərqli ustaların hər hücumunu belə qəti xatırlaya bilməsinə təəccübləndiyimi dilə gətirməkdən özümü saxlaya bilmədim; ən azından nəzəri olaraq şahmatla çox məşğul olmalı idi. Dr.B. qarabasma görürmüş kimi qəribə şəkildə gülümsədi yenə: “çox məşğul olmuşam! Şahmatla nə qədər çox məşğul olduğumu bircə Tanrı bilir. Amma çox xüsusi, tayı-bərabəri olmayan şərtlər altında olub bu. Olduqca mürəkkəb bir hekayədir, yaşadığımız bu böyük zamanədə haqqında bəhs etməyə, bəlkə çox da dəyməz. Yarım saat səbr etsəniz…”
Yanındakı şezlonqu göstərdi. Dəvətini sevinərək qəbul etdim. Ətrafımızda heç kəs yox idi. Dr. B. mütaliə eynəyini çıxardı, kənara qoydu və danışmağa başladı:
“Bir vyanalı olaraq ailəmin adını xatırladığınızı deməyiniz çox xoş idi. Lakin əvvəllər atamla birlikdə, sonra da tək başıma işlətdiyim vəkillik bürosunu güman edirəm eşitməmisiniz, çünki qəzetlərdə uzun-uzadı nəşr olunan iddialarımız yox idi və prinsipcə yeni müvəkkillər götürmürdük. Daha doğrusu, düz-əməlli vəkillik işi görmürdük, yalnız ultra-sağ partiyanın köhnə üzvü olan atamın əlaqədə olduğu böyük monastırların hüquq məsləhətçiliyini və maliyyə rəhbərliyini icra edirdik. Bundan əlavə, monarxiya bu gün artıq tarixə qovuşduğu üçün bu mövzuda danışa bilərəm. İmperator ailəsinin bəzi üzvlərinin kapitallarını idarə etmək də bizə verilmişdi. Saray və kilsəylə olan bu əlaqə – bir əmim imperatorun xüsusi həkimi idi, digəri isə Zaytenştetten Monastırının baş rahibiydi – iki nəsil əvvələ qədər gedirdi; bizə yalnız bu əlaqəni qorumaq qalırdı. Bu atadan qalma vəzifəni icra etməyin durğun, özünəməxsus bir iş olduğunu bildirmək istəyirəm. Ağızı bütöv və etibarlı olmaqdan savayı çox şey tələb etmirdi əslində. Rəhmətlik atamda artıqlaması ilə vardı bu iki xüsusiyyət; həm inqilab dövründə, həm də inflyasiya illərində işinə göstərdiyi diqqət sayəsində müvəkkillərinin çoxlu sərvətini qorumağı bacardı. Daha sonra Hitler Almaniyada rəhbərliyi ələ keçirəndə və kilsə ilə monastırların mülklərini tutmağa başlayanda heç olmasa daşına bilən əmlakı talandan qorumaq üçün sərhədin o biri tayında edilən müxtəlif görüş və əməliyyatların protokolları əlimizdən keçdi və hər ikimiz kilsə ilə sarayın bəzi gizli siyasi görüşləri barəsində ictimaiyyətin heç vaxt xəbər tuta bilməyəcəyi qədər çox şey öyrəndik.
Büromuz diqqət cəlb etməsin deyə qapıya tabel belə asmamışdıq və ikimizin də bütün monarxik çevrələrə girməkdən diqqətə çarpan şəkildə qaçmağımız arzuolunmaz təzyiqlərə qarşı ən etibarlı təhlükəsizliyi təmin edirdi. Həqiqətən də bütün bu illər ərzində sarayın gizli xəbərçilərinin ən əhəmiyyətli məktubları hər dəfə dördüncü mərtəbədəki diqqət çəkməyən büromuzdan götürdüklərini yaxud oraya verdiklərini Avstriyadakı heç bir rəsmi mövqenin ruhu belə duymadı.
Bir müddət sonra Nasional Sosialistlər – dünyaya müxalif ordularını gücləndirməmişdən xeyli əvvəl – bütün qonşu ölkələrdə eyni dərəcədə təhlükəli və təhsilli başqa bir ordu qurmağa başladı; haqqları tapdalanmış, biganə münasibətlə üzləşmiş, incidilmiş insanlar ordusu. Hər rəsmi dairədə, hər təşkilatda “adamları” yuva salmışdı. Rəhbərlikdəki Dolfus və Şuşninqin xüsusi otaqlarına qədər hər yerdə casusları vardı. Bizim gözdən uzaq büromuzda belə – əfsus ki, çox gec öyrəndim – adamları vardı. Acınacaqlı vəziyyətdə olan və qabiliyyətsiz bir büro işçisi idi əlbəttə, kənardan büroya nizamlı təşkilat görünüşü vermək üçün, bir keşişin təklifi ilə işə götürmüşdüm onu; həqiqətən də onu zərərsiz xəbərçilik işlərindən başqa nədəsə istifadə etmirdik. Telefonlara cavab verir və faylları təşkil edirdi, yəni tamamilə əhəmiyyətsiz və təhlükəsiz faylları. Məktubları açması, sözsüz ki, qadağan idi. Bütün əhəmiyyətli məktubları sürətlərini çıxarmadan makinada öz əllərimlə yazırdım. Hər əhəmiyyətli sənədi özüm evə aparır və gizli görüşləri yalnız monastırın baş rahibinin otağında ya da əmimin qəbul otağında etdirirdim. Bu tədbirlər sayəsində casusun əhəmiyyətli hadisələrdən xəbəri olmadı; amma nakam bir təsadüflə bu ehtiraslı və başı boş cavan ona güvənilmədiyini və ondan xəbərsiz çox işlər görüldüyünü başa düşdü yəqin. Bəlkə də mənim büroda olmadığım vaxt xəbərçilərdən biri qərarlaşdırıldığı kimi “Baron Bern” deyəcəyi halda diqqətsizlik edib “Əlahəzrət” deyib ya da murdar uşaq açması qadağan edilən məktubları açıb; hərhalda mən ondan şübhələnməyi ağılıma belə gətirmədən bizi izləmək üçün Münhendən və ya Berlindən əmr alıb. Əvvəlki laqeyidliyinin son aylarda ani bir səyə çevrildiyini və məktublarımı göndərmək üçün bir neçə dəfə israr etdiyini həbs olunduqdan sonra çox xatırladım. Diqqətsizlik edib ağzımdan söz qaçırmadığımı deyə bilmərəm, amma nəticədə Hitler rəhbərliyi hətta ən böyük diplomatların və əsgərlərin ağızından hiyləgərcəsinə söz almamışdımı? Gestaponun nə qədər diqqət və arzuyla gözünü üzərimə dikmiş olduğu sonradan açıq-aşkar məlum oldu; hələ Şuşninqin rəhbərlikdən çəkildiyi axşam və Hitler Vyanaya girməmişdən bir gün əvvəl SS-lər tərəfindən həbs olunmuşdum. Yaxşı ki, Şuşninqin vida çıxışını eşidər-eşitməz ən əhəmiyyətli kağızları yandırmışdım; monastırlarla və iki hersoqun xaricdə saxlanan əmlakı ilə bağlı sənədləri də paltar səbətində gizlədib, yaşlı, etibarlı xidmətçimlə əmimə göndərdim; həqiqətən də adamlar qapımı döyməmişdən əvvəl, son anda bacardım bunu”.
Dr.B. siqaret yandırmaq üçün dayandı. Alovun işığında ağızının sağ küncünün əsəbi şəkildə səyridiyini hiss etdim. Bu, daha əvvəl də diqqətimi cəlb etmişdi və müşahidə edə bildiyim qədəriylə bir neçə dəqiqədən bir təkrarlanırdı. Qeyri-müəyyən bir hərəkət idi. Aradabir ötüb keçməsinə baxmayaraq bütün sifətinə qəribə narahatlıq verirdi.
“Hərhalda indi köhnə Avstriyamıza sadiq qalan hər kəsin göndərildiyi toplama düşərgəsindən, orada yaşadığım alçaltma və işgəncələrdən danışacağımı sanırsınız. Amma belə şeylər olmadı. Mən başqa bir kateqoriyaya daxiləm. Uzun müddət susdurulmuş bir qisasın fiziki və ruhi alçaltmalarla üstlərinə qusulduğu bəxtsizlərin arasına daxil edilmədim. Mən Nasional Sosialistlərin ya pul ya da əhəmiyyətli məlumatlar qoparmağı ümid etdikləri o biri kiçik qrupa daxil idim. Gestapo özünəməxsus həyatımla qətiyyən maraqlanmırdı əlbəttə. Amma onların ən azğın rəqiblərinin maşası, adamı və tərəfdarı olduğumuzu öyrənmiş olmalı idilər və məni şantaj edərək dəlil toplamağa çalışırdılar: əmlakları ilə qeyri-qanuni əməliyyatlar aparıldığını sübut etmək istədikləri monastırlar əleyhinə dəlillər, İmperator ailəsinə və Avstriyada monarxiyanı can-başla dəstəkləyən hər kəs əleyhinə dəlillər. Əlimizindən gəlib keçən kapitalın əhəmiyyətli hissəsinin onların tapa bilmədiyi bir yerdə gizlədildiyini sanırdılar, ki düzü çox da haqsız sayılmazdılar; buna görə də məlum üsullarıyla məndən bu sirləri zorla qoparmaq üçün dərhal ilk gündən etibarən yaxamdan yapışdılar. Mənim kimi əhəmiyyətli məlumat və ya pul qoparılacaq insanları bu səbəbdən toplama düşərgəsinə göndərməyərək xüsusi üsul tətbiq etdilər. Qohumlarından milyonlar qoparmaq ümidi ilə Vəkil Baron Rotşildin qətiyyən tikanlı məftillər arxasındakı toplama düşərgəsinə atılmadığını, xüsusi himayə ilə bir otelə, Gestaponun qərargahı olan Metropol Otelinə yerləşdirildiyini və xüsusi otağı olduğunu xatırlayarsınız bəlkə də. Mənim kimi nəzərə çarpmayan adam da bu mükafata layiq görüldü.
Otellərin birində xüsusi otaq mümkün olduğu qədər humanist gəlir qulağa, elə deyilmi? Amma bizim kimi “əhəmiyyətli şəxsləri” iyirmi-iyirmi buz kimi komaya doldurmayıb olduqca yaxşı isidilmiş, ayrı bir otel otağında saxlamaq məqsədləri qətiyyən humanistlik deyil, əksinə hiyləgər bir üsul tətbiq etmək idi, mənə inanın. Çünki ağızımızdan gərəkli “dəlili” qoparmalarını təmin edəcək təzyiq kobud rəftar yaxud fiziki işgəncədən daha incəliklə tətbiq olunmalı idi: ağıla gələ biləcək ən ağıllı mücərrədləşdirmə yoluyla. Bizə heç nə etmədilər, bizi tamamilə heçliyin içinə atdılar. Çünki məlum olduğu kimi yer üzündə heç bir şey insan ruhuna heçlik qədər təzyiq göstərə bilməz. Hər birimizi tam boşluğa, xarici dünyaya möhkəm qapalı olan bir otağa həbs etməklə əvvəl-axır dilimizi açacaq təzyiq, işgəncə və soyuq yoluyla çöldən deyil, içəridən təmin ediləcəkdi. Mənə ayrılmış otaq əvvəlcə heç narahat etmədi məni. Bir qapı, bir yataq, bir kreslo, bir ləyən, bir barmaqlıqlı pəncərə vardı otaqda. Amma qapı gecə-gündüz kilidli idi, masada heç bir kitab, qəzet, kağız, qələm olmasına icazə yox idi, pəncərə yanğın divarına baxırdı; hər tərəfimə və hətta öz bədənimə belə tamamilə heçlik hakim idi. Əlimdən hər şeyi almışdılar. Vaxtı bilməyim deyə saatı, yazı yaza bilməyim deyə qələmi, biləklərimi kəsə bilməyim deyə bıçağı; siqaret kimi ən adi sakitləşdirici belə məndən əsirgənildi. Bircə söz belə deməsinə və bircə suala belə cavab verməsinə icazə verilməyən gözətçidən başqa insan üzü görmədim, insan səsi eşitmədim; göz, qulaq, bütün duyğular sabahdan-axşama, axşamdan-sabaha qədər ən adi bir qida belə almırdı. İnsan öz özüylə, öz bədəniylə və masa, yataq, pəncərə, ləyən kimi dörd-beş dilsiz obyektlə çarəsizlik içində tək başına qalırdı; susqunluğun qara okeanındakı şüşə plafonlu dalğıc kimi yaşayırdı insan – özünü xarici dünyaya bağlayan kəndirin qopduğunu və hətta o səssiz dərinlikdən heç vaxt yuxarı çəkilməyəcəyini hiss edən bir dalğıc kimi.
Edəcək, eşidəcək, görəcək heç bir şey yox idi. Hər yerdən və fasiləsiz heçliklə əhatə olunumuşdu insan, ölçüdən və zamandan tamamilə məhrum boşluqla. Gah o başa, gah bu başa gedib-gəlirdi insan, düşüncələri də onunla birlikdə gah o başa, gah bu başa, gah o başa, gah bu başa gedib-gəlirdi. Lakin nə qədər mücərrəd görünür görünsün, düşüncələr də dayaq nöqtəsinə ehtiyac duyur, əks halda öz ətraflarında mənasızcasına hərəkətə başlayırlar; onlar da heçliyə dözə bilmir. İnsan səhərdən axşama qədər nəyinsə başa verməsini gözləyir və heç nə olmur. Gözləyib dayanır insan. Heç nə olmur. İnsan gözləyir, gözləyir, gözləyir, gicgahları döyünənə qədər düşünür, düşünür, düşünür. Heç nə olmur. İnsan tək qalır. Tək. Tək.
On dörd gün ərzində zamanın xaricində, dünyanın xaricində yaşadım. O vaxt müharibə başlasaydı xəbərim olmazdı; dünyam yalnız masa, qapı, yataq, ləyən, kreslo, pəncərə və divardan ibarət idi və həmişə eyni divardakı həmin divar kağızına baxırdım. Gözümü ona o qədər çox dikdim ki, qollu-budaqlı naxışının hər xətti dəmir mismarla oyulmuş kimi beynimin ən iç qıvrımına qədər işlədi. Bu məqamda, nəhayət ki, sorğu başladı. Gündüz yoxsa gecə olduğunu qavraya bilmədən qəflətən çağırılırdı insan. Çağrılır və bir neçə koridordan keçirilirdi. Hara aparıldığını bilmirdi insan; sonra hara olduğunu bilmədiyi bir yerdə gözləyirdi və ətrafında forma geymiş bir neçə adamın oturduğu masanın qarşısında görürdü özünü birdən. Masanın üzərində bir yığın kağız olardı; nə ehtiva etdiyini bilmədiyiniz fayıllar. Və sonra suallar başlayardı: həqiqi və süni suallar, açıq və xain suallar, üstü örtülü suallar və tələ suallar. İnsan bunlara cavab verərkən yad, şər əllər insanın nə ehtiva etdiyini bilmədiyi kağızları eşələyir və protokola nəsə yazırdı. Onların nə yazdığını bilmirdi insan. Amma bu sorğunun mənim üçün ən qorxunc tərəfi Gestaponun büromda olanlar haqqında həqiqətən nə bildiyini və ağızımdan nə almaq istədiyini heç vaxt təxmin və müəyyən edə bilməməyim idi. Sizə daha əvvəl də dediyim kimi, əsl dəlil ola biləcək kağızları son anda xidmətçimlə əmimə göndərmişdim. Amma əllərinə keçmişdimi görəsən?
Ya keçməyibsə? Büronun həmin işçisi işlərimizin nə qədərini xəbər vermişdi görəsən? Məktubların neçəsini ələ keçirmişdilər? İşlərini icra etdiyimiz alman monastırlarının kim bilir neçəsində hər şeydən xəbərsiz bir din adamını sıxışdırmışdılar bu vaxt? Və soruşduqca soruşdular. Filan monastır üçün hansı sənədləri satın almışam, hansı banklarla yazışmalar aparmışam? Cənab Filankəsi tanıyırammı? İsveçrədən və Stenokerzeldən məktublar almışammı? Və nə bildiklərini təxmin edə bilmədiyim üçün hər cavab məni çox böyük bir məsuliyyət altına salırdı. Bilmədikləri nəyisə etiraf etsəm, birini boş yerə ölümə göndərə bilərdim bəlkə də. Həddindən çox şeyi yadırğasam, bu səfər də özümə zərər verərdim. Amma ən pisi sorğu deyildi. Ən pisi sorğudan sonrakı heçliyə geri dönüş idi; eyni masanın, eyni yatağın, eyni ləyənin, eyni divar kağızının olduğu həmin otağa. Çünki tək qalar-qalmaz, hansı cavabı versəydim daha ağıllı olardı deyə və bəlkə ehtiyatsız bir sözlə oyandırmış ola biləcəyim şübhəni aradan qaldırmaq üçün gələn səfərə nə deməliyəm deyə uzun-uzadı düşünürdüm. İstintaq mühakiməçisinə dediyim hər kiçik sözü düşünür, nəzərdən keçirir, ölçüb-biçirdim. Onların soruşduğu hər sualı, verdiyim hər cavabı beynimdə təkrarlayırdım, danışdıqlarım haqqında protokola nə yaza biləcəklərini təxmin etməyə çalışırdım, amma bunu heç vaxt öyrənə bilməyəcəyimi bilirdim. Di gə ki, boş otaqda bu düşüncələr bir dəfə hücuma keçdilərmi, dayanmaq bilmədən başımın içində fırlanırdılar. Hər dəfə yenidən, hər dəfə başqa formalarda əmələ gəlir və yuxuda belə məndən əl çəkmirdilər; Gestaponun hər sorğusundan sonra o sualların və ağrılı vəziyyətin mənə verdiyi işgəncə düşüncələrimdə amansızca yer edirdi. Hətta beləsi daha da qorxunc olurdu, çünki o sorğular bir saat ərzində qurtardığı halda, düşüncələrimin sonu heç gəlmirdi. Bunun səbəbi də təkliyin mənə çəkdirdiyi həmin xain işgəncə idi. Və ətrafımda həmişə yalnız masa, şkaf, yataq, divar kağızı, pəncərə vardı; məni əyləndirəcək bir şey, kitab, qəzet, yad bir üz, yazmaq üçün qələm, oynamaq üçün kibrit, heç nə, heç nə, heç nə yox idi. Bu otel otağı sisteminin nə qədər şeytani və ağıllı şəkildə, nə qədər psixoloji işgəncə məqsədli olduğunu ancaq indi başa düşürdüm. Toplama düşərgəsində insan, bəlkə də, əlləri qanayana və ayaqları qıj olana qədər əl arabası ilə daş daşıyardı, iki düjün insanla bir yerdə iyrənc qoxan buz kimi soyuq otağa salınardı. Amma üzlər görərdi. Burada həmişə eyni şeylə, həmişə eyni qorxunc dəyişməzliklə əhatəli olmaqdansa, bir tarlaya, bir əl arabasına, bir ağaca, bir ulduza, hər hansı bir şeyə baxa bilərdi. Burada məni düşüncələrimdən, vəsvəsədən, beynimdə etdiyim xəstəhal təkrarlardan uzaqlaşdıra biləcək heç nə yox idi. Onların məqsədi də bu idi onsuz da; düşüncələrimdə boğazıma qədər batıb boğulmalıydım və nəhayət onları qusmaqdan, istədikləri hər şeyi deməkdən, dəlilləri və adamları ələ verməkdən başqa çarəm qalmamalı idi. Bu heçliyin qorxunc təzyiqi altında sinirlərimin yavaş-yavaş boşalmağa başladığını hiss edirdim və təhlükəni dərk edərək, əylənəcək hər hansı bir şey tapmaq yaxud yaratmaq üçün sinirlərimi az qala qoparana qədər gərirdim.
Özümə bir məşğuliyyət tapmaq üçün bir vaxtlar əzbərlədiyim hər şeyi uca avazla oxumağı sınadım. Uşaqlıqdan yaddaşımda qalmış milli marşlar və şeirlər, liseydə oxuduğumuz Homer, Vətəndaşlıq kitabından hissələr. Sonra hesablamağı yoxladım; təsadüfi ədədləri toplamağı, bölməyi. Amma yaddaşım boşluqda çox da yaxşı işləmirdi. Fikrimi heç nəyin üstündə cəmləşdirə bilmirdim. Həmişə eyni düşüncə çaxırdı beynimdə: nə bilirlər? Dünən nə dedim, gələn səfər nə deməliyəm?
Sözlərlə izah edilə bilməyəcək bu vəziyyət dörd ay davam etdi. Eh, dörd ay, yazmaq asandır: nədir ki, bir neçə hərf! Demək də asandır: dörd ay, iki heca! Dörd ay! Amma boşluqda, vaxtsızlıqda keçən dörd ayın nə qədər davam etdiyini heç kim nə başqasına, nə də özünə izah edə bilməz, ölçə bilməz, gözündə canlandıra bilməz; insanın ətrafındakı bu fasiləsiz heçliyin, bu həmişə eyni masa, yataq, ləyən və divar kağızının və həmişə eyni susqunluğun, insana baxmadan yeməyini içəri itələyən eyni gözətçinin, adamı dəli edənə qədər boşluqda dövr edən eyni düşüncələrin insanı necə tükətdiyini və yıxdığını kimsə kimsəyə izah edə bilməz. Kiçik ipuclarından təlaşlanaraq başa düşdüm ki, beynimin tarazlığı pozulub. Əvvəlcə sorğular əsnasında özümdən əmindim, ifadələrimi sakit və götür-qoy edərək vermişdim; nəyi deyib, nəyi deməmək lazım olduğuna dair ikili düşüncə üsulu işə yaramışdı. İndiysə, ən sadə cümlələri belə yalnız kəkələyərək bir araya gətirə bilirdim, çünki ifadə verərkən kağızın üsündə məlumatları sıralayan qələmdən ayıra bilmirdim gözümü, sanki öz sözlərimin arxasınca qaçmaq istəyirdim. Gücümün tükəndiyini hiss edirdim. Özümü xilas etmək üçün bildiyim hər şeyi, bəlkə də daha çoxusunu deyəcəyim, bu heçliyin məni boğmasından xilas olmaq üçün on iki insanı sirləriylə birlikdə ələ verəcəyim anın gedərək yaxınlaşdığını hiss edirdim. Halbuki, bunu etmək mənə ani dinclikdən artığını verməyəcəkdi. Bir axşam həqiqətən də bu vəziyyətə düşdüm: gözətçi təsadüfən bu boğulma anı əsnasında mənə yeməyimi gətirincə birdən arxasınca qışqırdım: “Məni sorğuya aparın! Hər şeyi deyəcəm! Hər şeyi etiraf edəcəm! Sənədlərin harada olduğunu, pulun harada saxlandığını deyəcəm! Hər şeyi deyəcəm, hər şeyi!” Yaxşı ki, məni eşitmədi. Bəlkə də eşitmək istəmirdi.
Təhlükənin bu qədər böyüdüyü vaxt məni xilas edən, heç olmasa müəyyən bir müddət ərzində xilas edən, əvvəlcədən təxmin edə bilməyəcəyim bir şey oldu. İyul ayının sonu, qaranlıq, buludlu, yağışlı bir gün idi: bu təfərrüatı çox yaxşı xatırlayıram, çünki sorğuya aparılarkən keçdiyim koridordakı şüşələrə yağış damlaları vururdu. Çöl otaqda sorğu mühakiməçisini gözləmək lazım idi. Hər sorğudan əvvəl həmişə gözləmək gərəkdi: bu gözlətmə də üsullarının bir parçası idi. Əvvəlcə geceyarısı tez-tələsik hücrədən götürüb apararaq insanın sinirlərini pozurdular, sonra da insan özünü sorğuya hazırladığı, müqavimət göstərmək üçün bütün şüurunu və istəyini yığdığı vaxt bədənini yormaq və ruhunun müqavimətini qırmaq üçün sorğudan əvvəl bir saat, iki saat, üç saat gözlədirdilər. Və o cümə axşamı günü – 27 iyulda – məni hər zamankindən çox gözlətdilər. Tam iki saat çöl otaqda ayaq üstə gözlədim. Bu tarixi bu qədər qəti xatırlamağımın xüsusi bir səbəbi var: iki saat boyunca ayaqlarımın yorulduğu – oturmağıma icazə yox idi əlbəttə – o çöl otaqda bir təqvim asılı idi; çap edilmiş, yazılı şeylərə duyduğum aclıqla divardakı bu tək ədədə, 27 iyula necə dayanıb baxdığımı sizə izah edə bilmərəm. Dərhal beynimin içinə qazıdım onu. Sonra yenə gözlədim, gözlədim və nə vaxt açılacağını maraqla gözləyərək gözümü qapıya dikdim. Bir tərəfdən də sorğu komitəsinin məndən bu dəfə nə soruşa biləcəyini düşünürdüm. Tamamilə hazırlıqsız olduğum bir şey soruşacaqlarını bilirdim. Amma hər şeyə rəğmən bu ayaq üstə gözləməyin verdiyi işgəncə eyni zamanda mənim üçün bir yaxşılıq, zövq idi. Çünki bu otaq heç olmasa mənimkindən fərqli idi, bir az daha böyükdü və bir yox iki pəncərəsi vardı; yataq, ləyən və pəncərənin pərvazındakı milyon dəfə baxdığım həmin çat yox idi. Qapının rəngi başqa idi, divarın qarşısında başqa bir kürsü dayanırdı və solda fayl şkafıyla geyim şkafı vardı. Geyim şkafının içindəki asqılqanlarda üç-dörd yaş əsgər paltosu – mənə işgəncə verənlərin paltoları – asılı idi. Yəni müşahidə edəcək yeni, başqa nəyimsə olmuşdu nəhayət ki və aclıqdan dəliyə dönmüş gözlərim hər detala ehtirasla hücum edirdi. Bu paltolardakı hər qırışı müşahidə etdim. Məsələn islaq yaxaların birindən sallanan bir damcını sezdim və – bu sizə çox gülünc gələ bilər – çılğın bir həyəcanla bu damcının düşməsini gözlədim. Axırda qırış boyunca aşağıya doğru süzüləcək yoxsa yerin cazibəsinə bir az da müqavimət göstərib olduğu yerdəmi qalacaqdı; bəli, sanki həyatım bundan asılıymış kimi bir neçə dəqiqə nəfəs almadan bu damcını izlədim. Damcı aşağı diyirləndikdən sonra paltolardakı düymələri təkrar saydım. Birində səkkiz, digərində də səkkiz, üçüncüdə on düymə vardı. Sonra yenidən başlıqları müqayisə etdim; bütün bu gülünc, əhəmiyyətsiz detallar ac gözlərimi elə bir ehtirasla ələ aldı və öz daxilindən keçirdi ki, izah etmək mümkün deyil. Və baxışlarım qəfil bir şeyə ilişib qaldı. Paltolardan birinin yan cibinin bir az qabarıq olduğunu sezdim. Yaxınlaşdım və düzbucaqlı formasındakı qabarığın, bu, bir az şişgin cibin içindəkinin nə olduğunu anladım: kitab!
Dizlərim titrəməyə başladı: KİTAB! Dörd aydır əlimə kitab götürməmişdim və içində insanın ard-arda sıralanmış sözlər, sətirlər, səhifələr və vərəqlər görə biləcəyi, başqa, yeni, heyrətləndirici düşüncələri oxuya biləcəyi, tanıya biləcəyi, yadında saxlaya biləcəyi bir kitabın xəyali belə insanı həm coşdurur, həm də keyidirdi. Gözlərim bu kitabın cibdə əmələ gətirdiyi qabarıqlığa tərpənmədən baxırdı; sanki paltonun o yerini yandırıb dəlik açmaq istəyərcəsinə işıldayırdılar o içi görünməyən yerə doğru. Artıq özümü saxlaya bilmədim; özümdən asılı olmadan yaxınlaşdım. Heç olmasa parçanın üzərindən əllərimlə bir kitaba toxuna bilmə düşüncəsi belə, barmaqlarımdakı sinirləri dırnaqlarıma qədər keyitdi. Az qala, özüm də hiss etmədən gedərək yaxınlaşırdım. Yaxşı ki, gözətçi bu qəribə davranışımı görmədi; iki saat dimdik ayaq üstə dayanan insanın bir az divara söykənmək istəməsi bəlkə də ona təbii göründü. Axırda paltoya yaxşıca yaxınlaşdım və hiss etdirmədən ona toxuna bilmək üçün əllərimi qəsdən arxamda tutdum. Parçaya toxundum və həqiqətən də parçanın arxasında düzbucaqlı bir şey, bükülə bilən və yüngülcə xışıldayan bir şey hiss etdim; kitab! kitab! Və qəflətən çılğın bir düşüncəyə qapıldım: Kitabı oğurla! Bəlkə bacararsan bunu; onu hücrəndə gizləyə bilər və sonra oxuya bilərsən, oxuya bilərsən, nəhayət yenidən nəsə oxuya bilərsən! Bu düşüncə ağılıma gələr-gəlməz, güclü bir zəhər təsiri göstərdi; bir anda qulaqlarım uğuldamağa və ürəyim guppultu ilə döyünməyə başladı, əllərim bumbuz oldu, titrəməsinə maneə ola bilmədim. Amma ilk gicliyi sovuşdurduqdan sonra, səssiz və hiyləgərcə, gözlərimi gözətçidən çəkmədən daha da yaxınlaşdım paltoya. Arxamda tutduğum əllərimlə kitabı itələyə-itələyə cibdən yuxarı çıxarmağa başladım. Sonra əlimi uzatdım, yüngülcə, diqqətlə çəkdim və kiçik, çox da qalın olmayan kitab birdən əlimdə oldu. Yalnız o zaman qorxdum hərəkətimdən. Amma artıq geri dönə bilməzdim. Yaxşı, hara qoyacaqdım kitabı? Arxadan kəmərimin altına soxdum, oradan da yavaş-yavaş ombamın üzərinə itələdim, beləcə, gedərkən əlimi əsgər kimi qıçıma yapışdırıb onu şalvar tikişinin üstündən tuta biləcəkdim. İlk sınaq müvəffəqiyyətli oldu. Geyim şkafından uzaqlaşdım; bir addım, iki adım, üç addım. İşə yaradı. Qolumu möhkəmcə kəmərimə söykəsəm, kitabı yeriyərkən tuta bilirdim.
Elə bu məqamda sorğu başladı. Bu dəfə həmişəkindən daha artıq əziyyət çəkdim. Çünki suallara cavab verərərkən dediklərimə fikir vermək yerinə, hər şeydən əvvəl kitabı hiss etdirmədən var gücümlə tutmağa çalışırdım. Yaxşı ki, sorğu bu dəfə az çəkdi və kitabı xətasız-bəlasız otağıma apardım; bütün detallarla vaxtınızı almaq istəmirəm, amma gedərkən kitab bir dəfə təhlükəli şəkildə şalvardan düşdü və əyilib onu yenidən kəmərin altına itələmək üçün öskürək tutmuş kimi davranmaq gərək oldu. Amma bu kitabla cəhənnəmimə geri dönmək nə fövqəladə bir andı. Nəhayət təkdim, amma heç də tək sayılmazdım!
Dərhal kitabı götürdüyümü, nəzərdən keçirdiyimi, oxuduğumu sanırsınız hərhalda. Qətiyyən yox! Kitab əldə etməyin sevincini doyaraq yaşamaq istəyirdim əvvəlcə; bu oğurladığım kitabın hansı növ kitab olduğunu arzulamaq sevinci məni fövqəladə dərəcədə həyəcanlandırırdı. Hər şeydən əvvəl hərflər çox kiçik idi, olduqca çoxdu, xeyli nazik vərəq vardı, beləcə uzun müddət oxuya biləcəkdim. Və sonra, beynimi işlədəcək, sadə olmayan, əksinə insanın öyrənə biləcəyi, əzbərləyə biləcəyi kitab olmasını arzuladım. Məsələn, şeir kitabı, ən yaxşısı – nə cürətkar bir arzudur – Höte ya da Homer. Amma axırda ehtirasıma, marağıma daha çox mane ola bilmədim. Gözətçi qapını birdən açsa ələ keçməyim deyə yatağa uzandım, titrəyərək kəmərimin altından kitabı çıxardım.
Baxar-baxmaz dünya başıma uçdu, hətta dəhşətli dərəcədə hirsləndim: bu qədər böyük təhlükəni gözə alaraq ələ keçirdiyim, bu qədər böyük gözlənti ilə saxladığım kitab bir şahmat albomu, yüz əlli ustanın oyunundan ibarət tərtibat idi. Kilid altında olmasaydım, kitabı hirslə pəncərədən atardım, çünki bu axmaq şeylə nə edə bilərdim ki? Cavankən liseydə bir çox tələbə kimi mən də sıxıntıdan bəzən şahmat taxtasına baş çəkmişdim. Amma bu nəzəri şey mənim nə işimə yaraya bilərdi ki? İnsan rəqib olmadan şahmat oynaya bilməz axı. Hələ fiqurlar və taxta olmasa heç oynaya bilməz. Yenə də bəlkə oxunacaq bir şey – giriş, istiqamətləndirmə yazısı taparam deyə səhifələri istəksiz şəkildə çevirdim; amma hər bir usta oyununun çılpaq, kvadrat diaqramları və altlarında əvvəlcə anlaya bilmədiyim “a2–a3”, “kf1–g3” kimi işarələrdən başqa heç nə tapa bilmədim. Bunların hər biri bir növ açarını tapa bilmədiyim cəbr kimi gəldi mənə. “a”, “b”, “c” həriflərinin uzunlamasına sıralar, “1”-dən — “8”-ə qədər ədədlərin də çarpaz sıralar üçün olduğunu və hər bir fiqurun o ankı mövqeni ifadə etdiyini yavaş-yavaş başa düşdüm; beləcə tam qrafik diaqramlar müəyyən dilə çevrildi. Bəlkə də hücrəmdə bir növ şahmat taxtası qura bilər və sonra bu oyunların eynisini oynamağa çalışa bilərəm, deyə düşündüm; eynilə göydən enmiş möcüzə sayaq yataq örtüyümün təsadüfən iri kvadrat şəkilli olduğunu sezdim. Düzgün şəkildə qatlayaraq, altmış dörd kvadrat əmələ gətirməyi bacardım. Əvvəlcə ilk səhifəsini qoparıb kitabı yatağın altına qoydum. Sonra çörəyimdən qopardığım kiçik parçaları birləşdirib gülünc və əyri-üyrü şahmat fiqurları düzəltməyə başladım, şah, vəzir filan; qurtarmaq bilməyən səydən sonra, ən axırda şahmat kitabında göstərilən mövqelərin eynisini kvadrat yataq örtüyünün üzərində düzəltməyi bacardım. Amma oyunları yenidən oynamağa cəhd etdikcə, bir-birindən ayırmaq üçün yarısının rəngini tozla tündləşdirdiyim gülünc çörək fiqurlarla heç nə edə bilmədim əvvəlcə. İlk günlər yorulmadan çalışdım; təkcə bir oyuna beş dəfə, on dəfə, iyirmi dəfə yenidən, başdan başlamaq gərəkdi. Amma yer üzündə kimin, heçliyin köləsi olan mənim qədər faydasız və istifadə edilməyən vaxtı vardı ki? Kim bu qədər ehtiras və səbirlə dolu idi? Altı gün sonra oyunu qətiyyən çaşmadan axıra qədər oynadım. Ondan səkkiz gün sonra şahmat kitabındakı mövqeləri gözümün önünə gətirmək üçün yataq örtüyündəki çörək parçalarına belə ehtiyac duymadım və növbəti səkkiz gün sonra kvadratlı yataq örtüyü də gərəksiz oldu; başlanğıcda mücərrəd gələn “a1”, “a2, “c3”, “c8” kimi işarələr beynimin içində vizual, plastik mövqelərə çevrildi özbaşına. Dəyişiklik müvəffəqiyyətlə tətbiq olunmuşdu: şahmat taxtasını fiqurları ilə birlikdə beynimin içinə əks etdirmişdim və yalnız düsturları istifadə edərək o ankı mövqeni bir baxışda anlayırdım. Eynilə bütün səsləri və uyğunluqları duymaq üçün notalara adi bir baxışın təcrübəli musiqiçiyə yetməsi kimi. Bunu təqib edən on dörd günün sonunda kitabdakı hər oyunu asanca əzbərdən və ya professionalların dediyi kimi gözü bağlı oynaya bilirdim; həyasız oğurluğumun mənə nə qədər böyük bir yaxşılıq etdiyini hələ yeni-yeni anlamağa başlayırdım. Çünki gözlənilmədən bir məşğuliyyət tapmışdım; istəyirsiz məntiqsiz, məqsədsiz olduğunu deyin, amma, bu, ətrafımdakı heçliyi yox edən məşğuliyyət idi. Yüz əlli turnir oyunuyla əlimə otağın və zamanın boğucu yeksənəkliyinə qarşı qüsursuz bir silah keçmişdi. Yeni məşğuliyyətimin cazibədarlığını qoruması üçün o andan başlayaraq hər günü yaxşıca böldüm: səhərlər iki oyun, günortadan sonra iki oyun, axşamlar da sürətli təkrar. Daha əvvəl jelatin kimi formasızca uzanan günlərim beləcə doldu. Özümü yormadan nəyləsə məşğul olurdum. Çünki şahmatın bənzərsiz bir faydası vardı; mənəvi enerjinin dar bir sahəyə istiqamətləndirilməsiylə ən ağır düşüncə hərəkətində belə beyni boşaltmır, əksinə onun çevikliyi və elastikliyini artırırdı. Əvvəllər usta oyunları maşın kimi oynayarkən, vaxt keçdikcə daxilimdə yaradıcı, həvəs dolu bir anlayış oyanmağa başladı. Hücum və müdafiənin incəliklərini, hiylələrini və çətinliklərini öyrəndim; irəlini görmək, kombinasiyalar qurmaq, tez cavab vermək üsullarını qavradım və insanın bir şairin növbəti sətirlərini öncəki sətirdən anlaması kimi, hər bir şahmat ustasının fərdi tərzini bir baxışa tanıyası oldum. Yalnız zamanı doldurmaq üçün başlayan bu məşğuliyyət zövqə çevrildi və Alexin, Lasker, Boqolyubov, Tartakover kimi böyük şahmat nüfuzları təkliyimdə mənə can dostu oldular. Fiqurların sonsuz yer dəyişməsi səssiz hücrəni hər gün canlandırırdı və nizamlı tapşırıqlar sayəsində düşünmə qabiliyyətim sarsılmış qətiliyini yenidən bərpa etdi; beynimin təzələndiyini və hətta davamlı düşünməyə məcbur edildiyi üçün sanki itiləşdiyini hiss edirdim. Daha qəti və diqqətli düşünməyim hər şeydən əvvəl sorğularda ortaya çıxırdı; şahmatda müdafiə olunarkən uydurmalara və gizli hiylələrə qarşı hiss olunmadan ustalaşmışdım. O andan başlayaraq sorğularda bir daha səhv etmədim, hətta Gestaponun mənə yavaş-yavaş diqqətə çarpan bir hörmətlə baxmağa başladığını düşünürdüm. Digərlərinin dözə bilmədiyini görüncə, belə sarsılmaz bir müqavimət göstərmək gücünü hansı gizli qaynaqdan aldığımı bəlkə də bir-birlərindən soruşurdular.
O kitabdakı yüz əlli oyunu hər gün nizamlı şəkildə yenidən oynadığım bu xoşbəxt dövr təxminən iki ay yarım davam etdi. Sonra gözlənilməz şəkildə ölü nöqtəyə gəldim. Qəflətən özümü yenidən heçliklə üz-üzə gördüm. Çünki hər bir oyunu iyirmi və ya otuz dəfə oynadıqdan sonra, yeniliyin, çaşdırıcılığın gətirdiyi cazibədarlığı itirdilər; əvvəllər məni həyəcanlandıran, qanımı qaynadan gücləri zəiflədi. Hər hücumunu çoxdan əzbərlədiyim oyunları təkrar-təkrar oynamağın nə mənası vardı axı? İlk açılışı edər-etməz ardı özbaşına ağılımda əmələ gəlirdi; artıq sürpriz, gərginlik, problem qalmamışdı. Başımı qatmaq üçün, artıq onsuz dözə bilmədiyim fikri təzyiqi yaratmaq üçün, başqa oyunları əks etdirən yeni kitab gərəkdi mənə əslində. Lakin, bu, qətiyyən qeyri-mümkün olduğu üçün bu qəribə dəlilikdən xilas olmağın bircə yolu qalırdı: köhnə oyunların əvəzinə yenilərini tapmalıydım. Özümlə, daha doğrusu özümə qarşı oynamağa çalışmalıydım.