Valideyn “Nərgiz” Körpələr evində 2 yaşlı uşağının döyüldüyünü deyir

“Uşağı bağçadan götürüb evə gələndən sonra gördük ki, dayanmadan ağlayır, narahatdı. Soyundurub bədənini müayinə edəndə aydın oldu ki, beli gömgöydür, yumruq izləri var”. Bunu Mikroskop-a iki yaşlı oğlunun zorakılığa məruz qaldığını deyən Pərvin Şükürzadə danışıb.

Oğlu Davidin “Nərgiz” Körpələr evində yumruq zərbəsilə döyüldüyünü deyən valideyn həm polisin, həm də bağça rəhbərliyinin hadisəyə biganə yanaşmasından da şikayətçidir. P.Şükürzadə deyir ki, uşağın bədənində göyərti izlərini görən kimi bağçaya zəng ediblər, rəhbərlik isə vecsiz halda bunu bayramdan sonra işə gələndə araşdıracaqlarını deyiblər.

Zorakılıq izləri. Foto: şəxsi arxiv

“Bundan sonra mən, 102 xidmətini yığdım və zorakılıq haqda xəbər verdim. Uşağın bədənində olan zədələri müayinə edən həkim və həkim-ekspertlər baxıb, onların hamısı uşağa xəsarət yetirilməsini təsdiqləyiblər. Bildirmək istəyirəm ki, uşağın belində olan yumruq izlərinin ölçüləri qadın əlinin ölçülərinə uyğundur”.

Valideyn deyir ki, polis də hadisənin araşdırılması ilə bağlı dəqiq məlumat vermir. İstintaqın gah 29-cu polis bölməsində, gah da Yasamal Baş Polis İdarəsində aparılacağı bildirilib.

“Polis həm də deyir ki, onurğası sınmayıb, nə cinayət işi açaq? Halbuki bizə məlum olub ki, uşaq 3 aydır zorakılığa məruz qalır. Bağçada kameralar da bütün otaqları, bağçanın həyətini əhatə etmir. Mənim uşağım müşahidə edən kameranın isə saat 17:00-dan sonra işləmədiyini deyirlər”.

İddialara görə bağça Yasamal rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevə məxsusdur. Polisin də işi buna görə araşdırmadığı ehtimal edilir.

Hadisə ilə bağlı bağça rəhbərliyi ilə də əlaqə saxladıq. Bağçanın adının çəkilməsini istəməyən psixoloqu bildirdi ki, məsələ ilə bağlı polis gəlib araşdırma aparıb və döyülmə halının burada olmadığı müəyyən olunub:

“Kameralara baxdılar, aydınlaşdı ki, bizdə olmayıb. Saat 17:00-dan sonra kameralar çəkmir, çünki onsuz da həyətdə olurlar uşaqlar. Həyətda kamera var. Uşaq uzananda basılıb, yumruq kimi görüb. Zərbələr atası dediyi dərəcədə deyil”.

Şərhini yaz

Şərhinizi yazın
Adınızı daxil edin