YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov əvvəllər nazir işləmiş şəxslərə çağırış edib. YAP rəsmisi onları qeybə çəkilməkdə və mövqelərini ortaya qoymamaqda ittiham edib və xəbərdarlıq edib:
Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın, ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, “mövqeyini bildir!”.
Artur Rasizadə 22 il Azərbaycanın baş naziri kimi çalışıb. 1996-cı ilin 26 noyabrında vəzifəyə təyin olunub. 2003-cü ilin 4 avqust-4 noyabr tarixlərində onu İlham Əliyev əvəz edib. 2018-ci il aprelin 21-də vəzifəsindən azad olunub.
Keçmiş müdafiə naziri Səfər Əbiyev bu vəzifədə 18 il çalışıb. O, 1995-ci il fevralın 6-dan 2013-cü il oktybarın 22-ə qədər nazir olub.
Vergilə naziri Fazil Məmmədov – 11 fevral, 2000-ci il – 5 dekabr, 2017-ci il tarixlərində, yəni 17 il nazir kimi fəaliyyət göstərib.
Hüseynqulu Bağırov da 17 il, 23 may, 2001-ci ildən 21 aprel, 2018-ci ilə qədər Ekologiya və Təbii Sərvətlər naziri olub.
Təhsil naziri Misir Mərdənov – 25 mart, 1998-ci il – 19 aprel, 2013-cü illərdə, yəni 15 il nazir kimi çalışıb.
Nəqliyyat naziri Ziya məmmədov – 8 avqust, 2002-ci il – 13 fevral, 2017-ci il.
Əli Abbasov 2004-cü il fevralın 20-də rabitə və informasiya texnologiyaları naziri təyin olunub. 2014-cü ilin martında nazirliyin adı dəyişdirilib və Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri kimi 2015-ci ilin 12 noybarına qədər fəaliyyətini davam etdirib. Ümumilikdə o, 11 il nazir olub.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edən Eldar Mahmudov bu vəzifədə 11 il çalışıb. O, 2004-cü il iyulun 23-də təyin olunduğu vəzifədən 2015-ci il oktyabrın 17-də azad edilib.
Kənd təsərrüfatı naziri Heydər Əsədov və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu vəzifələrə eyni vaxtda 2013-cü ilin 22 oktyabrında təyin olunub. Onların hər ikisi 21 aprel 2018-ci ildə tutduqları vəzifədən kənarlaşdırılıblar.