İran İslam İnqilabından bəri ilk dəfə koronavirusa qarşı mübarizə üçün Beynəlxalq Valyuta Fondundan 5 milyard dollar kredit istəyib. İran sonuncu dəfə BVF-dan 1960-cı ildə kredit almışdı.
Bu addım, ölkə iqtisadiyyatının nə qədər kövrək olduğunun göstəricisidir. İran iqtisadiyyatının bu qədər kövrək olması epidemiyanın yayıldığı vaxtda kəskin üzə çıxsa da, bu kövrəkliyin səbəbkarı Covid-19 deyil. Səbəb həm də neftin qiymətinin ucuzlaşması və ABŞ-ın İranla birtərəfli qaydada bağlanan nüvə sazişindən çıxmasından sonra 2018-ci ilin mayından tətbiq etdiyi sanksiyalardır.
İran Mərkəzi Bankının rəhbəri Əbdunnasir Himməti, “Instagram” hesabından etdiyi açıqlamada, BVF-nin Covid-19 epidemiyası ilə mübarizə aparan ölkələrə ayırdığı 50 milyard dollarlıq yardım paketindən faydalanmaq üçün qurumun rəhbəri Kristalina Georqiyevaya müraciət etdiyini bəyan edib. O, Georqiyevanın, “Heç kim maliyyə çatışmazlığına görə, həyatını itirməməlidir” fikrini xatırladaraq, İranın bütün əyalətlərində rast gəlinən epidemiyayla mübarizə üçün iqtisadi dəstəyə ehtiyaclarının olduğunu deyib. İran Xarici işlər Naziri Məhəmməd Cavad Zərif də “Twitter” hesabından etdiyi paylaşımda Himmətinin müraciətini təsdiqləyib:
BVF-nin rəhbəri Kristalina Georqiyeva Covid-19 epidemiyasından əziyyət çəkən bütün ölkələrin Sürətli Maliyyə Vasitəsilə (RFI) dəstəkləniləcəyini açıqlayıb. Mərkəzi Bankımız təcili müraciət edib. BVF və rəhbərliyi tarixin düzgün tərəfində dayanmalı və məsuliyyətli davranmalıdır.
İran Xarici işlər Naziri Məhəmməd Cavad Zərif
BVF-nun sözçüsü Qerri Rays da İrandan yardım üçün müraciətin daxil olduğunu təsdiqləyib. O, BVF-nin “bütün tələbləri sürətlə və siyasətimizə uyğun olaraq davam etdiyini” söyləyib.
İranın Xarici İşlər naziri Cavad Zərif, BMT-nin baş katibi Antonio Quterreşə məktub yollayıb. O, “iqtisadi terrorizm kampaniyası” adlandırdığı ABŞ sanksiyalarının dərhal dayandırılmasını, Vaşinqtonun İranın neft ixracını getdikcə çətinləşdirdiyini və idxalı qeyri-mümkün etdiyini söyləyib. Zərif xəstələri müalicə etmək üçün dərman və tibbi avadanlıqların çatışmadığını deyib. O, İranın daha çox N95 üz maskalarına, cərrahi xalatlara, portativ rəqəmsal rentgen aparatlarına və digər tibbi ləvazimatlara ehtiyac olduğunu bildirib.
Bu yaxınlarda isə Ümumdünya Səhiyyə Təşkilatı İrana yük təyyarəsi ilə 105000-dən çox insanı virusa görə yoxlaya biləcək vasitələr göndərib. İranın Səhiyyə Nazirliyinin sözçüsü Kianuş Cahanpur, İranda son 24 saat ərzində koronavirusdan 75 nəfərin öldüyünü, bununla da ölənlərin sayının 621-ə çatdığını bildirib. Ümumilikdə virusa yoluxan iranlıların sayı 12 729 nəfər olub.
Lakin virusa yoluxanların və ölənlərin əsl sayının rəsmi rəqəmlərdən çox olduğu ehtimal edilir. “Vaşinqton Post” qəzetinin İranla əlaqədar yaydığı videodan sonra bu barədə şübhələr daha da artıb. Qəzetin yaydığı peyk görüntülərində, Qumdakı “Beheşte Məsum” (Cənnətlik Günahsız) adlı bölgədəki qəbiristanlıq sahəsinin 2019-cu ilin oktyabrında çəkilən görüntülərdə onun böyük hissəsinin boş olduğu görünür. Amma fevralın 21-dən etibarən geniş sahədə məzarlar qazılmağa başlanıb. Sözü gedən qəbirstanlığın təxminən futbol meydançası uzunluğunda olduğunu deyilir. Ekspertlər bu məzarların koronavirusdan ölənlərin basdırılması üçün qazıldığını və insanların kütləvi dəfn edildiyini bildirib.
Günaz TV-nin rəhbəri Əhməd Obalı da özünün şəxsi “Twitter” səhifəsində kütləvi məzarlıqlarla bağlı video paylaşıb. Paylaşımda deyilir ki, əhalidən gizlin saxlanılan bu məzarlıq Əfqanıstan sərhədinə yaxın Səngan Dəmir filizi mədənində işləyən və virus nəticəsində ölən kasıb kənd sakinləri üçündür.
Mina Bai adlı “Twitter” istifadəçisi isə yaydığı videoda Gilan və Mazandaran əyalətlərində vəziyyətin olduqca kritik olduğunu deyir. Video görüntülərdə virusdan əziyyət çəkən insanların küçələrdə yerdə uzanıb qaldığı görünür.
“Iran Freedom” səhifəsinin Rəşt şəhərindən yaydığı görüntülərdə isə xəstələrlə dolu olan hospitalda yer olmadığı üçün küçədə, yerdə virusdan əziyyət çəkib yardımsız qalan insan görünür.
Bütün bu baş verənləri gizlədə bilmədiyini görən hökumət isə İranın təhlükəsizlik qüvvələrinin koronavirusun yayılması ilə mübarizə aparmaq üçün 24 saat ərzində şəhərlərin küçələrini boşaldacaqlarını bəyan edib.
İran məktəblərin fəaliyyətini dayandırıb və azərkeşlərin stadionlara girişinə qadağa qoyub, lakin dini ziyarətgahlar açıq qalır və virusun ən çox yayıldığı paytaxt Tehranın bazarları və küçələri hələ də izdihamlıdır.
İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi cümə axşamı silahlı qüvvələrin baş qərargah rəisi general Məhəmməd Hüseyni Bağerini epidemiyayla mübarizə üçün sağlamlıq və müalicə qrupu yaratmaqla bağlı tapşırıq verib. Xameneyi deyib ki, virusun bioloji hücum ehtimalına dair bəzi dəlillər var, amma o, heç bir faktı açıqlamayıb. Dini lider silahlı qüvvələrin səyyar xəstəxanalar və digər obyektlər qurmasını tələb edib.
Prezident Həsən Ruhani hökuməti isə virusa qarşı ciddi reaksiya vermədiyinə görə tənqidə məruz qalıb. Bir müddət əvvəl ABŞ dövlət katibi Mayk Pompeo, virusun ilk peyda olduğu İran və Çini senzura vasitəsilə həqiqətləri gizlətməkdə ittiham etmişdi. İranın rəqibi olan Səudiyyə Ərəbistanı və Bəhreyn isə virusun bölgədə yayılmasına görə bu ölkəni günahlandırır.
Müəllif: Rəhim Xoyski