Azərbaycan hökumətinin daxili auditoriya üçün olan əsas proqapanda maşınlarından biri REAL TV-də Rusiya əleyhinə 55 dəqiqəlik sənədli film yayımlanıb. Müəllifi Vəfa Həmzəyeva olan sənədli filmdə Rusiya işğalçı, rus ordusu isə faşistlər adlandırılıb.
Mikroskop Media sənədli filmi izləyib və Azərbaycanla Rusiya arasındakı münasibətlərin bu qədər gərgin olduğu vaxtda belə bir filmdə Rusiya əleyhinə hansı ifadələrin işləndiyini, nələrin və necə göstərildiyini analiz edib.
Sənədli filmdə səsləndirilən bəzi cümlələri təqdim edirik:
- 24 fevral 2022-ci il tarixində Rusiya Ukraynaya tam miqyaslı hərbi müdaxiləyə başladı.
- Bu dəhşətin başlanmasından 4 ildən çox vaxt keçir. Dəyişən isə heç nə yoxdur. Nə işğalçının məqsədi, nə də günahsız insanların hədəfə alınması.
- Yaşlı və xəstə bir adamın evinə raket atmaq… Bu müharibə deyil. Bu, vəhşilikdir.
- Çerniqev işğaldan sonra (Çerniqev Rusiya işğalında olub və azad edilib – red.) isə bu zirzəmi ilə dünyaya faşistlərin işgəncə düşərgələri kimi səs saldı.
- Raketlərin hədəfi yalnız yaşayış binaları da deyil. Zərbələr böyük sənaye obyektlərinə də endirilir… Yəni, bu həm də iqtisadi hücum, iqtisadi işğal deməkdir.
- Rusiyanın dronları və artilleriyaları humanitar maşınları da hədəfə alır.
- Rusiya ordusu təəssüflər olsun ki, bu uşaq bağçasına da zərbələr endirib. Səhər saat 8-də. Bu vaxtın seçilməsi də təsadüfi deyil, çünki onlar istəyirdi ki, bu uşaq bağçasında olan hər kəs həyatını itirsin.
- Donetskdə hər yer darmadağındır. Qarabağı xatırladım. Bir dənə də olsun salamat bina yoxdur.
- Bu filmin hər dayanacağında Z var idi. Z nədir? Z gecə uçan dronların, kaset bombalarının, yalanın və cəzasızlığın nişanıdır. Hüququ pozan, insafı olmayan gücdür Z.
- İnkar etmirəm, Z tarixdə qalacaq. Amma tarixdə qalmaqla necə qalmaq arasında böyük fərq var. Z-nin siması Rusiyanın simasıdır. Ukraynanın siması isə azadlıqdır.


