Azərbaycanda neçə əlil var və onlar nə qədər müavinət alır?

Dekabrın 3-ü Beynəlxalq Əlillər günüdür. Bu günün fiziki məhdudiyyətli insanların günü kimi qeyd olunması barədə qərar 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib.

Əlil kimdir: Müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə əlilliyi olan şəxslərin sayı əhali tərkibinin 10 faizi qədərdir.

Fiziki məhdudiyyətlilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə “Hesabat” şüarı ilə aksiyasından. Foto: screenshot / Turan

1

Azərbaycanda əlillər nə qədər sosial müavinət alır?

Rəsmi rəqəmlərə görə, Azərbaycan əhalisinin 6 faizi, yəni əhalinin 620 minə yaxını fiziki məhdudiyyətlidir. Onlara əlillik dərəcəsinə uyğun sosial müavinətlər verilir.

  • I qrup əlilliyə görə 150 AZN

  • II qrup əlliliyə görə 130 AZN

  • III qrup əliliyə görə isə 110 AZN

Bu rəqəmlər isə ölkə üzrə yaşayış minimumundan 30, 50 və 70 AZN azdır.
Ölkə üzrə yaşayış minimumu 2019-cu il yanvarın 1-dən 180 manat müəyyən edilib.

Azərbaycan 2008-ci ilin oktyabrında BMT-nin “Fiziki çətinliyi olan insanların hüquqları haqqında” Konvensiyaya qoşulub.

Konvensiya nəyə yönəlib: Bu sənə sağlamlıq imkanları məhdud olan şəxslərin;

  • cəmiyyətin istənilən sahəsində tam iştirakının təmin edilməsinə,

  • fiziki çətinlik əlamətinə görə ayrı-seçkiliyin ləğvinə,

  • fiziki çətinliyi olan şəxslərin müdafiəsinə,

  • onların insan hüquqlarının və əsas azadlıqlarının təmin edilməsinə

  • bunun üçün səmərəli hüquqi mexanizmlər yaradılmasına yönəlib.

2

Əlilliyi olan şəxslər əlil arabası ilə təmin olunmaq üçün hara və hansı sənədlərlərlə müraciət etməlidir?

Bunun üçün şəxs qeydiyyatda olduğu xəstəxanaya müraciət edib oradan Forma 88 tərtib etdirdikdən sonra elektron şəkildə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ötürülür. Sonra isə Tibbi-Sosial-Ekspert Komissiyası əlil arabasının verilməsi üçün tibbi göstəriş verir. Sonda vətəndaş şəxsiyyət vəsiqəsi ilə Protez Ortopedik Bərpa Mərkəzinə yaxınlaşıb növbəlilik əsasında əlil arabası ilə təmin olunur.

3

Əlillik vəziyyətinin qiymətləndirilməsi üçün şəxs hara müraciət etməlidir?

Bunun üçün şəxsiyyət vəsiqəsi və Tibbi-Sosial-Ekspert Komissiyasının və ya müalicə müəssisəsinin göndərişini təqdim etməlidir. Həmin göndərişdə şəxsin hansı bərpa mərkəzinə müraciət etməli olduğu qeyd olunur. Bərpa mərkəzi şəxsin növbəsi çatdıqda özü məlumat verir.