Müdafiə Nazirliyi ötən gün açıqlama yayıb ki, bir ay əvvəl pilot Rəşid Atakişiyevin ölümü ilə nəticələnən MiQ-29 təyyarə qəzasının səbəbi quşla toqquşması olub. Quş və ya quş dəstəsi pilotu yaralayıb və bundan sonra təyyarə qəzaya uğrayıb. Çoxları isə döyüş təyyarəsinin quş və ya quş dəstəsinə görə qəzaya uğradığına inanmır. Bəs əslində nə baş vermiş ola bilər? Müdafiə Nazirliyinin açıqlaması niyə inandırıcı gəlmir? Mikroskop-un suallarını hərbi ekspert Cəsur Sümərinli cavablandırıb.
1
MiQ-29 təyyarəsi barədə nə bilirik?
MiQ-29 1970-ci illərdə Mikoyan dizayn bürosunun konstruksiya etdiyi qırıcı təyyarədir və ABŞ istehsalı olan F-15 və F-16 təyyarələri ilə rəqabət aparmaq üçün hazırlanıb. SSRİ-də bu təyyarə Hərbi Hava Qüvvələrinə ilk dəfə 1982-ci ildə daxil edilsə də imperiyanın dağılmasından sonra da istehsalı və ixracı davam etdirilib. Bu təyyarənin istehsalını Rusiyanın Birləşmiş Aviasiya Korporasiyasının törəmə müəssisəsi olan “Mikoyan” şirkəti davam etdirir. Gövdəsi əsasən allüminium ərintilərindən və dəmirdən ibarət olan təyyarənin bəzi detallarında titan və qatışıq materiallardan istifadə edilib.
2
Müdafiə Nazirliyinin açıqlaması niyə inandırıcı deyil?
Nazirliyin açıqlaması ona görə inandırıcı deyil ki, bu cavab hər hansı bir sübutsuz, təsdiqsiz ortaya qoyulub. Hər hansı səs yazısı, foto və ya video görüntü yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin balansında xeyli sayda köhnə texnikalar, qırıcı təyyarələr var. Onların da bir çoxu Ukrayna, Gürcüstan və Rusiyadan alınıb və Sovet İttifaqında istehsal olunublar. Son vaxtlar Müdafiə Nazirliyi istifadəsində olan texnikanın modernləşdirilməsi ilə bağlı məlumatlar yayıb, amma ümumilikdə bu modernləşdirməni sübut edəcək faktlar da ortada yoxdur. Ona görə həmişə şübhə var ki, doğurdanmı nazirlik qırıcı təyyarələri modernləşdirib?
Təyyarə qəzasının araşdırılması və dənizdə olan qalıqların çıxarılması prosesində türkiyəli zabitlər də Azərbaycana yardım ediblər. Məndə olan məlumata görə, onların “qara qutu”nun oxunması prosesinə buraxılması məhdudlaşdırılıb və iki gün əvvəl onlar Azərbaycanı tərk ediblər. Belə görünür ki, Müdafiə Nazirliyi istəməyib ki, qəzanın əsas səbəbləri Türkiyə tərəfinə məlum olsun.
3
Qəzanın əslində necə baş verdiyi barədə ehtimallar nədir?
Hadisənin baş verməsinə çox güman ki, texniki nasazlıq səbəb olub. Uçuş zamanı pilot qəzanı, təyyarənin idaredilməz vəziyyətdə olduğunu hiss edib və çalışıb ki, bu barədə Müdafiə Nazirliyinə, Hərbi Hava Qüvvələrinə və ona nəzarət edən məntəqəyə məlumat versin. Yəqin ki, bunun səs yazıları mövcudur. Ehtimal ki, katapultdan istifadə etməyə çalışıb, amma nasazlıq bütün təyyarəni əhatə edib və o, heç bir əmrə cavab verməyib. Nəticədə qəza baş verib və pilot da həyatını itirib.
Rusiya versiyasına gəldikdə isə, bu inandırıcı versiya deyil. Nə dərəcədə ciddi ehtimal olsa belə burada Rusiya amilinin olması real görünmür.
4
Əgər həqiqətən quşla toqquşmuş olsaydı onda
hadisələr necə cərəyan etməli idi?
Nəzəri və texniki baxımdan quş və ya quş dəstəsi ilə toqquşma mümkündür. Quş təyyarənin şüşəsinə çırpılıb onu sındıra, oradan da pilota (ya özü, ya da şüşənin hissələri) xəsarət yetirə bilər. Amma bundan sonra iki variant baş verməli idi:
1) ya pilot özü katapult edib xilas olmağa çalışmalı idi
2) yox əgər pilot quşla çarpışmadan sonra özündə deyilsə, o zaman təyyarə özü avtomatik katapult edib pilotu xilas etməli idi. Təyyarə bunu dərhal etməli idi, çünki belə proqramlaşdırılıb.
Bizim təyyarədə isə belə görünür ciddi nasazlıq olub, katapult işləməyib. Ümumilikdə isə, quşla toqquşma versiyası inandırıcı deyil. Əgər quşla toqquşduğu deyilirsə, bunla bağlı sübutlar olmalıdır. Ümumiyyətlə bu səbəbin özü gülməli gəlir. Çünki gecə saatlarında təlim uçuşu keçirilirsə və bu saatlarda quşların sayının azlığı ilə bağlı məlumatlar səslənirsə, doğurdanmı belə toqquşmanın olmağı mümkündür? Təyyarə 3 km hündürlükdə olub və orada onun kütləvi şəkildə quşlarla toqquşması realdırmı? Bu suallar açıq qalır.
Müdafiə Nazirliyi ictimaiyyətə bununla bağlı tutarlı cavablar verməlidir və əsasən səs yazıları cəmiyyətə açıqlanmalıdır ki, insanlarda inam yaransın.
5
Müdafiə Nazirliyi nə etməlidir?
Qəzanın əsas səbəblərini açıqlamalıdır. Əgər məlum olsa ki, qəza əslində texniki nasazlıqdan baş verib, onda bundan əvvəlki illərdə baş verən texniki nasazlıqlar da əlavə olunmaqla ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin texnika bazası, hərbi təyyarələrinin yenilənməsi, həqiqətən modernləşdirilməsi prosesinə start verilməlidir. Bu tip köhnə texnika ilə Azərbaycanın hər hansısa döyüşdə uğur qazanmasından söhbət gedə bilməz.