İrandakı etiraz aksiyaları ilə bağlı nələri bilir, nələri bilmirik?

Noyabrın 15-dən etibarən İranda etirazlarçılara qarşı zorakılıqla müşayiət olunan aksiyalar başlayıb. Səhəri gün isə ölkədə internetə çıxış kəsilib və İran İnsan Haqları (Iran Human Rights) təşkilatının rəhbəri Mahmud Əmiri-Mogaddam bildirib ki, internetin tamamilə kəsilməsi İran hakimiyyətinin etirazçılara qarşı daha çox zorakılıq tətbiq etmək planlarının göstəricisidir.

İrandakı etirazlar nəticəsində yandırılmış və dağıdılmış yanacaq doldurma məntəqəsi. Foto: Abdolvahed Mirzazadeh / ISNA / AP

Etirazlar niyə başlayıb: İranda etiraz aksiyasının başlamasının əsas səbəbi yanacağa tətbiq olunan subsidiyaların azaldılması, benzinin qiymətinin bahalaşmasıdır. Benzinin qiymətinin bahalaşmasına səbəb isə  ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyadır. İranın Ali dini lideri Ayətullah Əli Xameneyi isə hökumətin benzinin qiyməti ilə bağlı qərarını dəstəkləyib. O, etirazçıları əks-inqilabçılar və İranın xarici düşmənləri tərəfindən zorakılıq törətməyə təhrik edilən “quldurlar” adlandırıb.

Hansı əraziləri əhatə edir: Etirazlar noyabrın 15-də bir neçə şəhərdə başlayıb və tədricən ölkənin digər şəhərlərinə yayılıb. Ölkə əyalətlərinin təxmini 70%-ni əhatə edib ki, bura Azərbaycan türklərinin, ərəblərin, türkmənlərin, kürdlərin, farsların yaşadığı ərazilər də daxildir.

İran kimi günahkar hesab edir: İran həmişəki kimi ABŞ-ı günahlandırır. ABŞ İrandan Nüvə proqramı sahəsində şəffaflığı təmin etməsini tələb edir. İran da bu sahədə şəffaflığı təmin edəcəyini bildirsə də, hərbi doktrinasına görə, hərbi obyektəri xarici ölkələrin üzünə aça bilməyəcəyini bildirir.

Lakin,  ABŞ tələbindən əl çəkməyərək İrandan həmin sahələri açmasını istəyir. ABŞ bu tələbini İranın dediyi sahələrdə atom silahının hazırlanması ilə bağlı məsələlər gizlənməsi ilə əsaslandırır. Bu tələbi yerinə yetirmədiyinə görə də ABŞ İrana qarşı, xüsusilə neft-qaz sahəsinə qarşı sanksiya tətbiq edib. Çünki İranın iqtisadiyyatının əsasını neft və qazdan əldə olunan gəlirlər təşkil edir.

Tehranda baş tutan aksiyalarda etirazçılar yolu bağlayıb. Foto: Majid Khahi / ISNA / AP

Hazırda vəziyyət nə yerdədir: Hazırda İranda güc strukturları vəziyyətə nəzarət edirlər və get-gedə etiraz aksiyaları yatırılır. Eyni zamanda insan hüquqları təşkilatı “Amnesty International”ın yaydığı məlumata görə, aksiyalarda 100-dən çox adam ölüb. Qeyri-rəsmi məlumatlarda deyilir ki, 1000-dən çox aksiya iştirakçısı həbs olunub. İran hökumətinin sözçüsü Əli Rəbii isə noyabrın 18-də mətbuat konfransında deyib ki, iğtişaşlar ötən günlə müqayisədə 80%-dən çox səngiyib.

Ə.Rəbiinin sözlərinə görə, bir sıra cüzi məsələlər qalıb və bir-iki günə tam həllini tapacaq:

Benzinin qiymətinin bahalaşmasından sonra öz məişət durumundan nigaran olan İran vətəndaşları haqlı olaraq dinc etirazlar ediblər. Amma bəziləri bu vəziyyətdən sui-istifadə edərək bankları və yanacaq doldurma məntəqələrini yandırıb, qaz və digər infrastrukturlara ziyan vurublar.

Bundan sonra həbslər və bəyanatların başlanacağı gözlənilir. Eyni zamanda etirazların tamamilə dayanmadığı və davamının olacağı da istisna olunmur.

Neft ehtiyatına görə dünyada 4-cü olan İran, benzinin qiymətinin ən ucuz olduğu ölkələrdən biridir.

O, həmçinin dünyanın ən böyük neft ixracatçılarındandır.