Qadın cinayətləri niyə siyasidir? İzah edirik!

Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 118 qadın ailədaxili şiddətə məruz qalıb. Onlardan 33-ü həmin şiddət nəticəsində dünyasını dəyişib. Digər 85 qadın isə ailə üzvü və yaxınları tərəfindən ya döyülüb, ya da bıçaq, balta, küt alət və çəkiclə vurulub, yandırılıb və müxtəlif cür xəsarət alıblar.

Oktyabrın 20-də Bakıda bir qrup ictimai fəal son günlər artan qadın cinayətlərinə etiraz yürüşü keçiriblər.

Onların şüarlarında biri “Qadın cinayətləri siyasidir” olub. Niyə deyirlər ki, qadın cinayətləri siyasidir? Bunu nə ilə əsaslandırırlar? Dövlət bu sahədə hansı işlər görməlidir? Mikroskopun suallarını hüquqşünas Zaur Qurbanlı cavablandırıb.

Fenimistlərin “Dözmə, yürüş et!” aksiyasından. Foto: Fərqanə Novruzova

1

Niyə deyirlər ki, qadın cinayətləri siyasidir?

Çünki digər insan hüquqları kimi qadın hüquqları da siyasi məsələdir. İnsan hüquqlarının, o cümlədən qadın hüquqlarının pozitiv öhdəlik olaraq təmin edilməsi, neqativ öhdəlik olaraq isə həyata keçirilməsinə mane olmamaq dövlətin borcudur. Qadın hüquqlarının təmin edilməsi sahəsində dövlətin xeyli pozitiv öhdəlikləri var. Hazırda vəziyyətin ağırlığını nəzərə alaraq, dövlət çox iş görməlidir – mühafizə orderləri verməli, sığınacaqlar təşkil etməli, dövlət qulluğunda təmsilçiliyin cinsi bərabərlik əsasında təşkil edilməsinə maksimum nail olmalıdır, lazım gəlsə, minimum qadın işçi kvotası qoymalıdır və s.

Hər hansı bir məsələdə məsələdə dəyişikliyə nail olunmasının dövlətə münasibətdə iki yolu var – maariflənmə və dövlətin həyata keçirdiyi islahat. Adətən, maariflənmə dövlət tədbirlərinə uduzur, çünki siyasi hakimiyyət əldə etmədikcə maarifçilərin resursları az olur. Xüsusilə də, əgər dövlət onlara qarşı əks təbliğat aparırsa, məğlubiyyətləri qaçılmaz olur. Maarifçilik o zaman qalib gəlir ki, bu ideyalar hakimiyyətdə təmsil olunsun. Yəni, bütün cəmiyyəti əhatə edən dəyişikliklər siyasi hakimiyyət tərəfindən dəstəklənmədikcə, onların həyata keçirilməsi ehtimalı azalır. Ona görə də qadın hüquqlarının təmin olunması, qadınlara qarşı cinsi ayrıseçkilik zəminində törədilən cinayətlərin azaldılması və qarşısının alınması məhz dövlətin vəzifəsidir və dövlət bunları etmədikcə ciddi nəticə əldə olunmayacaq.

2

Məişət zorakılığı törədənlərin cəzalandırılması necə olmalıdır? Qanunvericilikdə hansı dəyişikliklər lazımdır?

Bu sahədə dövlətin görməli olduğu əsas işlərdən biri məişət zorakılığının kriminallaşdırılmasıdır. Belə ki, 2009-cu ildə Cinayət Məcəlləsindən 132-ci – döymə maddəsinin çıxarılması nəticəsində faktiki olaraq, qadınlara qarşı zorakılıq edənlərin əl-qolu daha da açılıb. Hazırda döymə nəticəsində zərərçəkmişin sağlamlığında ağır, az ağır və ya yüngül zərər meydana gəlməyibsə, əməldə cinayət tərkibi olmur.

Məsələn, qəsdən adamöldürmə cinayətinin törədilməsi həm o zaman “sadə adamöldürmə” kimi tövsif olunur ki, bu, qısqanclıq zəminində, məişət zorakılığı motivi ilə törədilsin (təbii ki, bu zaman 120.2-ci maddədə nəzərdə tutulan ağırlaşdırıcı hallar olmamalıdır). Halbuki məişət zorakılığı motivi həm qəsdən adamöldürmə cinayətində, həm sağlamlığa zərərvurma cinayətlərində, həm işgəncə və qeyri-insani rəftar cinayətində və digər bu kimi cinayət əməllərində ağırlaşdırıcı hal olaraq, nəzərə alınmalı, qanunvericiliyə müvafiq əlavə və dəyişikliklər edilməlidir.

Ərinin 20 bıçaq zərbəsi ilə öldürdüyü Leyla Məmmədovanın ailəsi onu 5-ci sinifdən etibarən təhsildən kənarlaşdırıb.

3

Valideyn övladını təhsildən yayındırırsa, dövlət nə etməlidir?

Azərbaycan qanunvericiliyinə görə dövlət icbari orta təhsili təmin etməlidir. Yəni, dövlət hər bir vətəndaşına orta məktəbin 1-9-cu siniflərini əhatə edən təhsili verməlidir. Amma bu vəzifəni kimin görməli olması, bu məcburiyyətin həyata keçirilmə proseduru, bu vəzifəni yerinə yetirməməyə və ya yerinə yetirilməsinə mane olmağa görə məsuliyyət nəzərdə tutulmayıb.

Yaxud , Azərbaycan qanunvericiliyinə görə övlada baxmaq, onun qayğısına qalmaq, inkişafını təmin etmək hər bir valideynin borcudur. Amma, bu vəzifəsini yerinə yetirməyən valideynə qarşı hər hansı məsuliyyət tədbiri, cəza prosedur nəzərdə tutulmayıb.

İnsanların qız övladlarını təhsildən kənarlaşdırmasına gəlincə, bunun səbəbləri müxtəlifdir. Başlıca səbəbi korrupsiyanın tüğyan etdiyi, cəngəllik qanunları ilə idarə olunan cəmiyyətə “ailənin namusu” sayılan fərdlərin buraxılmamasıdır. Təbii ki, korrupsiya və digər problemlər bu əmələ haqq qazandırmır. Valideynlər özlərinin həm hüquqi, həm də mənəvi vəzifələri olan övladlarını təhsillə təmin etmək vəzifəsini icra etməlidirlər. Valideynlərin belə davranmasının digər səbəbi də patriarxal düşüncədə, cəmiyyətin liberal-demokratik əsaslarla formalaşa bilməməsindədir.

4

Dünya təcrübəsində təhsildən kənarlaşdırma ilə mübarizə necədir?

Dünya təcrübəsində qısamüddətli, pozitiv diskriminasiya nəzərdə tutan fövqəladə tədbirlər kimi bir çox üsullar görmək olar. Lakin, problemin əsas çıxış yolu bundadır;

  • dövlətin demokratikləşməsi
  • cəmiyyətin liberallaşması
  • dövlət seçkili vəzifələrinin saxta olmayan seçkilərlə formalaşdırılması

Saxta olmayan seçki nəticədə onlar öz seçiciləri, o cümlədən 51%-dən çox seçici – qadınlar qarşısında məsul olacaqlar. Digər çıxış yolları vətəndaş cəmiyyətinə təzyiqlərə son qoyulmasında, bununla da vətəndaş cəmiyyətinin həm də qadın hüquqları sahəsində təşkilatlanmasında, paralel olaraq, dövlətin də öz vəzifələrini yerinə yetirməsində, yuxarıda sadalanan və digər təcili tədbirlərin həyata keçirməsindədir.