Keçmiş heykəl məhbusu Bayram Məmmədovun ölümü ilə bağlı HDP İzmir deputatı Murat Çepni Daxili İşlər Naziri Süleyman Soyluya suallar ünvanlayıb.
Bu barədə məlumatı “Cümhuriyyət” qəzeti yayıb. Məlumatda deyilir ki, millət vəkili Murat Çepni B. Məmmədlinin ölümün daha ətraflı araşdırılmasının vacibliyini vurğulayıb:
Məmmədovun ölümü ilə əlaqədar ətraflı araşdırmalar aparmaq, şübhələri aradan qaldırmaq və hadisəni qısa müddətdə aydınlatmaq lazımdır.
Murat Çepni
Murat Çepni siyasi fəalın MİT (Milli Kəşfiyyat Təşkilatı) tərəfindən izlənidiyini diqqətə çatdırıb:
Yaxınları da Məmmədovun MİT tərəfindən izlənildiyi və daha əvvəl İstanbul Hava Limanında bir məmur tərəfindən dindirildiyini iddia edirlər
Murat Çepni
Deputatın siyasi fəalın ölümü ilə bağlı Nazir Süleyman Soyluya ünvanladığı suallar bunlardır:
- Fəal Bayram Məmmədovun şübhəli ölümü ətraflı araşdırılıb ciddi istintaq aparılacaqmı? Hadisəni törədənlər müəyyən edilərsə, ictimaiyyət ilə paylaşılacaqmı?
- Azərbaycanda tanınan və təqib olunan siyasi fəalın ölümünü Polis İdarəsi niyə ilkin olaraq “şübhəli ölüm” kimi qeydə almayıb?
- Polis İdarəsi Məmmədovun başmaqlarının arxasından dənizə atladığını necə müəyyən etdi? Bu barədə təhlükəsizlik kameralarında görüntülər varmı? Hadisə şahidlərinin polis əməkdaşı olduğu iddiası doğrudurmu?
- Bu hadisədə səhlənkarlıq etdiyi iddia edilən polis və sahil mühafizəsi xidməti əməkdaşlarına cinayət işi açılıbmı?
- Bayram Məmmədov ölümündən əvvəl ailəsinə zəng edərək Bakıya gələcəyini bildirib. Bu vəziyyət polisin ilkin olaraq açıqladığı intihar iddiasına zidd deyilmi?
- MİT-in siyasi fəalı izlədiyi və əvvəllər də onun İstanbul Hava Limanında bir məmur tərəfindən dindirildiyi iddiası doğrudurmu? Bu iddia araşdırılacaqmı?
- Məmmədovun ölümü ilə bağlı Azərbaycan hökuməti ilə görüş olubmu? Hadisənin bütün aspektlərinin araşdırılması üçün Azərbaycan hökuməti ilə əməkdaşlıq edilirmi?
- 2015-2021-ci il may tarixləri arasında nə qədər Azərbaycan vətəndaşı Türkiyədən deportasiya edilib? Deportasiyanın səbəbləri nədir? Bunlardan neçəsi Azərbaycanda həbsdə olmuş şəxslərdir?
- 2015 – 2021 may tarixləri arasında Türkiyədə yaşayan neçə Azərbaycan vətəndaşı şübhəli şəkildə ölüb? Neçə Azərbaycan vətəndaşı intihar edib?
Nə baş verib: Türkiyədə yaşayan B. Məmmədov 2 maydan etibarən yoxa çıxıb. 5 mayda onun dənizdən ölü tapılması barədə dostlarına xəbər verilib. Mayın 9-da isə Bakıda dəfn edilib.
Rəsmi açıqlamada nə deyilir: Kadıköy Polis İdarəsinin yaydığı məlumata görə, Bayram Məmmədov dənizə düşən başmaqlarını götürmək üçün suya atlayıb və bir qədər çırpındıqdan sonra gözdən itib.
Bayramın ölümü niyə suallar yaradır: Polisin rəsmi açıqlaması ilə üst-üstə düşməyən məqamlar var. Polis B. Məmmədovun üzə bilmədiyini desə də, dostları əksinə yaxşı üzə bildiyini iddia edir. Yaxınları və dostları onun ölümünün ciddi araşdırılmasını tələb edir.
Bayramın ölümünə reaksiyalar: Bir qrup gənc ölümün ədalətli araşdırılması üçün #BayramaNeOldu , #VideoKayıtlarıİstiyoruz heştəqləri ilə “Twitter”da kampaniya başladıb.
Bayram Məmmədov kimdir: 2016-ci il mayın 9-dan 10-na keçən gecə Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə eks-prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” yazıb. Daha sonra onların hər ikisi narkotik ittihamı ilə həbs edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. “Amnesty International” təşkilatı fəalları “vicdan məhbusu” elan edib. Hər iki fəal 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.