Koronavirusun “COVID-19” adlanan yeni növü geniş yayılana qədər əksəriyyət pandemiya deyəndə ən birinci “İspan qripi”ni ağlına gətirirdi. Səhv adlandırılan və H1N1 alt qrupuna aid olan bu virus barədə səhv təsəvvürlər də var. Həm “İspan qripi”, həm də “COVID-19”-un pandemiya olması əsassız qorxular da yaradır. 1918-ci ildə yayılmağa başlayan “İspan qripi” həmin dövrdə dünya əhalisinin 5%-i, təxminən 50-100 milyon arasında insanın ölümünə səbəb olub. Yarım milyarda yaxın insanın isə bu virusa yoluxduğu ehtimal edilir.
Çoxları hesab edir ki, bu virus tarixdə ən böyük pandemiyadır və onun yaranması, yayılması, nəticələri ilə bağlı tarixçilərin irəli sürdüyü çoxsaylı fərziyyələr var. Bu da eyni zamanda informasiya qarışıqlığı yaradıb və adi insanların bir çoxunda virus barədə yanlış təsəvvürlərin yaranmasına səbəb olub. Bu yazıda həmin pandemiya haqqındakı 5 səhv təsəvvürdən söhbət gedəcək.
Pandemiya İspaniyada yaranıb
Heç kim “İspan qripi”-nin İspaniyada meydana gəldiyinə əmin deyil. Ehtimal olunur ki, pandemiyaya bu ləqəb o dövrdə davam edən Birinci Dünya Müharibəsinə görə verilib. Bu müharibədə iştirak edən Almaniya, Avstriya, Fransa, İngiltərə və ABŞ kimi böyük ölkələr düşmənlərini həvəsləndirmək istəmirdilər, buna görə görə xəstəliyin miqyası barədə məlumatları gizlədirdilər. Müharibədə neytral olan İspaniyada isə qripi gizlətməyə ehtiyac yox idi. Gizlilik olmadığına görə, qrip mediada açıq müzakirə olunurdu. Dövlətin baş verənlərlə bağlı açıq danışması xəstəliyə İspaniyanın “liderlik” etdiyi və qripin da elə burada yarandığı barədə yanlış təsəvvür yaratdı. Nəticədə virusa “İspan qripi” ləqəbi verildi.
“İspan qripinin” ilk dalğası ən ölümcülü idi
“İspan qripi” pandemiyasının 3 dalğası müşahidə olundu. İlk dalğa 1918-ci ilin birinci yarısını əhatə edirdi. Həmin ilin oktyabrından dekabrına qədər ikinci dalğa, 1919-cu ilin yazında isə 3-cü dalğa müşahidə olundu. Birinci dalğada ölənlərin sayı nisbətən az idi, ən çox ölüm halı isə ikinci dalğada qeydə alınıb. Üçüncü dalğa xəstəliyin ilk dalğasından daha ölümcül olsa da, ikinci dalğa ilə müqayisədə ölənlərin sayı az idi. Alimlər hesab edir ki, ikinci dalğada ölüm hallarının nəzərə çarpacaq dərəcədə artmasına virusun yayılması üçün münbit şərit səbəb olub. Belə ki, xəstəliyi yüngül keçirən insanlar evdə qaldıqları halda, daha ağır keçirənlər xəstəxana və düşərgələrə axışıb. Bunun nəticəsində də virus daha çox insana yayılıb. Hazırda COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün insanlara evdə qalmaqla bağlı çağırış edilməsi də bu təcrübədən irəli gəlir.
Həmin dövrdəki müalicə üsulları xəstəliyə az təsir etdi
1918-ci ildəki pandemiya zamanı heç bir xüsusi anti-virus müalicəsi aparılmamışdı. Qripə qarşı tibbi xidmətin əksərən xəstələri müalicə etməkdən daha çox, onları virusla mübarizədə dəstəkləməkdən ibarət idi. Bu, bu gün də demək olar ki, belədir. Fərziyyələrdən birinə görə, həmin pandemiyada ölümünün artmasına əslində aspirin zəhərlənməsi səbəb olub. Həmin dövrdə tibb təşkilatları gündə 30 qrama qədər böyük dozada aspirin qəbul etməyi tövsiyə edirdilər. Hazırda isə bu rəqəm təxminən dörd qramdır. Amma bu fərziyyəni qəbul etməyənlər deyir ki, həmin dövrdə aspirin dünyanın hər yerində asanlıqla tapılmırdı, buna görə də aspirin ölüm hallarının artmasına səbəb ola bilməzdi.
Pandemiya I Dünya Müharibəsinin gedişatını dəyişdirdi
Qripin Birinci Dünya Müharibəsinin nəticələrini dəyişdirməsi ehtimalı azdır, çünki virus müharibədə iştirak edən dövlətlərin döyüşçülərinə demək olar ki, eyni dərəcədə təsir etmişdi. Amma pandemiyanın müharibənin gedişatına güclü təsir etdiyinə şübhə yoxdur. Milyonlarla əsgərin bir yerdə sıx təmasda olması, virusun daha aqressiv inkişafına və dünyada yayılması üçün ideal şərait yaratdı.
Dünya bu gün pandemiyaya 1918-ci ildəkindən yaxşı hazır deyil
Bu gün elm adamları çoxlu sayda xəstə və ölünü necə təcrid etmək və müalicə etmək barədə daha çox şey bilirlər. Həmçinin həkimlər bakterial infeksiyalara qarşı mübarizə üçün 1918-ci ildə mövcud olmayan antibiotiklər hazırlamağı bacarır. Həmin dövrdə də olan sosial uzaqlaşma və əl yuma kimi ümumi qaydalarla yanaşı bugünkü müasir tibb vaksinasiya və virus əleyhinə daha yaxşı dərmanlar hazırlaya bilir.
Yaxın gələcəkdə viral epidemiyalar insan həyatının adi bir hissəsinə çevriləcək. İndi ancaq ona ümid etmək olar ki, COVID-19-un qarşısını almaq üçün 1918-ci ildəki pandemiyadan kifayət qədər yaxşı dərslər alınıb.
Müəllif: Rəhim Xoyski