2019-cu ildəki gedişat altı ölkənin demokratik trayektoriyalarını dəyişdirib. Bu 6 ölkə “Freedom in the World”-ün diqqət mərkəzində olan on ölkənin siyahısından seçilib. Həmin ölkələrin 2020-ci ildə istər demokratiyaya doğru, istərsə də ondan uzaqlaşmaq istiqamətində atdığı addımları xüsusi izləməyə hetiyac var. “Freedom House” hesab edir ki, siyahıdakı bu 6 ölkəni bu il ərzində izləmək lazımdır.
Boliviya
Boliviyanın yerli əhalidən seçilən ilk prezidenti Evo Morales, 2019-cu ilin noyabrında müxalifətin prezident seçkilərinin nəticələrini saxtalaşdırıldığı barədə iddialardan sonra başlayan ümumxalq etirazları arasında istefa verdi. Dekabr ayında Amerika Dövlətləri Təşkilatı (OAS) səsvermənin yekun nəticələrini dərc etdi və “səsvermədə xalqın iradəsini dəyişdirməyə yönəlmiş qəsdən əməllərin” olduğunu təsdiqlədi. Morales və bir çox digər yüksək vəzifəli məmurun istefasından sonra senator Janin Anez (Jeanine Áñez) özünü müvəqqəti prezident elan etdi. Rəsmi təyinat üçün qanunverici orqanda lazım olan kvorum olmasa da, Konstitusiya Məhkəməsi bu addımı tez bir zamanda təsdiqlədi. O, Moralesi dəstəkləyən aksiyaları yatırmaq, daxili sabitliyi yenidən təmin etmək üçün təhlükəsizlik qüvvələrinə toxunulmazlıq üçün kart blanş verdi, onun özünü tənqid edənlərə qarşı təzyiqlər göstərməyə başladı. Boliviyada 2020-ci ildə daha stabil və təmsilçi siyasətin bərpa edilib-edilməyəcəyi mayın əvvəlinə təyin olunan seçkilərdən sonra məlum olacaq.
Haiti
Haiti 2019-cu ildə əsasən hökumətin adi işlərinə mane olan, eləcə də köhnə və yeni problemlərin həllinə mane olan siyasi dalanla mübarizə aparıb. Bu dalan, prezident Jovenel Moiz ilə parlament arasında 2019-cu ilin martında keçmiş baş nazir Jan-Anri Seanın səlahiyyət müddəti başa çatmadan səsvermə ilə vəzifəsindən uzaqlaşdırılmasının nəticəsi idi. Bu da Parlament seçkilərinin qeyri-müəyyən vaxta təxirə salınması ilə nəticələndi. Seçki keçirilmədiyinə görə bu ilin yanvarından etibarən Haiti qanunverici orqanında əksəriyyətin səlahiyyət müddəti bitdi və prezident Moiz ölkəni fərmanlar vasitəsilə idarə etməyə başladı.
Bunun ardınca isə ölkə yanacaq çatışmazlığı və kütləvi etiraz aksiyalarına görə iflic oldu. Etirazçılar Moizin Venesuelladan alınan 3,8 milyard dollar yardımı sui-istifadə etdiyini iddia edir və onun istefasını, korrupsiyaya son qoyulmasını tələb edirdilər. Aksiyalar zamanı məktəblər, xəstəxanlar və bizneslər sentyabrdan dekabra qədər bağlandı və zorakı müdaxilə nəticəsində 35 etirazçı öldü. Bu ilin aprelindən Moiz ölkəni siyasi boşluqda təkbaşına idarə edir və böhran ölkənin bir çox hissəsində özünü göstərir.
İran
İranın günü-gündən pisləşən iqtisadiyyatı ilə paralel benzinin qiymətindəki ciddi və kəskin artım, 2019-cu ilin noyabr ayında ölkə daxilində kütləvi etirazlara səbəb oldu. Təhlükəsizlik qüvvələri etirazlara amansız cavab verdi, silahsız nümayişçilərə atəş açdı və bu, bəzi mənbələrə görə, 304, bəzilərinə görə isə 1500 nəfərin ölümü ilə nəticələndi. Aksiyada iştirak etdiyi üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan bəzi şəxslərə işgəncə verildiyi barədə məlumatlar da yayıldı. Hökumətin etirazları yatırtmaq üçün atdığı digər addım ölkədə internetin tamamilə kəsilməsi oldu. Bununla hökumət medianın ölkədəki repressiyalar barədə məlumat vermək imkanını əlindən aldı. İnternetin kəsilməsi həm də gələcək repressiyalar üçün maneələrin aradan qaldırılması narahatalığını doğurur.
Nigeriya
2019-cu ilin fevralında keçirilən seçkilər, ciddi qanun pozuntuları, geniş miqyaslı hədə-qorxu və siyasi zorakılıqla yadda qalıb. Seçkilərin başlamağına bir neçə saat qalmış seçki komissiyası onu bir həftə təxirə saldı və bununla da Nigeriya seçki tarixində ən aşağı seçici fəallığı qeydə alındı. İqtidarda olan Muhammadu Buhari ardıcıl ikinci dəfə seçkidə qalib gəldi. Səsəvermə prosesindəki pozuntulara baxmayaraq beynəlxalq müşahidəçilər nəticələri etibarlı hesab etdi. Müxalifətin milli səviyyədə ilk qələbə qazandığı və hakimiyyətin dinc yolla əvəzləndiyi məşhur 2015-ci il seçkilərindən sonra 2019-cu il sorğuları nəticədə reallaşmayan demokratik nailiyyətlərin və etibarlı seçki prosesinin möhkəmlənməsinə ümid yaratdı.
Türkiyə
Türkiyədəki müxalifət, 2019-cu ilin martında keçirilən bələdiyyə seçkilərində ölkənin ən böyük iki şəhəri – İstanbul və Ankarada qələbə qazandı. İstanbuldakı seçki hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təzyiqi ilə Ali Seçki Şurası tərəfindən yenidən keçirilsə də, müxalifət yenə mübarizəni qazandı. Bu qələbələr Prezident Rəcəb Tayyib Ərdoğanın və AKP-nin səlahiyyətlərinin məhdudluğunu göstərsə də, hökumət il boyu və 2020-ci ildə insan hüquqlarını məhdudlaşdırmağa davam etdi. Bir çox müxalif siyasətçi və vətəndaş cəmiyyəti fəalı dövlətin Suriyanın şimalındakı son hərbi hücumuna qarşı çıxdığına görə saxlanıldı və ya həbs edildilər.
Sudan
2018-ci ilin dekabrından başlayan davamlı etirazlar, Prezident Omar el-Bəşirin 2019-cu ilin aprelində devrilməsi və 30 illik hakimiyyətin bitməyi ilə nəticələndi. Bu 30 illik hakimiyyətlə bağlı həm də çoxlu sayda müharibə və soyqırım iddiaları var idi. Əl Bəşirin yerinə gələn hərbi xunta ilə bağlı narazılıqlar iyun ayında Hartumda 127 etirazçının öldürülməsiylə nəticələndi. Silahlı qüvvələr amansız təzyiq göstərsə də etirazlar davam etdi. Aksiya liderləri nəhayət hərbi xunta ilə razılıq əldə edəndən sonra nümayişlər başa çatdı. Avqust ayında ölkəni idarə edən hərbi şura ilə birlikdə 2022-ci ildə azad və ədalətli seçki keçirilməsinə ümid verən müvəqqəti hökumət quruldu. Hərbi qüvvələrin güc bölgüsü barədə sazişə əməl edib-etməyəcəyi hələ məlum deyil. Buna baxmayaraq Sudan 2020-ci ilə vətəndaş cəmiyyəti üçün nisbətən daha yaxşı şəraitin yaradılması və siyasi dəyişikliklər üçün zəmin ola biləcək real irəliləyişlərlə girib.
Tərcümə: Rəhim Xoyski