Mənbə: The Guardian
Tərcümə: Lamiyə Göycəyeva
“Son göstərişlər” (Last Orders) əsəri Buker mükafatına layiq görüldükdən 25 il sonra yazıçı ilə söhbət etdik.
Buker mükafatı alan romanının nəşrindən iyirmi beş il sonra Qrem Svift (Graham Swift) bir günlük Marqreyt səfərindən bəhs edən hekayəsinin ona həyatının ən böyük uğurunu necə qazandırması barədə danışır.
1990-cı illərin əvvəllərində “Son göstərişlər”i qələmə alanda yaşım qırxı keçmişdi. Atam yenicə vəfat etmişdi. Roman onun həyatdan köçməsinə reaksiyam idi və ona həsr edilmişdi. Bu, mənim ilk real etirafım idi ki, “həyatın ortasında hamımız ölüm astanasındayıq”. İndi pandemiya hər gün bunu bizə öyrədir.
Ədəbi səyahətimin hələ uşaqlıqdan başladığını, yazıçı olmaq istəyimin toxumlarının uşaqlıqdan atıldığını həmişə hiss etmişəm. Əgər o dövrdə bu, körpə uşağın sadəlövh arzusundan başqa bir şey deyildisə, sonradan bu istək gücləndi və bütün həyatımın məqsədinə çevrildi. Ailəmizdə yazıçı olmayıb və məni yazıçılığa, ya da başqa bədii sahəyə gətirib çıxara biləcək mühitdə böyüməmişəm. Atam Londonda darıxdırıcı bir ofisdə kiçik dövlət qulluqçusu idi. Həmin dövrdə o, özünü “diyircəkli qələmin köləsi” adlandırırdı. Müharibədə qırıcı təyyarə pilotu idi. Məndə fərqli bir qələmin köləsi olmaq kimi təəccüblü bir istək yarananda atam arzumun qarşısına keçmədi. Çünki hamısı mənim fikrim idi.
Uşaqlığım 1950-ci illərə təsadüf edir. Onda televiziya hələ asudə vaxt keçirmək üçün ən geniş yayılmış əyləncə vasitəsinə çevrilməmişdi. Evdə əsas əyləncə növləri radio və mütaliə idi. Belə götürəndə, hər ikisi söz sənətidir. Çox güman, ilk hekayə kitablarımı da onda oxumuşam (yalnız oxumağı öyrənmək üçün deyil, sırf zövq almaq üçün mütaliə etdiyim ilk hekayələri nəzərdə tuturam). Və bir çox uşaq kimi mən də onlara heyran olmuşdum. Lakin əksər uşaqlardan fərqli olaraq, yəqin, öz-özümə demişdim ki, görəsən, kitab səhifəsi yarada bilən insanlardan biri olmaq əla olmazdımı? Bu barədə çox fikirləşməmişdim və əlbəttə ki, məlum qabiliyyətlərin bununla heç bir əlaqəsi yox idi, ona görə arzumla maşın sürməyi öyrənmək istəyi arasında elə böyük fərq yox idi.
Amma ilişib qalmışdım. Belə demək olar ki, yazıçı olmaq arzum formalaşdı və ömrümün qalan hissəsini bu arzumu gerçəkləşdirməyə həsr etdim. Yazıçı doğulmamışdım – guya kim yazıçı doğula bilər ki? – yazıçı olmalı idim. Bir dəfə də olsun nə arzuma, nə də yazıçıya çevrilmək üçün keçdiyim uzun, bəzən ağır prosesdən peşman olmamışam. Onlar mənim həyatıma məna qatdılar.
Onlar mənə həyat – şüurlu şəkildə başqaları ilə bölüşə bildiyim bir şey bəxş etdilər – bunu oxucularımın məktublarından bilirəm. Düşünürəm ki, bədii ədəbiyyat əslində intim ünsiyyət, mübadilə aktıdır. Yaxınlığın, səmimiyyətin bir həddi yoxdur. Hekayəyə cəlb olunmaq tək olmadığını bildiyində qucaqlanmaq kimidir. Oxucularda yeni duyğular oyana bilər, onlar özlərini yad ölkəyə gəlmiş biri kimi hiss edə bilərlər. Bu insanlar kimdir? Niyə onlar mənim üçün belə əhəmiyyətlidir? Ancaq hekayə uğurlu olsa, onlar bir nöqtədə özlərinə deyəcəklər: “Dayanın, mən də orada olmuşam”.
“Son göstərişlər”də hadisələr bir çox romanımda olduğu kimi İngiltərənin kiçik bir bölgəsində cərəyan edir. Əsər Londondan Kentin şimal sahilindəki Marqeytə cəmi-cümlətanı 50 millik səyahəti əhatə edir. İngiltərədən kənarda insanların çoxu Marqeyt haqqında heç nə bilmirlər. Lakin mənim romanım təkcə İngiltərənin kiçik bölgəsi və ya Marqeyt haqqında ola bilməz, çünki onun nəşr olunmasından keçən 25 il ərzində əsər bir çox dilə tərcümə edilib və dünyanın dörd bir yanından onu oxuyan insanlar özlərinə xas bir tərzdə “mən də orada idim” söyləmək üçün mənə yazıblar.
Deyəsən, dəniz məni cəlb edir. Dəniz bir neçə kitabımda iştirak edir. Sonuncu “Bu da biz” (Here We Are) romanımın böyük bir hissəsi təkcə Braytonda deyil, eyni zamanda Brayton körpüsündəki teatrda cərəyan edir. Şübhəsiz, bura hamımızı özünə çəkir. Dəniz çox maraqlı və paradoksal yerdir. Biz zövq almaq üçün ora gedirik, eyni zamanda bura torpaqla suyun birləşdiyi elementar zonadır. Ona görə bura, qayalı və ya qayasız, sözsüz, təhlükəlidir. Bunu dənizkənarı körpüdən – qəsdən təhlükəli gurultulu dalğaların üzərində tikilən, əyləncə və dəmdəməkilik üçün nəzərdə tutulan kövrək binadan daha yaxşı heç nə ifadə edə bilməzdi.
“Son göstərişlər” sadəcə “İngiltərənin bağı” adlanan yerdən sahilə birgünlük səfər deyil, hər birimiz üçün qaçılmaz olan ölüm vasitəsilə maddi və mənəvi dünyaya fundamental səyahətdir. Amma bu romanın ölüm haqqında olduğunu və ya xüsusilə ağır kitab olduğunu söyləmək doğru olmazdı. Bir çox cəhətdən, söhbət ölümün yolunda dayanan həyatdan gedir. Təhkiyədə bu cür hallara tez-tez rast gəlinir və onlar olduqca gülməli ola bilirlər. Hətta deyərdim ki, “Son göstərişlər” əslində, komik romandır. Bu, mənə çox şey – ciddi bir şeyin necə gülməli ola biləcəyini öyrədib. Həyata nə faciəvi, nə də komik baxış heç vaxt tam və doğru olmayacaq, ancaq onların ahəngi doğru ola bilər.
Romanın dili Londonun küçə dilidir. Bu, 90-cı illərin əvvəlində olduğu kimi bir qədər dəyişib parlaqlığını itirən, bütün həyatım boyu eşitdiyim küçə dilidir. “Son göstərişlər” birbaşa küçə dilinin transkripsiyasını vermir, amma ona hörmət edir və onu mətn ilə birlikdə toxuyur. Romanda bu dil daxili dil, fikrin və nitqin dili kimi istifadə edilir. Bu dilin bəzən hazırcavablığa və açıqlığa qadir olduğunu kəşf etmişəm. Və yumor. Bu, “təhsil” dili deyil. Romanın qəhrəmanları sözün əsl mənasında savadlı deyillər, ancaq onlar həyat dərsi alıblar. Kitabın dili onların aldığı dərsin dilidir.
Personajlar – nəinki səfərə çıxmaq üçün Bermondski pabında toplaşan kişilər, həmçinin onları müşayiət etməyən bir və ya bir neçə başqa personaj, o cümlədən mərkəzi qadın obrazı haqqında olduqca şəxsi bir şey əlavə edərdim. İlk gördüyüm gündən bəri onlar məni heç vaxt tərk etmədilər. Romanı yazmağa başlayanda olduğu kimi indinin özündə də onlar mənim yanımdadırlar. Digər romanların personajları ilə də vəziyyət belədir. Onlar geri çəkilmirlər. İlk kitablarım da son kitablarım qədər mənə yaxındır.Onların normal zaman axınından kənarda, hətta personajların kitablardan xaricdə (mənim üçün) mövcud olmaq qabiliyyəti var. Həqiqətən onlarla qarşılaşsaydım, təəccüblənməzdim.
Eynilə bu şəkildə özüm yazmağa başlamadan, hətta bunu necə etmək lazım gəldiyini bilmədən öncə oxuduğum ilk hekayələrdən aldığım heyranlıq hissini itirmədiyimi düşünürəm. Əmin deyiləm ki, qələmə aldığım 14 kitaba boylanıb baxanda “necə”nin nədən ibarət olduğunu söyləyə bilərəm. Bir yazıçı kimi başlanğıc şablonum qələmə almağa başladığım hər individual əsərlə təkrarlanır. Sadə bir işıltı, arzu ilə başlayıram. Onda qarşımda duran tapşırıq həmin arzunu həyata keçirmək olur. On haldan doqquzunda bu arzu da yuxu tək yoxa çıxır, bəzi hallarda və mənim təəccübümə rəğmən, həmişə yazılı hekayədə olduğu kimi konkret, mürəkkəb və qalıcı bir şeyə çevrilir.
Məncə, bədii ədəbiyyatın sehri ilə bağlı düşüncəm karyeram ərzində yalnız və yalnız güclənib. Təəccüblü deyil ki, sonuncu romanımda sehrbaz obrazı var və bu əsər qismən də olsa sehrə həsr olunub. Bədii ədəbiyyat (ingiliscə “fiction” – fiksiya, uydurma) maraqlı, aldadıcı sözdür. Bu, əlbəttə ki, qeyri-real, süni və uydurma deməkdir. Lakin hamımız bilirik ki, yaxşı bir hekayənin əsarətinə düşəndə həmin hekayə bizim üçün reallaşır, canlanır. Burada həqiqət payının olduğunu hiss edə bilərik. Hətta özümüzə “Mən də orada idim” deyə bilərik. Beləliklə, fantastika iddia etdiyi şeyin tam əksinə çevrilmək üçün fövqəltəbii gücə malikdir. Əgər bu sehr deyilsə, bəs nədir?
Daha çox şey deməkdir. Əgər uydurma bu şəkildə canlana bilirsə, onda həmişə həyatın tərəfində olacaq, hətta çox vaxt insan təcrübəsinin ağrılı aspektlərinə toxunanda belə, daim həyati qüvvəyə malik olacaq. Ən yaxşı halda həyatın ən böyük uğuru, ən pis halda ağır dövrlərdə zülmətdə işıq olacaq.