Müəllif: David Boaz
Mənbə: Cato.org
Tərcümə: Bilal Əşrəfov (@bllshrfv)
Mikroskop Media Amerikan düşüncə mərkəzi Cato İnstitutun icraçı vitse-prezident David Boazın yazdığı “The Libertarian Mind” kitabının ilk fəslinin tərcüməsini təqdim edir…
Libertarianizmin açar anlayışları əsrlər boyu inkişaf edərək formalaşıb. İlk izlərinə qədim Çin, Yunanıstan və İsraildə rast gəlmək olar; John Locke, David Hume, Adam Smith, Thomas Jefferson və Thomas Paine kimi on yeddinci və on səkkizinci əsr mütəfəkkirlərinin əsərləri vasitəsilə müasir libertarian fəlsəfə halına gələrək təkmilləşdi.
Fərdiyyətçilik
Libertarianlar, sosial analizin əsas vahidi kimi fərdi görürlər. Sadəcə şəxslər seçim edir və hərəkətləri üçün sadəcə onlar məsuliyyət daşıyır. Libertarian düşüncə, hər bir şəxsin, onların haqlarını, həm də məsuliyyətini özündə cəmləşdirdiyi ləyaqətini əsas götürür. Ləyaqətin –qadınlar, fərqli dinlərə və müxtəlif irqlərə mənsub insanlara– daha çox insana mütərəqqi intişarı(yayılması) Qərb dünyasının böyük libertarian zəfərlərindən biridir.
Fərdi Haqlar
Fərdlər, əxlaqi tərəflər olduqları üçün həyatlarında, azadlıqlarında və mülklərində təhlükəsiz olma haqqına sahibdir. Bu haqlar, hökumət və ya cəmiyyət tərəfindən verilmir; bunlar insan təbiətinə məxsusdur. Fərdlərin bu cür haqların qorumasından istifadə etməsi intuitiv olaraq düzgündür; izah yükü, bu haqqı insanların əlindən alanların üzərinə düşməlidir.
Öz-özünə Nizam
Cəmiyyətdə yüksək səviyyədə nizam, fərdlərin yaşaması və təkmilləşməsi üçün vacibdir. Nizamın, poçt markası kolleksiyası və ya futbol komandası kimi, mərkəzi bir qurum tərəfindən təmin olunmalı olduğunu fərz etmək asandır. Libertarian sosial təhlilin böyük fərasəti budur ki, cəmiyyətdəki nizam öz məqsədlərinə çatmaq üçün minlərlə və ya milyonlarla insanın öz davranışlarını başqaları ilə əlaqələndirməyindən meydana gəlir. Bəşər tarixi ərzində biz sərbəstliyə tədricən daha çox üstünlük vermişik və qarışıq təşkilatlanma ilə mürəkkəb bir cəmiyyət formalaşdırmışıq. İnsan cəmiyyətindəki ən vacib qurumlar –dil, hüquq, pul və bazar– hamısı mərkəzi istiqamət olmadan öz-özünə (özlüyündən) inkişaf edib. Vətəndaş cəmiyyəti –birliklərin və insanlar arasındakı əlaqələrin mürəkkəb şəkəbəkəsi– özlüyündə nizamın başqa bir nümunəsidir; vətəndaş cəmiyyəti daxilindəki birliklər bir məqsəd üçün formalaşır, lakin vətəndaş cəmiyyətinin özü bir təşkilat deyil və tək başına hədəfi yoxdur.
Hüququn aliliyi
Libertarianizm, libertinizm və ya hedonizm deyil. “İnsanlar istədiklərini edə bilər və heç kim heç nə deyə bilməz” iddiası deyil. Əksinə, libertarianizm, insanların başqalarının bərabər haqlarına hörmət etdikləri müddətdə öz həyatlarını davam etdirmək üçün azad olduqları qanun çərçivəsində azad cəmiyyət təklif edir. Hüququn aliliyi, fərdlərin ixtiyari əmrlərlə deyil, hamıya tətbiq olunan və özlüyündən təkmilləşmiş qanuni qaydaları ilə idarə olunması deməkdir; və bu qaydalar fərdlərin xoşbəxtliyə öz yolları ilə getmək azadlığını qorumalı, hər hansı müəyyən bir nəticəyə və hasilə yönəlməməlidir.
Məhdud hökumət
Haqları qorumaq üçün fərdlər hökumət qurur. Ancaq hökumət təhlükəli bir qurumdur. Libertarianların təmərküzləşmiş gücə qarşı böyük bir antipatiyası var, çünki Lord Actonun qeyd etdiyi kimi “Güc korlanmağa meyillidir və tam güc mütləq korlanır”. Beləliklə, gücü bölmək və məhdudlaşdırmaq istəyirlər və ümumən insanların hökumətə verdikləri səlahiyyətləri sadalayan və məhdudlaşdıran yazılı konstitusiya yolu ilə — bu da xüsusən hökuməti məhdudlaşdırmaq deməkdir. Məhdud hökumət libertarianizmin əsas siyasi nəticəsidir və libertarianlar, –dünyanın digər bölgələrindən daha çox– Avropada gücün bölünməsinin, fərdi azadlığa və davamlı iqtisadi böyüməyə gətirib çıxardığına dair tarixi həqiqətə işarə edirlər.
Azad Bazar
Yaşamaq və çiçəklənmək üçün fərdlərin iqtisadi fəaliyyətlə məşğul olmağa ehtiyacı var. Mülkiyyət hüququ qarşılıqlı razılaşma yolu ilə əmlak mübadiləsi haqqına gətirib çıxarır. Azad bazar azad fərdlərin iqtisadi sistemidir və onlar sərvət yaratmaq üçün zəruridir. Libertarianlar inanır ki, insanların iqtisadi seçimlərinə dövlət müdaxiləsi azaldılarsa, onlar həm azad, həm də firavan olacaq .
İstehsalın Fəziləti
XVII əsrdə libertarianizmin təkanının çox hissəsi digər insanların məhsuldar əməyi hesabına yaşayan monarxlara və aristokratlara qarşı bir reaksiya idi. Libertarianlar insanların əməyinin bəhrəsini saxlamaq haqqını müdafiə etdilər. Bu cəhd, işin və istehsalın ləyaqətinə və xüsusən də aristokratlar tərəfindən pis baxılan, böyüməkdə olan orta təbəqəyə hörmət kimi inkişaf etdi. Libertarianlar, Marksistlərdən öncə sinif təhlili hazırlayıb cəmiyyəti iki əsas sinfə böldülər: sərvət istehsal edənlər və onu başqalarından zorla alanlar. Məsələn, Thomas Paine yazırdı: “Cəmiyyətdə vergi verənlər ilə vergi alan və vergi sayəsində yaşayanlar adlı iki fərqli təbəqə var”. Oxşar fikirləri 1824-cü ildə Jefferson da qeyd edirdi: “Bizdə lazım olandan daha çox hökumət mexanizmi, zəhmətkeşlərin əməyi ilə yaşayan çoxlu sayda parazit var.”
Müasir libertarianlar məhsuldar insanların qazandıqlarını saxlamaq haqlarını, onların qazanclarını siyasi müştərilərə və yaxın adamlarına köçürmək üçün ələ keçirəcək yeni bir siyasətçi və bürokrat təbəqəsinə qarşı müdafiə edirlər.
Maraqların təbii harmoniyası
Libertarianlar ədalətli bir cəmiyyətdə dinc, məhsuldar insanlar arasında təbii maraqlar harmoniyasının olduğuna inanırlar. Bir insanın fərdi planları –işə düzəlmək, iş qurmaq, ev almaq və s.– başqalarının planları ilə zidd ola bilər, buna görə bazar bir çoxumuzu planlarımızı dəyişdirməyə gətirib çıxarır. Ancaq hamımız sərbəst bazarın fəaliyyətindən fayda əldə edirik və fermerlər ilə tacirlər, istehsalçılar ilə idxalçılar arasında zəruri qarşıdurmalar yoxdur.
Yalnız hökumət siyasi təzyiq əsasında mükafat verməyə başlayanda, qrup münaqişəsinə qatıldığımızın, bir az siyasi gücün xatirinə təşkilatlanmağa və digər qruplarla mübarizə aparmağa məcbur edildiyimizin şahidi oluruq.
Sülh
Libertarlar əsrlərlə davam edən müharibə bəlası ilə həmişə mübarizə aparıblar. Müharibənin böyük miqyasda ölüm və dağıntı gətirdiyini, ailəni və iqtisadi həyatı pozduğunu və hakim təbəqənin əlinə daha çox güc verdiyini anlayırdılar — bu da hökmdarların barış üçün olan ictimai rəylə həmfikir olmadıqlarını izah edir. Əlbəttə ki, azad kişilər və qadınlar tez-tez öz cəmiyyətlərini xarici təhdidlərə qarşı müdafiə etməli olub, lakin müharibə ümumən münaqişənin hər bir tərəfindəki dinc, məhsuldar insanların ortaq düşməni olub.
… Bu məqamda oxucunun libertarianizmin — fərdiyyətçilik, xüsusi mülkiyyət, kapitalizm, bərabərlik deyə müasir düşüncənin standart çərçivəsi kimi göründüyünə dair ehtimalını qəbul etmək məqsədəuyğun ola bilər. Həqiqətən də, əsrlər boyu davam edən fikri, siyasi və bəzən şiddətli mübarizədən sonra, bu təməl azadlıq prinsipləri ən azı Qərbdə və getdikcə dünyanın digər yerlərində müasir siyasi düşüncənin və müasir hökumətin əsas quruluşuna çevrildi.
Bununla yanaşı, üç əlavə məqama da toxunulmalıdır:
Birincisi, libertarianizm yalnız bu genişhəcmli liberal prinsiplərdən ibarət deyil. Libertarianizm bu prinsipləri, tam və ardıcıl surətdə, əksər müasir fikir adamından daha çox və əlbəttə ki, hər hansı bir müasir hökumətdən daha çox tətbiq edir*.
İkincisi, cəmiyyətimiz ümumiyyətlə bərabər hüquqlara və kapitalizmə söykənirsə də, hər gün bu prinsiplərə dair müxtəlif paytaxt şəhərlərində yeni istisnalar ortaya çıxır. Hər yeni hökumətin direktivi azadlığımızı bir az da əlimizdən alır və hər hansı bir azadlıqdan imtina etməzdən əvvəl diqqətlə düşünməliyik.
Üçüncüsü, liberal cəmiyyət möhkəmdir; bir çox yükə tab gətirə və çiçəklənməyə davam edə bilir; lakin hüdudsuz dərəcədə dayanıqlı deyil. Liberal prinsiplərə inandıqlarını iddia edən, lakin məhsuldar insanlar tərəfindən yaradılan sərvətin getdikcə daha çox müsadirə edilməsini, könüllü qarşılıqlı fəaliyyətə getdikcə daha çox məhdudiyyətlərin gətirilməsini, mülkiyyət haqlarına və hüququn aliliyinə istisnaların getdikcə daha çox olmasını, daha çox gücün getdikcə cəmiyyətdən hökumətə köçürülməsini müdafiə edənlər, son mərhələdə istəmədən sivilizasiyanın ölümcül bir formada sarsılmasına səbəb olurlar.