Mənbə: Kinipoisk.ru
Müəllif: Vasili Koretski (kinotənqidçi)
Tərcümə: Lamiyə Göycəyeva
Bu yaxınlarda Sem Levinsonun (Sam Levinson) kişi və qadın, müəllif və ilham mənbəyi, rejissor və mətbuat arasındakı mürəkkəb münasibətlərdən bəhs edən ağ-qara kamera filmi “Netflix” platformasında yayımlandı. Necə oldu ki, əsəbi dramadakı məşqlər həm kəskin satiraya çevrildi, həm də “Sübut” (TENET) və “Eyforiya” (Euphoria) ulduzlarının aktyor kimi kəşf edilməsinə gətirib çıxardı? Kinotənqidçi Vasili Koretski köşə yazısında bu suala cavab tapmağa çalışır.
Kişi (John David Washington) və qadın (Zendaya) gecə vaxtı birincinin debüt filminin premyerasından qayıdırlar. Gecə saat birdir. Kişi artıq sərxoşdur və çox şəndir. Qadının vəziyyəti normaldır. Ancaq bu, uzun çəkmir. Onlar studiyanın kirayələdiyi qət təzə kottecə daxil olurlar. Qadın xromla parıldayan qablarda kişiyə pendirli makaron hazırlayır. Kişi özünə yüz qram viski tökür, qalstukunu çiyninin üstünə atır və böyüklüyündən, uğurudan, qadının nə qədər dəli olmasından danışa-danışa yeməyini yeməyə başlayır. Qadın sakitcə ona gülür. Ta ki inciklik üstün gələnədək: əslində kişi filmini qadının bioqrafiyasının (narkotik maddələr, müalicə, depressiya) motivləri əsasında çəkib, lakin baş rolda başqasını oynadıb. Üstəlik, nitqində qadına təşəkkür etməyib. Sonra ittiham etmək növbəsi kişiyə çatır. O, “Google”-da filmlə bağlı ilk rəyləri oxumağa qaçır. Sonra filmi tamam başqa məsələyə görə tərifləyən “Los Angeles Times” nəşrinin tənqidçisi payını alır. Ardınca duel yeni güclə davam edir.
Sem Levinsonun filmi hər ekran işinə darıxdırıcı ideoloji stereotiplər xətkeşi ilə yaxınlaşan Amerika mətbuatının üzünə çırpılan əlcəyə oxşayır. “Bu kino Amerika psixiatriyasının institutlaşdırılmış irqçiliyindən bəhs edir”, — Malkolm həmin rəyi nifrət hissi ilə oxuyur. Bu hökmdür! Bu cür tərifdən sonra “məhlə uşaqları” dəqiq kinonu izləməyə getməyəcək! Levinsonun “Los Angeles Times” ilə öz haqq-hesabı var: vaxtilə nəşrin frilanser tənqidçisi Keti Uolş (Katie Walsh) onun “Qatil milləti” (Assassination Nation) adlı debüt filmini kəskin tənqid edib. Lakin ağdərili rejissorun ağzı ilə danışan qaradərili (vacib nüansdır) rezonyor qəhrəman Malkolmun əsas şikayəti ümumiyyətlə tənqidçi zehniyyəti ilə əlaqədardır: daim əxlaqi nəticə və mesaj axtarışı absurddur, kinonu məhv edir. Bu baxımdan Levinson fərqli davranış nümayiş etdirmir: hələ 1960-cı illərin ortalarında Syuzen Zontaq (Susan Sontag) qələmə aldığı “İnterpretasiyaya qarşı” (Against Interpretation) essesində yazırdı ki, incəsənəti birbaşa qəbul etmək zövqündən məhrum olmamaq üçün müəllifin söyləmək istədikləri barədə az düşünmək lazımdır.
“Malkolm və Mari” filmində dialoqların üçdə biri faktiki olaraq Amerika gündəliyində duran mövzularla (identiklik siyasətinin tənqidi, klassik Hollivud və rəngsiz kino haqqında sinefil fikirlər) bağlı “stand-up”dır. Ekran işindən zövq almaq mümkündürmü? Şübhəsiz, hə! Bunu filmin “Rotten Tomatoes”-dakı reytinqi də sübut edir. “Kişi qəhrəman tənqidçi qadını yüksək səslə lağa qoya bilərmi?” – tənqidçilərin bu məsələni müzakirə etdiyi, filmlə bağlı qəribə şikayətlər (“Zendeya hər replikasından öncə nəfəsini saxlayır”) irəli sürdüyü bir vaxtda tamaşaçılar filmi “yenilik” kateqoriyasında 76% qiymətləndirir.
Həqiqətən, Sem Levinsonun kamera dramındakı qəhrəmanların yerində təkcə müasir rejissorlardan birini deyil, eyni zamanda özünüzü də asanlıqla təsəvvür edə bilərsiniz. İnsan və ailə dramı həmişə aşağı-yuxarı eyni cür olur. Fərqi yoxdur, istər indi olsun, istər Berqman (Ingmar Bergman) və Georgi Natansonun dövründə olsun; istər Con Kassevitisin (John Cassavetes) filmləri olsun (Levinson özünü bir az Kassavetisə oxşadır), istər Edvard Olbinin (Edward Albee) pyesləri olsun (Levinsonun filmini dərhal “Virciniya Vulfdan kim qorxur”/ Who’s Afraid of Virginia Woolf? ilə müqayisə etdilər). Ola bilsin, Malkolmun monoloqlarında dəbdə olan tənqidi nəzəriyyələr və döyüşlərin əks-sədasını hamı sezə bilməsin. Amma mətbəxdə basıb makaron yeyən və eyni zamanda həmin makaronu bişirən qadını üzən özündənrazı sərxoş kişinin görünüşü hamıya yaxşı tanışdır.
Xoşagələn məqam odur ki, filmdə həqiqətən əxlaqi nəticəyə gəlinmir. Levinson süjeti teatr tamaşasının köhnə qaydaları əsasında qurur: mübahisə şahmat partiyası kimi təşkil olunub – kişi və qadın sanki növbə ilə səhnənin kənarına çıxır və kiçik monotamaşa ifa edirlər. Burada Zendeyanın istedadını xüsusi vurğulamaq lazımdır. Bu, aktrisanın ilk “yetkin” roludur və o, bunun öhdəsindən asanlıqla gəlib. Yaratdığın obraz canlı qəhrəmandan daha çox rejissor manifestində funksiya olanda, bu, daha çətin olur. Vaşinqton ambisiyalı əclaf rolundan açıq-aşkar həzz alır, onun çatışmazlıqlarını ironiya ilə yumşaldır. Hər yeni monoloqla gərginlik artır, qarşılıqlı qınaqlar toksik xarakter daşıyır, bununla yanaşı, qəhrəmanlar faktiki olaraq bir-birlərinə od saçırlar. Deyəsən, indiki dövrdə heç bir münasibət bu cür ittihamlardan sonra tab gətirə bilməz.
Və budur, Levinson günahkarı göstərmək yerinə, avtomobildən çıxan tanrı kimi köhnəlmiş bir anlayışı – məhəbbəti işə salır. Bu məhəbbətlə bağlı çoxlu sual meydana çıxa bilər. Levinson və aktyorlar üçün sevgi hissdən daha çox əxlaqi kateqoriyadır. Onun ortaya çıxması nümayişkaranə şəkildə edilmir və finaldakı barışıq söhbəti arxa planda gedir, danışığı eşitmək mümkün olmur; qəlbi qırıq birini oynamaqdansa kino-tənqidi lağa qoymaq Vaşinqton üçün daha asan və daha əyləncəlidir. Digər tərəfdən, filmin açıq-aşkar iki hissəyə (izləyicinin fiziki hiss etdiyi şiddətli qəzəb və sarkazmlı hissə; “məhəbbət həmişə qalib gəlir” mesajı ilə xoşbəxt sonluqlu hissə) ayrılması rejissorun qəbul etdiyi emosional kinematoqraf konsepsiyasına uyğun gəlir. Sanki Levinson bilərəkdən mesaj axtaran tənqidçilər üçün filmə quru ipucu qoyur, tamaşaçılara isə göz yaşlı, ətli-qanlı, içi dolu tragikomediya verir. Zontaq deyirdi ki, təfsir yerinə sənət erotikasına ehtiyacımız var. Və Levinson ağıllı, ancaq yaramaz tələbə kimi aktrisaların həddən artıq seksuallaşdırılmasından dəm vuran Zendeyanı mayka-tumanda ekrana çıxarır.