Müəllif: Titiou Lecoq
Mənbə: Slate.fr
Tərcümə: Lamiyə Göycəyeva
“Kişiliyin bədəli: kişilər qadınlar kimi davransaydı, Fransa nə qədər vəsaitə qənaət edə bilərdi” (Le coût de la virilité: Ce que la France économiserait si les hommes se comportaient comme les femmes) kitabının müəllifi Lüsil Peytaven (Lucile Peytavin) bizim nə qədər avam olduğumuzu göstərir. Feminist çevrələrdən kənarda cəmiyyət, xüsusilə kütləvi informasiya vasitələri və siyasətçilər zorakılığı heç vaxt cinsi mənsubiyyət və maskulinlik aspektində qiymətləndirmirlər. Hazırda baş verən hadisələrə nəzər yetirsək, “quldur dəstələrinin küçə davaları” ilə əlaqədar verilən xəbərlərdə maskulinlik problemini görməmək mümkün deyil. “Slate.fr” nəşrinin jurnalisti, blogger Tutyu Lekok (Titiou Lecoq) öz köşə yazısında məsələyə aydınlıq gətirir. Həmin məqaləni ixtisarla təqdim edirik.
Peytavenə görə, bəzi siyasi partiyalar cinayətkarların etnik mənşəyini vurğulamaq istəyir; ancaq ümumilikdə cinayətkarların cinsi mənsubiyyətinin qeyd edilməsinə şahid olmamışıq. Əldə olunan statistik məlumatlara və müşahidələrə əsasən məlum olur ki, məhkumların təxminən 4%-ni qadınlar təşkil edir, kişilər isə ədliyyə sisteminin məşğul olduğu cinayət işlərinin və qanun pozuntularının əksəriyyətində müqəssir qismində çıxış edir.
Məntiqi bir nəticəyə gəlirik: məhkəmə sistemi və polis orqanlarına ayrılan büdcənin böyük bir hissəsi kişilərə xərclənir. Bəs kişilik bizə neçəyə başa gəlir?
Çaşdırıcı bir sual meydana çıxır: kapitalist sistem qatı patriarxal olduğu üçün bu sistemdə kapital yaratmaq kişilərə xas müəyyən xüsusiyyətlər və davranışlar tələb edir. Bu, bir növ öz quyruğunu dişləyən ilana oxşayır. Maskulinliyə əsaslanan sistemdə maskulinliyin bədəlini necə qiymətləndirməli? Maskulinliyin müxtəlif aspektlərinin ortaq cəhəti ondan ibarətdir ki, onlar sosial normaları dağıdır, dolayısıyla cəmiyyəti bütövlükdə xərcə salırlar. Maraqlısı da odur ki, kapitalizmin özü insanları qayda pozmağa sövq edir. Və maskulinlik elə qurulub ki, o da qaydaları pozmağa təhrik edir. Əslində sistem bizə qaydaları necə pozmalı və eyni zamanda necə ələ keçməməli olduğumuzu deyir.
Kişilərlə bağlı ziddiyyətli gözləntilərimizin səbəbi də məhz budur. Təlimat iki başlı dəyənəyə oxşayır: ağıllı olduğunuzu göstərmək üçün qaydaları pozmalısınız, ancaq ələ keçsəniz, sizi cəzalandıracaqlar.
Lüsil Peytaven növbəti müşahidəsini bu şəkildə ifadə edir: “Mərhəmət hissindən məhrum maskulinlik cəmiyyətimizi və iqtisadiyyatımızı qarabaqara izləyir. Bununla yanaşı, bu ideya nəsildən nəsilə ötürülür. Eyni “şizofrenik” məqsədə tabe olaraq onu qabağa çəkirik, eyni zamanda onun mənfi nəticələrinin qarşısını almaq üçün külli miqdarda vəsait ayırırıq”. Bu, oğlan uşaqlarının zorakılığa vərdiş etməsinə səbəb olur (onlar təhlükəli davranış vasitəsilə özlərinə qarşı da bu cür zorakı münasibət sərgiləyirlər), çünki onları qəddarlıq və zorakılıq prinsipləri ilə tərbiyə edirik, bu da onların öz mədəniyyətlərinin və identikliyinin bir hissəsinə çevrilir.
Bütün bunlar anadangəlmə deyil. Problem tərbiyədən qaynaqlanır. Deməli, oğlanları qız kimi tərbiyə etsək, bu, dövlət büdcəsinə daha ucuz başa gələcək. Məsələn, oğlanda riskə, qızda isə təhlükəsizliyə meyl yüksək qiymətləndirilir. Məni ən çox yol təhlükəsizlik qaydaları narahat edir. Ölümlə nəticələnən yol qəzalarında təqsirkarların 84%-i kişilərdir. Sığorta şirkətləri qadın sürücüləri daha az pul ödəməyə məcbur etməkdə yanılmayıblar.
Bununla belə, cəmiyyətimizdə cinayətkarlıq və zorakılığın cinsi aspekti dərk edilmir. Yenə də bərabərlik uğrunda mübarizənin istiqaməti ilə bağlı sual meydana çıxır. İndiyə qədər bu mübarizə qızları oğlanlara bərabərləşdirməklə həyata keçirilirdi, lakin indi dünya kişilərə xas xüsusiyyətlərdən məhrum olmalıdır.