Azərbaycanda sentyabrın 15-dən etibarən benzin qiymətləri artıb. “Aİ-95” markalı benzinin qiyməti 1,60 AZN, “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 AZN-nə qədər yüksəlib. Həmçinin çörəyin də qiymətində artım müşahidə edilib. Bahalaşmadan öncə 45 qəpiyə satılan çörəyin qiyməti 60 qəpiyə, 55-60 qəpik civarında satılan doğranmış çörəklərin qiyməti isə hazırda 70 qəpiyə yüksəlib.
Qiymət artımları ilə bağlı Mikroskop Mediaya iqtisadçı ekspert Natiq Cəfərli danışıb.
Ekspertin sözlərinə görə, çörəyin qiymətində artım, əslində, hər zaman fərqli üsullarla baş verib:
Əvvəllər çörəyin qiyməti sabit qalırdısa, çəkisini azaltmaq yolu ilə qiymət artırılırdı. Son zamanlar çəki o qədər azaldılmışdı ki, artıq texnoloji olaraq daha da azaltmaq mümkün deyildi. Ona görə də qiymət artımına gedilməsinə məcburiyyət yarandı. Buna da səbəb ölkənin buğda idxalından kəskin asılı olmasıdır.
Devalvasiya təhlükəsindən danışan iqtisadçı onun hər zaman mövcud olduğunu deyir:
Bizdə devalvasiya hansısa iqtisadi əsaslara söykənməyən məzənnə siyasəti aparılır. Sırf Mərkəzi Bank və hökümətin təyin etdiyi məzənnə rejimidir. Yəni təyinatla məzənnə olduğu üçün istənilən vaxtda dəyişə bilər.
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Aİ95 və Aİ98 markalı benzin dövlət tərəfindən tənzimlənməyən qiymət növünə aiddir.
Bir neçə il öncə Tarif Şurasının nəzarətindən bu sahə çıxarıldı. O zaman hökumət elan etdi ki, azad bazar şəraitində qiymət formalaşacaq. Yəni dövlət buna qarışmayacaq və rəqabətli mühit olacaq. Lakin bunların heç biri baş vermədi. Bu bazar SOCAR-ın nəzarəti altındadır. SOCAR həmin markalı benzin növlərini gətirən yeganə şirkətdir və bazara qiyməti də o diqtə edir. Azərbaycan Aİ95 markalı benzinin 72%-ini Rusiyadan idxal edir. Son 2 həftədə isə Rusiyada Aİ95 markalı benzinin pərakəndə qiyməti 22 qəpik azalıb. Topdan satış bazarında isə daha da ucuz satılır. Təqribən qiyməti 1 manata yaxındır.Yol xərcini də əlavə etsək 1. 10-1.15 manata ölkəyə gətirmək mümkündür. Belədirsə, niyə 1 manat 60 qəpiyə satılır? Bu suala, təəssüf ki, SOCAR cavab vermir.
Ekspert dünyadakı neft qiymətinin bahalaşıb ucuzlaşmasının ölkəyə təsirindən danışıb:
Dünya bazarında neftin qiymətində artım var. Amma əgər bu sırf dünyadakı neft qiymətlərindən asılı bir məsələdirsə, keçən ilin mart-aprel aylarında neftin qiyməti hətta 16 dollara qədər aşağı düşmüşdü. Həmin vaxt niyə SOCAR benzinin qiymətini aşağı salmadı? Bu məntiqlə gedilirsə, o dönəmdə benzin qiyməti ucuzlaşmalı idi. Ola bilməz ki, dünya bazarında neft qalxan kimi bizdə benzinin qiymətini artırsınlar, amma ucuzlaşanda bunun təsiri olmasın. Bu, anormal bir haldır.
ekspert Natiq Cəfərli