Bu il Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Sazişi”nin Azərbaycan tərəfindən ratifikasiya edilməsinin 20 ili tamam olur. Həmin sazişə əsasən, Azərbaycan 4 ildən bir ölkədə yaşayan xalqlarla bağlı dövri hesabat verməlidir. Ancaq hökümət bununla bağlı Avropa şurasına 2020-ci ildə hesabat təqdim etməyib. Buna görə də alternativ olaraq Azərbaycan Talışları İctimai Şurası dövri hesabat dərc edib.
Hesabatda deyilir ki, talışlar xalq olaraq Azərbaycan hökuməti tərəfindən tanınmır.
Hökumət talışlara münasibətdə faktiki olaraq onları tezliklə assimilyasiya etmək siyasəti yürüdür. “Talış” adı qadağa altındadır. Ölkədə talış adında heç bir QHT qeydə alınmır. “Talış” sözü Azərbaycan parlamentində və səlahiyyətli şəxslərin nitqlərində tələffüz edilmir.
Təşkilatın hesabatında qeyd olunan fikirlər, tənqidlər həm razılaşmayanlar olub, həm də ölkədəki digər xalqların da vəziyyəti, hüquqları ilə bağlı məsələlər müzakirə olunmağa başlayıb. Bununla yanaşı olaraq Azərbaycan rəsmiləri tez-tez ölkənin multikultural olduğunu vurğulayır, ölkədəki xalqların hüquqlarının qorunduğunu bildirir. Bəs Azərbaycan əslində deyildiyi kimi multikultural ölkədirmi?
Etniklər “nikbin qütbdə”
Azərbaycanın etnik mənzərəsi ölkənin işğal tarixi ilə əlaqədar olaraq tez-tez dəyişikliklərlə nəticələnib.1979-cu ildən sonra isə rəsmi statistikada azərbaycanlıların sayının sürətlə artması diqqət çəkir. Məsələn, 1979-cu ildə azərbaycanlılar əhalinin 78,1%-ni təşkil edirdisə, 2009-cu ildə bu rəqəm 91,6% olub. Hazırda yerdə qalan 8 faizdə isə tat, talış, ləzgi, avar, gürcü, rus, ingiloy, avar və s.kimi 15-dən artıq etnik qrupun nümayənədəsi təmsil olunur.
Ölkə rəsmiləri çıxışlarında Azərbaycanın multikultural ölkə modeli olduğunu vurğulayır və bununla fəxr edir. Elə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunanda prezidentin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bəzi Avropa ölkələrindən fərqli olaraq, multikultiralizm siyasətində Azərbaycanın nikbin qütbdə olduğunu bildirmişdi. Dövlət müşavirinin fikrincə, ölkə prezidenti müxtəlif xalqların nümayəndələrinə bərabər münasibət bəsləyir.
Bundan başqa BMT Baş Assambleyasının “Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında Bəyannamə” və Avropa Şurasının “Milli azlıqların hüquqlarının qorunması haqqında” Çərçivə Konvensiyasını ratifikasiya etməklə Azərbaycan höküməti etniklərin hüquqlarını qorumağa rəsmi şəkildə cavabdehlik daşıyır.
Həmçinin, Ombudsmanın da ölkə vətəndaşlarının insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxmaq öhdəliyi var. Ancaq onu da qeyd etmək lazımdır ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan Ombudusman aparatının illik hesabatlarında etniklərin hüquq və azadlıqları ilə bağlı məsələlərə demək olar ki, toxunulmur. Həmçinin, multikultural ənənələrlə fəxr edən Azərbaycan hökümətinin Milli Məclisində etnik və milli azlıqlarla bağlı komitə və yaxud qrup fəaliyyət göstərmir.
Ümumilikdə 14 məqsəd və vəzifəsi olduğunu bəyan edən Bakı Beynalxalq Multikultiralizm Mərkəzi illik hesabatlarında hüquqi məsələlərdən daha çox, ölkə daxilində və xaricində etniklərin mədəniyyətinin təbliği ilə məşğuldur.
Bəs ölkədəki xalqların hansı hüquqları pozulur?
Tarixçi Yadigar Sadıqlı yazır ki, azlıqda olan, dili rəsmi statusa malik olmayan xalqlar zamanla asimliyasiyaya uğrayır və özünəməxsusluqlarını tədricən itirirlər:
Qeyri-türk xalqlar assimilyasiyaya uğrayırmı? Şübhəsiz. Tat dilini bilən nə qədər adam var? Halbuki cəmi 30 il qabaq xeyli vardı, Bakıda nəqliyyatda, çayxanada onlara rast gəlmək olurdu. Yeddi dildən ibarət Şahdağ xalqları var. Əgər belə davam edərsə, indiki gənc nəslin həyatı ərzində bu dillər yoxa çıxacaq. Lənkəranda talış dilinin arealı getdikcə kiçilir. Rayon mərkəzi ətrafında talış dilini unudan kəndlərin sayı çoxalır. Masallıda Boradigah boyda ən böyük talış yaşayış məntəqələrindən birində ancaq yaşlı nəsil talışca bilir. Digər xalqların nümayəndələri sayca artsalar da, dil daşıyıcısı kimi artmırlar.
Azərbaycandakı etnosları araşdıran tarixçi Tural Həmid isə bildirir ki, bir vaxtlar mövcud olan Talış xanlığının adı 2000-ci ildən bəri kitablarda Lənkəran xanlığı kimi tədris edilir.
Halbuki bütün mənbələrdə xanlığın adı Talış olaraq göstərilib. Tarix İnstitutunun sabiq direktoru Yaqub Mahmudovun “Talış xanlığı yoxdur, Lənkəran xanlığı mövcud olub. Bu xanlığı idarə edənlər də türk olublar” söyləməsi bu siyasətin dövlət tərəfindən aparıldığı ehtimalını formalaşdırır.
Onun sözlərinə görə, bəzi talış dilində olan kəndlərin adı (Gomuşovon-Göyşaban, Ozobijon-Azərbaycan-Günəşli) türkləşdirilib, bəzi kəndlərin (Tülü, Kekonu, Almu, Küman və s.) isə talışca olan adı ümumiyyətlə başqa anlamda izah edilməyə çalışılır.
Mübahisələndirilən məsələlərdən biri də, etniklərin rəsmi statistikası ilə bağlıdır.
Məsələn, 2009-cu il siyahıyaalınmasına görə, ölkədə 25 218 tat yaşayır. Regional statistika isə belədir:
- Quba – 13 880 nəfər
- Xaçmaz – 9108 nəfər
- Şabran – 1766 nəfər
- Xızı – 5 nəfər
- Şamaxı – 6 nəfər
Əsrin əvvəllərində İsmayıllının yarıdan çoxunu təşkil edən tatlar bu statistikaya görə, hazırda bu rayonda yoxdur. Tural Həmid deyir ki, ölkədə müxtəlif etnik kimlikdən olan xalqlar arasında münaqişə olmasa da, hökümət daha çox mərkəziləşdirilmiş siyasət aparır. Bu da ölkədə yaşayan bütün etnikləri bir millət kimi əritməyə xidmət edir:
Məsələn, xınalıqlar kimi azsaylı xalqlar təhdid hesab olunmadığı üçün onlara daha çox azadlıq verilib.
“Tolışi sədo” qəzetinin milliyətcə talış olan baş redaktoru Novruzəli Məmmədovun 15 il əvvəlki həbsi də demək olar ki, eyni səbəblərlə bağlı idi. 2007-ci ildə həbs olunan 67 yaşlı N.Məmmədov talış dili və mədəniyyətinin təbliğindəki fəaliyyətinə görə “dövlətə xəyanət” maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdi və sonra da elə həbsxanada ölmüşdü.
2009-cu ildə “Amnesty International” təşkilatı onun haqqında hazırladığı hesabatda ölümü ilə bağlı hərtərəfli istintaq aparılmadığını qeyd etmişdi. 2019-cu ildə Avropa Məhkəməsi ölümündən sonra da olsa, Məmmədovun ailəsinə 20 min avro təzminat verilməsi barədə qəbul edib. Buna baxmayaraq N. Məmmədovdan sonra “Tolışi Sədo” qəzetinin digər redaktoru Hilal Məmmədov da 2012-ci ildə həbs edilib.
Ölkədə yaşayan millətlər arasında nisbətən daha yaxşı vəziyyətdə olanlara rusları misal göstərmək olar. Hazırda rəsmi məlumata görə, onların sayı 119 307-dir. Azərbaycanda tədrisin yalnız rus dilində aparıldığı 16 məktəb var. Ümumiyyətlə isə 322 məktəbdə tədris həm də rus dilində aparılır. Misal olaraq qeyd edək ki, ruslar kimi talış (111996) və ləzgilərin də (180324) sayı 100 mindən yuxarı olsa da, onların dili könüllü seçim əsasında 4-cü sinifə qədər tədris olunur. Həmçinin, Zaqatalanın 5 saxur kəndində ibtidai siniflərdə saxur dili dərsi keçilsə də, Qaxın saxurlar yaşayan kəndlərində heç bir məktəbdə bu dil tədris olunmur.
Hazırda Azərbaycanda yaşayan kürdlərin öz dillərində təhsil almaq imkanı var. Bundan başqa ölkədə “Ronahi” Kürd Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Son dövrlərə qədər Azərbaycanda kürd dilində “Diplomat” qəzeti çap edilirdi. Lakin bu qəzet kürdlərin Türkiyədəki milli mübarizəsinə dəstək verdiyi üçün Türkiyə hökumətinin təzyiqi ilə bağlandı.
2012-ci ildə Avropa Şurasının Milli Azlıqların Qorunması Haqqında Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitəsi də Azərbaycanla bağlı qeydlərində etniklərlə bağlı qanunvericilikdə boşluqlar olduğunu bildirib və qeyd edib ki, azlıqların dilində televiziya və radio yayımına dair heç bir irəliləyiş olmayıb. Məşvərətçi komitə Azərbaycan hökumətini etniklərin ifadə azadlığını təmin etməyə və onlara qarşı qərəzli davranmamağa çağırıb.
“Problemləri etnik azlıqların hüququ pozulur kontekstində vermək doğru deyil”
Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, deputat Fazil Mustafa hesab edir ki, etniklərin hüquqları xaricdən Azərbaycana problem yaratmaq üçün gündəmə gətirilir. Onun fikrincə, ölkədəki xalqların hüquqları pozulmur.
Onlar 4-cü sinifə qədər öz dillərində təhsil ala bilir. Sonrakı dövrdə təhsili davam etmək üçün azərbaycan, rus, ingilis dillərindən birini seçməlidirlər. Açığı perspektiv baxımından heç bir dövlətə sərf etməz ki, hansısa bir dialektdə nəyisə öyrətsin. Sabah bunu necə inkişaf etdirə bilər. Azərbaycanda çoxluğu türklər təşkil edir ki, onlar da özünü azərbaycanlı olaraq yazdırıb. Hətta talışların da bir qismi özünü azərbaycanlı kimi identifikasiya etdirib. Burda nə var? Əgər ölkədə sosial şərtlər ağırdırsa, bu bütün azərbaycanlıların problemidir. Bunu da etniklərin ayağına yazmaq düzgün deyil.
Deputatın sözlərinə görə, etnik dillərin tədris olunmasında yaşanan problemlər pedaqoq azlığı ilə əlaqədardır.
Harada ki pedaqoq var, o bölgədə dilin keçrilməsi təmin olunur. Belə etmək olar ki, pedaqoji universitetlərdə etnik dilləri tədris edən kadrlar yetişdirmək olar. Yetişdirmək də lazımdır, bu millətlərin haqqıdır
F.Mustafanın fikrincə, hökümətin siyasəti digər millətlərin asimliyasiyasına yönəlməyib: “Onların hüquqları qanunvericilklə təsbit olunub, dilləri, inancları, mədəniyyəti dövlət tərəfindən qorunur. Problemləri etnik azlıqların hüququ pozulur kontekstində vermək doğru deyil. Təşəbbüsləri var buyurub versinlər. Azərbaycanda o qədər çatışmazlıq var ki. Heç Azərbayacan məktəbində normal Azərbaycan dili keçirlər ki? İndi də məsələ qaldırılıb ki, rus dili Azərbaycan dilini sıxışdırıb çıxarır. İndi bunu da ayrıcalıq vasitəsi kimi götürək? Bu ümumi real tablodan irəli gələn məsələlərdir. Mən də razıyam ki, etniklər öz dillərində təhsil almalıdır”.
Multikultural ölkə modelləri
Digər ölkələrdə müxtəlif etnikdən olan xaqlar necə yaşayır, onların hüquqları necə qorunur. İsveç, Avstraliya kimi ölkələrin multikultiralizm modellərini təqdim edirik:
İsveçrə modeli: Çox millətli olan İsveçdə əhali əsasən alman (63%), fransız (23%), italyan (8%) və roman dillərində (1%) danışır. Hökümət çoxluq təşkil edən etniklərin sayını nəzərə alaraq ölkədə 4 rəsmi dil elan edib. Bu, İsveçrədə rəsmi qeyd, federal sənədlərin 4 dildə yazılması mənasına gəlir. Məsələn, hərbi xidmətdə verilən şokoladların üstündəki adlar belə bu dillərdə yazılır. Bir dilin İsveçrədə milli azlıqların rəsmi dili kimi seçilməsi üçün iki şərt yerinə yetirilməlidir: bu bir dialekt yox, dil olmalı və ən azı üç nəsil və ya 100 il davamlı olaraq danışılmalıdır.
2010 -cu ildən etibarən “Milli Azlıqlar və Azlıqların Dilləri haqqında” Qanuna görə, onların məlumat almaq, mədəniyyətinin və dilinin qorunması iştirak və təsir etmək hüququ var.
Hətta inzibati orqanlar zərurət yarandıqda azlıqlara öz hüquqları barədə məlumat verməyə borcludurlar. Dövlət sektoru azlıqların dillərini qorumaq və təbliğ etmək üçün xüsusi məsuliyyət daşıyır və mədəni kimliyin qorunub saxlanılmasını və təbliğini dəstəkləməlidir. İnzibati orqanlar, azlıqlara təsir edən məsələlərdə real təsir göstərmək məcburiyyətindədirlər.
Avstraliya modeli: Ölkədəki etnik qruplar 25,9% ingilis, 25,4% avstraliyalı, 7,5% irland, 6,4% şotland, 3,3% italyan, 3,2% alman , 3,1% çinli, 1,4% hind və yunan, 1,2% holland və digər( aberogenlər) ibarətdir. Əhalinin əksəriyyəti (72%) ingilscə danışdığı üçün ölkənin rəsmi dili Avstraliya ingilscəsidir.
Daxili İşlər Nazirliyinin nəzdində Avstraliya Multikultural Şura fəaliyyət göstərir ki, bu orqan çoxmədəniyyətli münasibətlər, sosial birlik və inteqrasiya siyasəti və proqramları ilə bağlı hökumətə müstəqil təklif və məsləhətlər verir.
Bundan başqa ölkədə multikultural mühit haqqında məlumat almaq üçün Daxili İşlər Nazirliyinin səhifəsində nəşr, hesabatlar dərc olunur.
Avstraliyada yaşayanlarının əksəriyyətinin ingilis dilli olmasına baxmayaraq, ölkədə bu dili bilməyən etniklər mövcuddur. Bunu nəzərə alan Avstraliya hökuməti onlar üçün dil xidmətləri təşkil edib. Beləcə peşəkar tərcüməçilər tərəfindən rəsmi sənədlər icma dillərinə tərcümə edilir, insanlar ehtiyac duyduqları xidmət və proqramlardan yararlana bilir.