ABŞ-ın “Oracle Advisory group” təşkilatı Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində “exit-poll” keçirəcək.
“Oracle Advisory group” indiyədək Azərbaycanda baş tutan 4 seçkidə “exit-poll” keçirib.
Şirkətin tərəfdaşı George Birnbaum seçki günü hər 3 saatdan bir daxili hesabatlar hazırlayacaqlarını və məntəqələr bağlandıqdan 1 saat sonra isə “exit poll”un nəticələrini elan edəcəklərini açıqlayıb.
George Birnbaum barədə nələri bilirik?
George Birnbaum müasir populizmin memarlarından biri sayılır. O, 30 ildir siyasi məsləhətçiliklə məşğuldur.
Birnbaum 1996-cı ildə İsraildə Benjamin Netanyahunun, 2010-cu ildə Macarıstanda Viktor Orbanın hakimiyyətə gəlməsinə kömək edib.
Qələbə üçün düşmən lazımdır!
Macarıstanda 2010-cu ildə parlament seçkiləri ərəfəsində Birnbaum Viktor Orbanla çalışmağa başlayır.
Viktor Orbanın qələbə üçün yeni bir “düşmənə” ehtiyacı var idi.
Çoxsaylı ictimai sorğulardan sonra onlar Macarıstan əsilli, o vaxt 85 yaşı olan ABŞ milyarderi və xeyriyyəçi George Sorosu mükəmməl hədəf olaraq gördülər. Viktor Orban o vaxtdan bəri Sorosu hədəfə almağa başladı.
2015-ci ildə George Birnbaum Viktor Orbanla işləməyi dayandıranda Macarıstanın Baş naziri yeni bir düşmən kəşf etdi; müsəlman mühacirlər.
Və həmin ilin sentyabrında George Soros Avropa İttifaqının çoxlu qaçqını qəbul etməsini təklif edəndə, Macarıstan lideri dərhal bunun “bir Soros planı” olmasına işarə etməkdə gecikmədi.
George Birnbaum Azərbaycanda
2013-cü il. “Arthur J. Finkelstein and Associates” şirkəti Azərbaycandakı prezident seçkilərində “exit-poll” keçirir. “Exit-poll” üçün şirkəti Azərbaycana “APA Holding”dəvət edir. Azərbaycan müxalifətinin vahid namizədlə iştirak etdiyi seçki ilə bağlı nəticələrin açıqlandığı mətbuat konfransında “APA Holding“in prezidenti Vüsalə Mahirqızı da iştirak edib.
835 məntəqədə 60 mindən çox respondentlə keçirilən sorğunun nəticəsini şirkətin icraçı direktoru George Birnbaum açıqlayır – İlham Əliyev – 82,7% səslə qalib gəlib. Rəsmi rəqəmlərdə isə 84,54% yazılacaqdı.
“Dağlıq Qarabağ konflikti Azərbaycan xalqı üçün əsas problem olaraq qalır.” Bunu 2015-ci ildə Azərbaycanda keçirilən parlament seçkiləri ərəfəsində sorğu keçirən George Birnbaum deyir.
George Birnbaumun keçirdiyi sorğu ortaya çıxarıbmış ki, respondentlərin 80 faizi hazırkı hakimiyyətin tutduğu yolu dəstəkləyir.
Elə həmin sorğulara əsasən, Birnbaum açıqlamasında 2015-ci ildəki parlament seçkilərində YAP-ın daha çox namizədinin mandat qazanacağını əvvəlcədən ehtimal edib.
14 min nəfər arasında keçirilən sorğuda İlham Əliyev 85.57% səslə qalib gəlib. Bu məlumatı isə George Birnbaum 2018-ci ildə Azərbaycanda keçirilən növbədənkənar ilk prezident seçkisi barədə açıqlayır. Həmin il də Birnbaumun direktor olduğu “Arthur J. Finkelstein & Associates” şirkəti ölkədə “exit-poll” keçirirdi.
2016-cı ildə konstitusiyanın dəyişdirildiyi və prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırıldığı referendumda da George Birnbaum Azərbaycanda idi. Həmin il sorğuda iştirak edən 32,400 nəfərdən 96,7%-i Dağlıq Qarabağı ölkənin qarşısında duran ən mühüm məsələ kimi qəbul edib.
George Birnbaum öz müsahibəsində deyirdi:
“Azərbaycan vətəndaşlarının öz prezidentinə dəstək verməsi təəccüblü deyil. Müharibə şəraitində yaşayan heç bir xalq prezidentini dəyişməz”.
2020-ci il. Yenə parlament seçkiləri, George Birnbaum yenə Azərbaycanda.
Bu dəfə onlar keçirdikləri sorğuya əsasən, YAP-ın 69 namizədinin parlamentdə yer tutacağı barədə proqnoz verir. Rəsmi nəticələrdə bu rəqəm 70 oldu.
George Birnbaum Əliyev kimi düşünür
2017-ci ilin martında 5 yəhudi uşaq George Birnbaumun müşayiəti ilə Azərbaycana səfər gəlir.
Birnbaum səfər barədə deyir: “Dünyada artan dini gərginliyi nəzərə alaraq, Amerikadan olan yəhudi uşaqların Azərbaycan kimi müasir, plüralist və tolerant müsəlman ölkəsi ilə tanışlığı vacibdir”.
Səfər təkcə Azərbaycan mediasında geniş işıqlandırılmayıb, həm də reklam işi yaxşı aparılıb. “Azərbaycan dini tolerantlığın mayakıdır” başlıqlı yazılar dünyanın 158 kütləvi informasiya vasitəsində dərc edilib. Azərbaycan mediası bu xəbəri fəxrlə paylaşaraq “Yahoo! Finance”, “New York Business Journal”, “Der Tagesspiegel” və digər mediaların bu haqda yazdığını qeyd edir.
George Birnbaumun “plüralist və tolerant müsəlman ölkəsi” fikirləri Əliyevin 2014-cı ildə səsləndirdiyi “Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir” fikrinin eynisidir.
Corc Soros: Əliyev və Orbanın ortaq düşməni
2 fevral 2022-ci il. Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda İlham Əliyevin çıxışından:
Açıq deməliyəm, gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Ona görə də bax, bu qlobalistlərin – mən onları şərti olaraq belə adlandırıram – sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər.
2018-ci il. Viktor Orban Soros barədə:
Bizdən fərqli olan bir düşmənlə vuruşuruq. Açıq yox, gizli formada, birbaşa yox, ağıllı şəkildə, şərəfli yox, şərəfsizcəsinə, milli yox, beynəlxalq səviyyədə savaşan, işləməyə inanmayan, pulla spekulyasiya edən, öz vətəni olmayıb, ancaq bütün dünyayanın sahib imiş kimi davranan biriylə.