Ötən həftədən etibarən Azərbaycanın dövlət televiziyası və hökumətyönlü mediaları Ursula von der Leyen, Entoni Blinken və Nikol Paşinyan arasında aprelin 5-də baş tutacaq görüşlə bağlı onlarla material yayımlayıb.
Həmin materiallarda:
- Qərbin Ermənistanı silahlandırılması;
- Qafqazda yeni münaqişə ocağının yaradılması;
- Üç tərəfli görüşdə hərbi paktın imzalanması kimi iddialar yayımlanıb.
Mikroskop Media Azərbaycan Dövlət Televiziyası və hökumətə yaxın bir neçə medianın mövzu ilə bağlı hazırladığı reportaj və verilişləri monitorinq edib. Onlarla materialın analizi göstərir ki, oxşar narrativlər demək olar ki, bütün materiallarda yer alıb.
Qafqazda 2-ci cəbhə açılması iddiası
Məsələn, 28 martda AZTV-də “Qərbin “gəlinciyi” rolunu alan hay məmləkətinin gizlinləri: bu yollara da əl atdılar” başlıqlı sujet yayımlanıb. Sujetdə iddia olunur ki, aprelin 5-i Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, ABŞ Dövlət Katibi Entoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş “hərbi paktın imzalanması ilə nəticələnəcək”.
AZTV bunu “Qərbin Qafqazda ikinci Ukrayna ssenarisi və 2-ci cəbhənin açılma istəyi” ilə əsaslandırır. Digər medialar da Brüsseldə keçiriləcək görüşü əslində Qərb ölkələrinin regionda yeni müharibə cəbhəsi yaratmaq planı kimi təqdim edir.
Mikroskop Media Azərbaycan televizya kanallarında yayımlanan iddiaların nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək üçün Avropa Komissiyasına sorğu göndərib.
“Nə sülh prosesi, nə də Ermənistan-Azərbaycan münasibətləri gündəlikdə var”
Sorğunu bu gün Avropa Komissiyasının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano email vasitəsi ilə cavablandırıb.
Stano AZTV-də səsləndirilən iddiaları təkzib edib və deyib ki, görüşün gündəliyindəki əsas məsələ ABŞ, Avropa və Ermənistan arasındakı münasibətlər olacaq.
“Üçtərəfli görüşdə Avropa İttifaqı ilə Ermənistanın ikitərəfli gündəliyindən kənar məsələlərə toxunulmayacaq. Bu o deməkdir ki, nə sülh prosesi, nə də Ermənistan və Azərbaycan arasındakı münasibətlər müzakirə gündəliyinə daxil ediləcək. Əsas diqqət Ermənistanın iqtisadi dayanıqlığı və bu ölkə ilə ikitərəfli əməkdaşlığa yönələcək” – Stano deyib.
Qurumun sözçüsü Ermənistana Avropa Komissiyası tərəfindən silah göndərilməsi iddiasına da cavab verib və iddianı təkzib edib.
“Nə Avropa İttifaqı, nə də Avropa Komissiyası Ermənistana silah göndərib, çünki Avropa İnstitutları bunu edə bilməz. Hazırda Avropa Sülh Fondu vasitəsilə Ermənistan Silahlı Qüvvələrinin potensialının dəstəklənməsi ilə bağlı müzakirələr davam edir, amma hələ ki, yekun qərar əldə olunmayıb”.
Dövlət Televiziyası və hökumətə yaxın mediaların mövzu ilə bağlı yayımladıqları materiallarda yer alan digər iddia da “Qərbin Qafqazda yeni cəbhə yaratması” ilə bağlı olub. Avropa Komissiyasının sözçüsü bu iddianı əsassız hesab edib.
“Qərbin Qafqazda yeni münaqişə nöqtəsi yaratmağa çalışması iddiası tamamilə cəfəngiyyatdır və adətən Rusiya dezinformasiya maşınının istifadə etdiyi bir şeydir. Region ölkələri ilə intensivləşdirilmiş ikitərəfli əməkdaşlığımızın məqsədi sabitliyi və rifahı möhkəmləndirmək və münaqişələrin qarşısını almaqdır.” – Stano bildirib.
Azərbaycanla Ermənistan sərhədində vəziyyət necədir?
Azərbaycan hökumətinin nəzarətindəki mediaların Qərb əleyhinə yayımladığı materialların fonunda Azərbaycanla Ermənistan sərhədində gərginlik nəinki səngimir, əksinə atəş səsləri gəlir.
31 martda Azərbaycan Müdafiə Nazirliyi yaydığı məlumatda qeyd edilir ki, Ermənistan tərəfi “fortifikasiya qurğularını inşa edir və yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir”.
1 apreldə isə Müdafiə Nazirliyinin açıqladığı məlumata görə artıq atəş səsləri də eşidilib.
Nazirliyiin yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri Naxçıvanın Heydərabad və Şahbuz rayonlarındakı Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.