Türkiyə Suriya ordusuna İdlib bölgəsindən Soçi görüşündə müəyyən olan sərhədlərdən kənara çəkilməsi üçün fevral ayının sonuna kimi vaxt vermişdi. Bu vaxtın bitməsindən artıq iki gün ötüb. Bəşər Əsədə bağlı olan qüvvələr fevralın 27-də Türkiyə Silahlı Qüvvələrinə hücum etdivə nəticədə 30-dan çox əsgər həlak oldu. Bu hücumdan sonra Türkiyə bəzi hərbi-siyasi gedişlər etdi. Türkiyə hansı addımları atıb? Bu addımlardan sonra Avropaya getmək üçün yola çıxan qaçqınların vəziyyəti nə yerdədir? Bundan sonra nələrin baş verəcəyi proqnozlaşdırılır?
Mikroskop bu sualların cavabını sıralayıb.
Türkiyə son iki gündə hansı hərbi-siyasi gedişlər edib?
1. İtkilərə hərbi hücumla cavab vermək: Türkiyənin Bəşər Əsədə verdiyi müddət başa çatar-çatmaz Türkiyə ordusu “Bahar Qalxanı” adlı hərbi əməliyyatlara başladı. Türkiyə Müdafiə naziri Hulusi Akar, “Bahar Qalxanı” əməliyyatında bu günə qədər 2 döyüş təyyarəsi, 2 pilotsuz hərbi təyyarə, 8 hərbi helikopter, 135 tank, 5 hava müdafiəetmə sistemi və Bəşər Əsədə bağlı 2557 əsgərin öldürüldüyünü bildirib.
2. Miqrantların Avropaya buraxılmasıyla bağlı təhdidlər: Türkiyə Avropa ölkələrini İdliblə bağlı daha konkret addım atmağa məcbur etmək üçün mühacir siyasətindən istifadə etməyə çalışır. Artan miqrasiya axını ilə Türkiyə Avropaya mesaj verir ki, əgər vəziyyət daha da pisləşərsə və Avropa Birliyi ölkələri bu prosesdə Türkiyəyə dəstək olmasalar, ölkəsində olan 4 milyon mühacirin Avropaya getməsinə mane olmayacaq.
3. Rusiya ilə dialoqa başlamaq: Baş verən hərbi münaqişələrdən sonra Ankarada olan rus heyəti ilə türk heyəti 3 dəfə görşüb. Bu addımla Türkiyə göstərdi ki, koordinatları bildiyi halda 27 fevral gecəsi baş verən hücuma mane olmamaqda ittiham etdiyi Rusiya ilə münasibətləri daha da pisləşdirmək istəmir. Kremlin açıqlamasına görə, Rusiya dövlət başçısı Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 5-də Moskvada görüşü gözlənilir. Kreml sözcüsü Dimitri Peskov açıqlamasında görüşlərin asan olmadığını, lakin hər iki liderin də İdlib probleminin həllinə fokuslanmaq niyyətində olduğunu deyib. Otuzdan çox Türk əsgərinin həyatını itirdiyi İdlib hücumundan sonra münasibətləri gərginləşən iki ölkənin Xarici İşlər nazirləri arasında da telefon danışığı olub. Hər iki nazir Ərdoğan-Putin görüşünün hazırlıqları istiqamətində söhbət ediblər.
Baş verənlərlə bağlı parlament nə edəcək?
Rəsmi Ankara İdliblə bağlı xarici siyasətlə yanaşı daxili siyasətdə də işlər aparmaqdadır. Türkiyə Böyük Millət Məclisi martın 3-də İdliblə bağlı məsələləri müzakirə etmək üçün qapalı iclas keçirəcək. İclasda Müdafiə naziri Hulusi Akar ilə Xarici İşlər naziri Mövlud Çavuşoğlu hadisələrin gedişatıyla əlaqədar parlamenti məlumatlandıracaqlar. Saat 15:00-da başlayacağı gözlənilən iclasda parlamentdə təmsil olunan həm iqtidar, həm müxalif millət vəkilləri iştirak edəcəklər.
Avropaya getmək istəyən qaçqınların vəziyyəti necədir?
Hər müharibədə olduğu kimi Suriya münaqişəsində ən çox əziyyət çəkən tərəf mülki şəxslərdir. Türkiyədən Avropaya keçmək istəyən qaçqınlar Yunanıstanın sərt müdaxiləsiylə üzləşib. Quru sərhədində onları qaz və təzyiqli suyla dayandırmağa çalışan yunan rəsmilər, dənizdə də rezin qayıqlara maneə törədir. Avropaya getmək üçün Turqutrəis Məhəlləsi, Akyarlar sahilindən iki rezin qayıqla dənizə çıxan Cənubi Afrika, İran və Suriya vətəndaş olan təxminən 40 qanunsuz immiqrant, Yunanıstanın nəzarətində olan əraziyə daxil olanda Sahil Təhlükəsizlik qruplarının maneəsi ilə üzləşib. Jurnalistlərin də müşahidə etdiyi bu müdaxilə zamanı Yunanıstan Sahil Təhlükəsizliyi qüvvələri rezin qayığın ətrafında dövrə vurmaqla qayığın hərəkətinə mane olub. Bəzi kadrlarda təhülkəsizlik qüvvələrinin bəzi vasitələrlə rezin qayıqları itələdiyi də görünüb. Təxminən yarım saat davam edən müdaxilədən sonra qayığın batma təhlükəsinə görə, qaçqınlar Akyarlar sahilinə geri qayıtmalı olublar. Sahilə çıxmağa nail olan bəzi qaçqınlar isə çanta və ayaqqablarını da orada qoyub qaçaraq ərazidən uzaqlaşıblar.
Avropa Birliyi üzvü olan digər ölkələr nə təklif edir?
Mühacir axınından Yunanıstan kimi əziyyət çəkən digər ölkə Bolqarıstandır. Bu ölkənin Baş naziri Boyko Borisov, Avropa Birliyi (AB) Komissiyasının başçısı Ursula von der Leyen ilə telefon danışığında miqrant böhranını müzakirə edib. Borisov telefon danışığında deyib:
“Belə bir vəziyyətdə Türkiyə də daxil olmaqla heç bir ölkəni tək qoymaq olmaz. Türkiyəyə yardım edilməlidir.”
Bolqar baş nazirin bu müraciəti göstərir ki, mühacir axını ilə bağlı Türkiyənin Avropaya göstərməyə çalışdığı təzyiq effekt verməyə başlayır. Hazırda isə ən çox gözlənilən Ərdoğanla Putinin görüşüdür. Görüşlə bağlı ilkin ehtimallar odur ki, hər iki tərəf problemin həllində maraqlıdır. Türkiyə tarixində Rusiya lideriylə Rəcəb Tayyib Ərdoğan qədər yaxın münasibət quran ikinci lider yoxdur. Rəsmi Moskva Türkiyə ilə münasibətləri daha da pisləşdirərsə, Suriyanı qazanmaqla Türkiyəni itirmək təhlükəsi var.
Hazırladı: Rəhim Xoyski