Ötən gün Suriyanın şimal-qərbindəki İdlib bölgəsindəki Türkiyə ordusu hava hücumuna məruz qaldı. İlkin məlumatlara görə, Suriya tərəfindən bombalanan Türk Silahlı Qüvvələrinin 33 əsgəri həlak olub. Qeyri-rəsmi rəqəmlərdə isə ölənlərin sayının 100-ə yaxın olduğu deyilsə də, bu, təsdiqlənmədi. Bombardmanla bağlı Avropa Parlamenti və ABŞ münasibət bildirdi. ABŞ Dövlət Departamentinin bəyanatında Suriyanın bombalamanı dərhal dayandırması tələb olundu və bəyanatda Rusiyanın da adı hallandı. Rusiya isə Türkiyə ordusuna qarşı hər hansı bir əməliyyat keçirmədiyini deyir.
Amma bu, Suriyadakı Əsəd qüvvələrinin ilk bombardmanı deyil. Müxalifətin dayağı hesab olunan İdlibdə Əsəd qüvvələrinin bombardmanı Türkiyəni ötən ay çətin vəziyyətə salıb. Yanvarın sonundan etibarən bu hücumlar nəticəsində 13 Türkiyə əsgəri həlak olub. Hazırda İdlib uğrunda davam edən döyüşlərdə Suriya rejiminin tədricən qalib gəldiyi müşahidə olunur.
Türkiyə niyə İdlibdədir?
Son bir neçə ildir ki, Türkiyə Suriyanın şimalındakı hadisələrin gedişatına təsir etmək istəyir və bunun üçün Rusiya və ABŞ ilə müttəfiqliyini bir-biri ilə əvəz edir. Məqsəd öz təsir dairəsini həm kürd üsyançılarından, həm də Bəşər Əsəd qüvvələrindən qorumaqdır. Lakin Türkiyənin İdlib vilayətindəki humanitar böhranı və Suriya üsyançılarının üzləşdiyi hərbi böhranı həll etmək üçün uzunmüddətli strategiyası yoxdur.
Türkiyə Soyuq Müharibə illərində Qərb və Rusiya arasında oynadığı roluna qayıdır. İndi Suriyadakı kürdlərə qarşı qısamüddətli qalibiyyət əldə etməyə çalışır. Lakin bu, bölgədəki insanlar üçün daha ağır nəticələrə səbəb olur.
İdlibdə hərbi münaqişənin genişlənməsi
2017-ci ildə Türkiyə, Rusiya və İran Suriyanın şimalında sabitliyi qorumaq üçün üçtərəfli bir mexanizm qurdu. 2018-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən zirvə toplantısında Türkiyə hökuməti İdlibdəki cihadçı qruplara nəzarət edəcəyini və sonra Suriya rejimi ilə cihadçılar arasındakı qarşıdurmanın azalmasını müşahidə etmək üçün qoşun göndərəcəyini vəd etdi.
2019-cu ilin dekabrında Suriya ordusu ölkənin şimal-qərbində, Türkiyə sərhədi yaxınlığında yerləşən İdlibdəki cihadçı qruplara qarşı hərbi əməliyyata başladı. Şəhər sakinlərindən bəziləri Türkiyə-Suriya sərhədindəki daha etibarlı bölgələrə çatmaq üçün qaçdılar. Rusiya döyüş təyyarələrinin dəstəklədiyi Suriya ordusunun irəliləməsi, İdlibi nəzarət altına almağa çalışan türk siyasi elitasını narahat etdi.
Bəşər Əsədə bağlı olan qüvvələrin fevral ayının əvvəllərindən İdlibi intensiv top atəşinə tutmağa başlaması nəticəsində Türkiyə ordusunun 6 əsgəri həlak oldu, biri ağır olmaqla 9 əsgərin də yaralandığını bildirildi.
İdlibdə türk əsgərlərinin ölümündən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əsədə xəbərdarlıq etdi və dedi ki, əgər türk əsgələrinə hücum davam edərsə, bunun ağır nəticələri olacaq.
Son zamanlar iki prezident arasında münasibətlər sıxlaşsa da bu dəfə Rusiya Türkiyənin mövqeyini dəstəkləmədi. Bundan sonra Rusiya və Türkiyə arasında yaxınlaşma oldu, amma türk siyasətçiləri hesab edirdi ki, Suriya siyasətində ölkələrinin ABŞ-a ehtiyacı var. ABŞ isə 2019-cu ilin sonlarında əsgərlərini bölgədən geri çəkdi və Türkiyənin Suriyanın şimalına qoşun yeritməyinə laqeydlik göstərdi.
Rusiya isə iddia edir ki, Türkiyə İdlibdəki cihadçı qruplara nəzarət edə bilmir və buna görə də ötən ilin dekabrından İdlib məsələsində Suriyaya dəstək olur. Rəsmi Ankara isə hazırda davam edən enerji və hərbi əməkdaşlıq layihələrinə görə Rusiya ilə toqquşmaq istəmir və dəstək almaq üçün ABŞ və Qərbdəki müttəfiqlərinə üz tutmaq məcburiyyətində qalır.
İdlibdə kim nə istəyir?
Bölgədəki qaçqın böhranına görə İdlib Avropa Birliyi (AB), Türkiyə və Suriya arasında bufer zonaya çevrilib. Türkiyə artıq 4 milyondan çox suriyalı qaçqını qəbul edib. Daxili siyasi xərcləri dərk edən Ərdoğan hökuməti açıqlayıb ki, Türkiyə daha bir qaçqın axınını qəbul edə bilməyəcək və İdlibdən gələn qaçqınları dayandırmaq üçün sərhədi bağladı. Türkiyə sərhədi yaxınlığında təxminən 2 milyon suriyalı qaçqın var və son toqquşmalardan sonra təqribən 150 000 nəfər Türkiyə sərhədinə doğru hərəkət edib. Bu gedişatdan sonra Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü açıqlama verərək, İdlib probleminin Avropa üçün yeni və böyük miqrasiya böhranıyla nəticələnəcəyini söylədi.
Həm Türkiyə, həm də Rusiya suriyalı miqrantları Avropaya qarşı siyasi və iqtisadi təzyiq kartı kimi istifadə edirlər. Putin administrasiyasının məqsədi Avropa Birliyi ölkələrini Əsəd rejimini tanımağa məcbur etmək və qaçqın axınının dayandırılması müqabilində yenidənqurma üçün iqtisadi yardımı uzatmaqdır.
Türkiyənin ABŞ-dan dəstək axtarışı
Türkiyə ilə ABŞ Suriyanın şimal-şərqində kürd qüvvələri ilə bağlı fərqli fikirdədir, amma hər iki ölkə Əsəd rejimini ortaq düşmən kimi qəbul edir. ABŞ öz qoşunlarını Suriyanın şimal-şərqindən çıxarır və bundan sonra Türkiyə Suriya rejimi ilə bölgədəki kürdlər arasında ola biləcək ittifaqın qarşısını almaq üçün ABŞ-dan dəstək istəyir.
ABŞ Türkiyənin İdlibdəki mövcudluğunu qorumaqda maraqlıdır və rəsmi Vaşinqton Əsəd rejiminin Suriyanın şimal-şərqindəki mövqeyini Türkiyə vasitəsilə zəiflətməyə çalışır. Burada Suriya ordusu ilə ABŞ-ın hələ də İslam Dövləti ilə döyüşmək üçün yerləşdirdiyi azsaylı ABŞ qüvvələri arasında atışmalar davam edir. Özünün NATO müttəfiqi olan Türkiyəyə İdlibdə dəstək verməklə, ABŞ ümid edir ki, Ərdoğan hökuməti Rusiya ilə artan təhlükəsizlik əməkdaşlığından uzaqlaşacaq.
Bu baxımdan ABŞ dövlət katibi Mayk Pompeonun öldürülən türk əsgərlərinin ailələrinə başsağlığı verməsi təəccüblü deyil.
ABŞ-ın Suriyadakı səfiri Ceyms Cefri də türk dilində mesaj yayımlamaqla ölkəsinin Rusiya və İranın dəstəklədiyi Əsəd rejiminə qarşı Türkiyə ilə həmrəy olduğunu dilə gətirdi.
Hazırda vəziyyət nə yerdədir?
Son baş verənlərdən sonra bu gün NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Türkiyənin tələbiylə təşkil edilən fövqəladə Suriya toplantısından sonra mətbuata açıqlama verib. O deyib ki, baş verənləri dünən axşam saatlarında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə telefonda müzakirələr aparıb. O, müttəfiqlərin Rusiya və Suriyaya çağırışını səsləndirib:
Müttəfiqlər, İdlibdəki hücum nəticəsində həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verir və Türkiyə ilə tam həmrəy olduqlarını bəyan edir. Müttəfiqlər, Suriya rejimi və Rusiyanın İdlibdə davam etdirdiyi hava hücumlarını qınayır və onları bu hücumları dayandırmağa, beynəlxalq hüquqa uyğun davranmağa və BMT-nin sülhpərvər həllini dəstəkləməyə çağırır. Bu təhlükəli vəziyyət dayandırılmamlı və təcili olaraq 2018-ci ildəki atəşkəs vəziyyətinə geri qayıdılmalıdır. Türkiyə çox vacib və eyni zamanda Suriyadakı vəziyyətin ən çox təsir etdiyi NATO müttəfiqidir. Bu ölkə çoxlu sayda hücuma məruz qalıb və milyonlarla qaçqına öz qapısını açıb. Hazırda NATO Türkiyəni dəstəkləyir. Müttəfiqlər nəzərdən keçirir ki, Türkiyə üçün daha çox nə edilə bilər.
NATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun Türkiyəyə dəstəyinə misal olaraq Stoltenberq hava hücumundan müdafiənin gücləndirilməsini göstərib və deyib ki, ittifaq cənib-şərq sərhədindəki vəziyyəti müşahidə etməyə davam edəcək. O həm də vurğulayıb ki, Türkiyə NATO müttəfiqlərini vəziyyətlə bağlı mütəmadi olaraq məlumatlandırır.
Stoltenberq sonda Rusiya və Əsəd rejimini BMT-nin liderlik etdiyi siyasi həllə daxil olmağa çağırış edib.
Lakin görünür Türkiyə müttəfiqlərin prosesə müdaxilə etməsini yetərli hesab etmir və təzyiqlərini artırmaqda davam edir. Türkiyənin Avropaya getmək istəyən qaçqınlara mane olmayacağı ilə bağlı açıqlamasından sonra yüzlərlə insan Türkiyə-Avropa sərhəd qapılarına axın etdi. Ədirnə və İstanbul şəhərlərindən avtobuslar onları sərhəd qapılarına daşımaq üçün hərəkət edir. Avtobus sürücüləri deyib ki, bu səfərləri Suriya Dərnəklər Platformasının rəhbəri Mehdi Davud təşkil edib. Jurnalistlər bunla bağlı Mehdi Davudla əlaqə saxlasalar da, o, bu iddianı təkzib edib.
Sərhəd qapısına getmək istəyən suriyalıların arasında İraq və Əfqanıstan vətəndaşları da var.
Türkiyə Suriyadakı vətəndaş müharibəsində öz maraqlarını qorumaq üçün rəqib super güclər, ABŞ və Rusiya ilə həmfikir olmağa çalışıb və bununla da özünü çətin vəziyyətə salıb. Lakin bu müharibə sona yaxınlaşdıqca, Suriya ərazisində qalmaq istəyən Türkiyənin Əsəd rejimi ilə toqquşma riski artır. Bu isə daha ağır nəticələr verə bilər.