Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdəki intihar hadisəsinə görə bəziləri məktəb rəhbərliyini, bəziləri də şagirdin ailəsini günahlandırır.
Dünən məktəbin direktoru Sevinc Abbasovanın səs yazısı yayılıb. Direktor Elina Hacıyeva ilə bağlı açıqlamasında bunları deyib:
Yazın ki, pozğun, uğursuz ailənin uşağıdır. Valideyn ikinci dəfə ərə gedib, balaca uşaqları var və bununla maraqlanmayıb.
Yayılan müxtəlif məlumatlara baxmayaraq 14 yaşlı şagirdin öz həyatına niyə qəsd etdiyi, onu intihar həddinə çatdıranın məktəb, yoxsa ailə olduğunu heç kim dəqiq bilmir.
Mikroskop hadisənin təfərrüatlarını təqdim edir:
Hadisə necə baş verib?
Aprelin 4-də 162 nömrəli orta məktəbin şagirdi Elina Hacıyeva özünü həmin məktəbin 3-cü mərtəbəsindən yerə atır. O, müxtəlif dərəcəli bədən xəsarətləri alır və təcili yardım maşını ilə xəstəxanaya aparılır.
Məlumata görə, hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub. Sonradan məlum olur ki, o, özünü pəncərədən aşağı atmazdan əvvəl, 30 ədəd ketotifen (sakitləşdirici və yuxugətirici – red.) həbi də içib. Bu isə onun intihar qərarında qəti olduğuna işarə kimi qəbul edilir.
Hadisəni ictimaiyyətə hərə bir cür çatdırır
Hadisənin baş vermə səbəbinə gəlincə, məktəb rəhbərliyi ilə ailənin mövqeyi üst-üstə düşmür.
Məktəbdən Report-a verilən ilkin məlumatda şagirdin intihar etdiyi gizlədilir. Onun 3-cü mərtəbədən yıxıldığı bildirilir və onun ailəsindəki vəziyyətə diqqət çəkilir:
İlkin məlumata görə, şagirdin ailəsində müəyyən problemlər mövcuddur. Hazırda şagird 1 saylı Şəhər Klinik Xəstaxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Onun ayağında sınıq var.
6 apreldə isə məlum olur ki, Elina vəfat edib və Səhiyyə Nazirliyi də faktı təsdiqləyir:
Müştərək kəllə-beyin travması, döş qəfəsi və qarının küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, 5-ci döş fəqərəsinin kompressiv sınığı, 9,10 və 11-ci döş fəqərələrinin hündürlük səviyyələrinin azalması, çanaqların sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralı bu gün travmatik spinal şok keçirərək ölüb.
S. Abbasova hadisədən sonra media vasitəsilə Elina Hacıyevanın ailə üzvlərinə başsağlığı verəndə yenə şagirdin ailəsində problemlər olduğundan danışır:
Məktəbdə təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub, onun müxtəlif davranışları ilə bağlı özü və anası ilə məktəbin psixoloqunun iştirakı ilə bir neçə dəfə söhbət aparılıb, bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub.
Elinanın anası Sevil Hacıyeva isə qızının hər hansı psixoloji probleminin olmadığını, məktəbdə qızına olan münasibətin intiharına yol açdığını deyir. Onun sözlərinə görə, bəzi məktəblilərin qızına qarşı davranışı haqqında məktəb rəhbərliyinə məlumat versə də, məhəl qoyulmayıb.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılır və elə həmin gün direktor Sevinc Abbasova prokurorluqda ifadə verir.
Mediada nə yazılır?
Mediada və sosial şəbəkələrdə Elinanın intihar səbəbləri ilə bağlı müxtəlif məlumatlar yayılır. Bildirilir ki, E.Hacıyeva anası və atalığı ilə birgə Yasamal rayonunda kirayədə yaşayıb. O, daha əvvəl 49 saylı, sonra isə 203 saylı məktəbdə təhsil alıb. Ötən ilin noyabr ayından etibarən 162 saylı orta məktəbdə təhsilini davam etdirib. İddiaya görə, onların ailəsi polis idarəsində problemli ailə kimi qeydiyyatda olub.
E.Hacıyevanın həm də sinif yoldaşları tərəfindən təkləndiyi, ələ salındığı, hətta döyüldüyü, elə bu səbəblərə görə də uzun müddət özünə qapanan yeniyetmənin intihar etdiyi deyilir.
Bir neçə ay əvvəl Elina rəfiqəsi ilə arasında düşən mübahisə ucbatından depressiyada olub və onda da intihara cəhd edib. Həmin vaxt valideynləri onunla söhbət aparıb, belə addım atmaqdan çəkindiriblər.
Anası və rəfiqəsi nə deyir?
Elinanın anası Sevil Hacıyeva Oxu.Az-a qızının intihara əl atmazdan əvvəl ətrafında cərəyan edən hadisələr barədə danışıb. S.Hacıyeva deyir ki, saat 09:11 radələrində baş verən hadisə barədə onu 12:00-da məlumatlandırıblar. Onun sözlərinə görə, məktəb rəhbərliyi bir müddət qızının səhhəti ilə də bağlı ona düzgün məlumat verməyib, onun ayağının sındığını deyiblər:
Həkimlər isə dedilər ki, onun çanaq sümüyü sınıb, döş qəfəsi əzilib, ağ ciyərləri zədələnib. Ancaq məni yanına buraxmadılar.
S.Hacıyeva məktəbdə qızının müəllimlərlə və şagirdlərlə yaşadığı problemlərdən bəhs edib:
Sən demə, qızım biologiya müəllimi Leyla Mixaylovnanın onunla kobud davranması ilə bağlı rəfiqəsinə gileylənibmiş. Bundan heç xəbərim yox idi. Müəllimlə danışmaq istədim, ancaq zənglərimə cavab vermir.
Anası deyir ki, 162 saylı orta məktəb onların qaldığı evin yaxınlığında yerləşdiyi üçün uşağı elə ora köçürməyi qərara alıblar. Ancaq qız məktəb yoldaşlarının xoşuna gəlməyib. Onu ələ salmağa və müxtəlif aşağılayıcı adlar qoymağa başlayıblar. Sonradan hücumlar daha aqressiv hal alıb. Elina həmyaşıdlılarının ona qarşı münasibətindən anasına bir neçə dəfə şikayət edib.
Anası direktorun yanına gedərək məktəbdə baş verənlər barədə onunla danışıb. Direktor məsələni araşdırmağa söz versə də, heç bir ölçü götürülməyib:
Elinanın rəfiqəsi məktəbin tədris şöbəsinin müdiri Lalə Arifovnaya Azərbaycan bölməsində, 10-11-ci siniflərdə oxuyan oğlanların mənim qızımı təpiklədiyini danışıb. Uşaqlar başqalarını da onunla pis rəftara təşviq edib. Şöbə müdiri qızımın rəfiqəsinə tapşırıb ki, bu barədə bizə heç nə deməsin, ona məsələni araşdıracağına söz verib.
Sonradan məlum olub ki, Elina son vaxtlar dərslərini buraxmağa başlayıbmış. O, çantasını götürüb, məktəb saatında evdən çıxıb, vaxtında da evə qayıdıb. Həmin vaxt ərzində məktəbdə nadir hallarda gözə dəyib. O, təhsilə olan marağını itirib, qeyri-kafi qiymətlər almağa başlayıb:
Sinif rəhbəri Çimnaz Hacıyeva bir dəfə zəng edib, qızımın haralarda olduğunu, dərslərə niyə gəlmədiyini soruşmayıb. O əlinə qolbaq, qulağına sırğa salanda buna müəllimləri o dəqiqə reaksiya göstərirdi. Ancaq qızıma qarşı belə aqressiv davranışlara nədənsə göz yumublar.
S.Hacıyeva qızının təhsil aldığı məktəbi dəyişməyə çalışsa da, onun qiymətlərinin ürəkaçan səviyyədə olmaması və siniflərin dolu olması səbəbindən bu, baş tutmayıb.
Elinanın ölümündən sonra sosial şəbəkədə paylaşım edən rəfiqəsi də məktəb rəhbərliyini günahlandırıb:
…Biz onunla uzun müddətdir ki, dostluq edirdik, o mənim üçün dostdan daha artıq idi… Günahkar məktəbdir. Mən dəfələrlə direktor müavininin yanına gedərək, kömək istəyirdim, çünki Elina mənə şikayət edirdi ki, onu döyürlər. Lakin direktor və müavini cavab verdi ki, sizin uşaq problemləriniz bizim üçün maraqlı deyil. Baxmayaraq ki, Elina xəbərdarlıq edib ki, o ölmək istəyir.
Ekspertlər deyir ki…
Bu hadisə məktəblərdə psixoloq ştatının da önəmini ortaya çıxarıb. Ekspertlərin fikrincə, bəzi məktəblərdə psixoloqlar yalnız kağız üzərində fəaliyyət göstərirlər. Məktəb psixoloqlarının ildə bir dəfə, valideynlərin də imzalaması şərtiylə, hər uşağın psixoloji durumu barədə arayış tərtib etməsi təklif edilir.
Psixoloq Azad İsazadə isə hesab edir ki, ölkədə vahid proqrama əsasən, vahid diaqnostik yanaşma təmin edilməlidir:
Burada məktəb (həm də psixoloq) – valideyn-şagird tandemi yaradılmalıdır, məktəbdəki mənfi və ya müsbət stereotiplər, onun inkişafı öyrənilməlidir. Bundan əlavə, Koordinasiya Mərkəzi yaradılmalıdır ki, belə halları elmi baxımdan öyrənmək və perspektivi müəyyən mənada proqnozlaşdırmaq mümkün olsun. Həm də Təhsil Nazirliyi belə məsələlərə dair psixoloji-metodik proqramlar hazırlamalıdır.
Hüquqşünas Samirə Ağayeva deyir ki, yetkinlik yaşına çatmayan şəxsin təhsil müəssisəsində (məktəb, uşaq bağçasında, internatda və s.) olarkən məhz həmin müəssisənin rəhbərliyi və əməkdaşlarının nəzarətinə verilir və yalnız onlar məsuliyyət daşıyır:
Məktəb direktoru və müəllimləri bundan əlavə mənəvi məsuliyyət daşıyırlar, çünki digər şagirdlərin Elinaya qarşı davranışlarına görə heç bir tədbir tətbiq etməyiblər.
S. Ağayeva Elinanın anasına qızının aylardır məktəbə gəlməməsi barədə məlumat verilməməsinə və məktəb ərazisində baş verən digər hallardan da danışıb:
Məlumata görə, Elinaya Cavad adlı oğlan “Tramadol” dərmanı verirdi. Bu dərman güclü psixotrop dərmanıdır və xərçəng xəstələrinin əzablarını azaltmaq üçün verilir, heç bir aptekdə satılmır və yalnız uçotda olan xəstələrə pulsuz verilir. Bu dərman oğlanın əlinə necə düşüb, oğlan onu haradan tapıb ya alıb? Məktəbdə yerləşdirilən kameralar ətraflı və detallı araşdırılmalıdır.
Hüquqşünas vurğulayıb ki, Elina xəstəxanada olarkən onun yanına anasının buraxılmaması, direktorun buraxılması səbəbləri də aydınlaşdırılmalıdır.
Bu gün 162 saylı orta məktəbin direktoru Sevinc Abbasova Təhsil Nazirliyinin əmri ilə işdən azad edilib.