Koronavirus pandemiyasının qarşısını almaq üçün bir çöx ölkədə hökumət karantin rejimi tətbiq edib və bu rejimin qaydalarına əsasən bir çox iaşə obyektləri, kiçik bizneslər fəaliyyətini dayandırıb. Əksər şəhərlərdə yalnız aptek və supermarketlərdən başqa obyektlərin fəaliyyəti uzun müddət qadağan edilib.
İş orasındadır ki, bu pandemiya həm də yüzlərə insanın öz iş yerindən məhrum olmasna səbəb olub. Buna görə də bəzi ölkələr koronavirus pandemiyasının mənfi təsirini aradan qaldırmaq üçün dəstək paketləri elan edib. Mikroskop bu dəstək paketlərindən bəziləri haqqında daha ətraflı məlumatı təqdim edir.
Yaponiya: 2,2 trilyon dollar
Dəstək paketi ilə iqtisadiyyat və səhiyyə xərcləri, habelə çətin vəziyyətdə olan şirkətlərə maddi və icarə yardımı ediləcəyi bildirilib.
ABŞ: 2 trilyon dollar
Bu, ABŞ tarixindəki ən böyük iqtisadi dəstək paketidir. Pandemiyadan ən çox əziyyət çəkən sektorlar üçün 500 milyard dollar, milyonlarla ailəyə 3000 dollar pul yardımı təmin etmək üçün 290 milyard dollar xərclənəcəyi gözlənilir.
Həmçinin kiçik həcmli iş yerlərinə 350 milyard dollar kredit vermək, işsizlik müavinətinin artırılması üçün 250 milyard dollar, xəstəxanalara və əlaqədar səhiyyə müəssisələrinə 100 milyard dollar yardım etmək də nəzərdə tutulub.
Almaniya: 825 milyard dollar
Dəstək paketi ilə kiçik şirkətlərə maddi yardım, hər uşağa 300 avro ayrılması nəzərdə tutulur.
Koronavirusa görə çətin günlər keçirən “Lufthansa” hava yollarını xilas etmək üçün isə 9 milyard avro ayrılıb.
İngiltərə: 430 milyard dollar
Bu məbləğ ilə müəssisələrə geri qaytarılmayan nağd kreditlər vermək nəzərdə tutulub.Hökumət iş yerlərini qorumaq üçün işəgötürənlərə işçilərin maaşlarının 80%-ni qarşılamağı təklif edib.
Fransa: 120 milyard dollar
Nəzərdə tutulan məbləğin 1 milyard avrosu istehlakçıları elektriklə işləyən avtomobillər almağa təşviq üçün geri qaytarılmayan kredit verilməsini əhatə edir.
Prezident Makron avto qalereyalarda gözləyən 400.000 avtomobilin satılmasına kömək üçün ailələrə 3000 avro verməyi planladıqlarını açıqlayıb.
Hindistan: 265 milyard dollar
Əsasən kiçik müəssisələrə istiqamətlənən və torpaq, əmək, hüquq kimi sahələrə yönəldiləcək paketə yeni obyektlər üçün vergi güzəştləri, xarici şirkətlər üçün investorları təşviq etmək stimulları da daxildir.
Türkiyə: 15 milyard dollar
Dəstək paketinə böhrandan ən çox təsirlənən xidmət sektorundakı vergi öhdəlikləri, işəgötürənlərin kredit borcları, ödənişsiz məzuniyyət hüququ olan, qısamüddətli iş müavinətindən yararlana bilməyən və ya işdən çıxarıldıqda işsizlik müavinəti almaq hüququ olmayan işçiləri nəzərə alınacaq.
Azərbaycan: 325 milyon dollar (533 milyon manat )
Azərbaycan hökumətinin təqdim etdiyi dəstək paketinə iqtisadi artım və sahibkarlığa dəstək istiqaməti üzrə bir neçə sahənin maliyyələşdirilməsi, pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin maaşlarının ödənilməsi, işsiz kimi qeydiyyata alınan 600 min şəxsə iki ay 190 manat birdəfəlik ödəmə, “Azərbaycan Hava Yolları” QSC-yə 86 milyon, “Bakı Metropoliteni” QSC-yə 2 milyon vəsait ayrılması və s. daxildir.