Yeni Zelandiya məhkəməsi ötən il 2 məscidə silahlı hücum edərək 51 nəfərin ölümünə, 40 nəfərin yaralanmasına səbəb olan avstraliyalı Brenton Tarranta hökm oxuyub. Amerikanın Səsi yazır ki, məhkəmə Tarrantı ömürlük həbs cəzasına məhkum edib.
29 yaşlı avstraliyalı ömrünün sonuna qədər həbsdə qalacaq və heç bir amnistiyadan yararlana bilməyəcək.
Yeni Zelandiyada bu günə qədər əvfsiz ömürlük həbs cəzası ilk dəfədir tətbiq edilir.
Məhkəmə qərarını açıqlayan hakim Kameron Mander Tarrantın peşmanlıq əlaməti göstərməməsini vurğulayıb.
İşlətdiyiniz cinayətlər dəhşətlidir. Ölənə qədər həbsdə qalsanız da, əməllərinizin qarşılığını almış sayılmayacaqsınız”
deyə hakim bildirib.
Ötən ay vəkillərindən imtina edən Tarrant məhkəmədə susqunluğunu qoruyub.
Mərhumların yaxınları yaxınları və sağ qalanlar məhkəmə qərarından məmnun olduqlarını dilə gətiriblər.
Nə baş verib: Brenton Tarrant 2019-cu il martın 15-də Yeni Zelandiyanın Kristçorç şəhərindəki Əl-Nur və Linvud məscidlərinə silahlı hücum edib. Onun hücumdan əvvəl 74 səhifəlik manifest yayımladığı və türkləri hədələdiyi ortaya çıxmışdı.