Sentyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş Baş prokuror, 20 ilə yaxın səfir olmuş Eldar Həsənovun vəziyyəti pisləşib. O, məhkəmə zalında ifadə verərkən yerə yıxılıb.
Eldar Həsənov ötən məhkəmə iclasında olduğu kimi, yenə də prosesin qapalı keçirilməsi məsələsini qaldırıb:
Çünki mən hər epizod üzrə ifadə verəndə adlar açıqlamalıyam, ətraflı danışmalıyam. Onu da istəmirəm ki, həmin məsələlər ictimailəşsin. Mən 15 epizod üzrə təqsirləndirilirəm. Bunların hər biri üzrə ayrı-ayrılıqda danışmalıyam, ittihamın əsassızlığını ortaya qoymalıyam.
Hakimlər yenə də dövlət sirri təşkil edən məlumatların olmadığını bildirərək prosesin qapalı keçirilməsinə razılaşmayıblar.
E.Həsənova qarşı ittihamlardan biri səfir olduğu ölkələrdə səfirlik üçün binaların alınmasındakı milyonlarca vəsaitin yeyintisilə əlaqəlidir.
Binaların alınması ilə bağlı ittihama cavab verən keçmiş səfir deyib ki, binaların alınması, seçilməsi prosesində səfirliyin məsuliyyətində olmayıb. Bu işləri Bakıdan gələn komissiya həll edib. Komissiyanın sədri də xarici işlər nazirinin müavini olub:
2009-2014-cü illərdə Azərbaycan hökuməti qərar verdi ki, xarici ölkələrdəki səfirliklər üçün binalar alınsın. Mən də o dövrdə hansı ölkələrdə səfir olmuşamsa, binalar alınıb. O binaları özüm almamışam. Məsələn, Rumıniyadakı binanın alınması üçün xarici işlər nazirlinin müavini Vaqif Sadıqovun sədrliyilə komissiya yaradılmışdı. Eynilə Belqraddakı binanın alınması da nazir müavininin rəhbərliyi altında komissiyanın əli ilə həyata keçirilib. Ora gəliblər, həmin binaya baxıblar. 6 bina təklif olunmuşdu, komissiya onun 4-nü bəyəndi. Qərarı da onlar verdilər. Dörd bina arasından necə seçim edilib, necə alınıb – bu proseslərdə mən iştirak eləməmişəm. Aktda da nə mənim imzam var, nə də səfirlik əməkdaşlarının. Əmlak şirkətilə də komissiya maraqlanıb, onlar müqavilə bağlayıb. Alqı-satqıda pulun yarısı nağd verilib, yarısı da bank hesabına köçürülüb. Bunu əmlak sahibi də ifadəsində təsdiqləyir ki, alqı-satqı prosesində mənim rolum olmayıb. O etiraf edib ki, vergi vermək istəmədiyimə görə vəsaitin bir hissəsini nağd alıb. Bu ifadə ola-ola müstəntiq nə istəyir, məlum deyil. Müstəntiq bilə-bilə ki, bizlik heç nə olmayıb, günahı səfirliyin üstünə atır.
4 milyona alınan bina
E.Həsənovanın sözlərinə görə, əmlak sahibinin pulun bir hissəsini nağd şəkildə almaq istədiyi də olurdu:
Belqradda alınan binanın sahibi də ifadəsində etiraf edib ki, vergini çox ödəməmək üçün pulun bir hissəsini nağd alıb.
Keçmiş səfir deyir ki, Monteneqrodakı binanın sahibi iki qardaş olub. Onlardan biri pulu nağd istəyib, digəri isə bank hesabına köçürülməsini tələb edib:
Çox mötəbər şəxsin köməkçisilə əlaqə saxlayıb, məlumat verdim ki, belə bir problem var. Onlar problemi özləri həll elədilər. Qardaşın birinə pulu nağd ödədilər, o birinə köçürmə yolu ilə. Obyekt sahibi ifadəsində bildirib ki, binanı 3 milyona istədilər, vermədim. Bina 4 milyona alınıb. Əgər adam öz diliylə deyirsə ki, 3 milyona verməmişəm, müstəntiq 4 milyondan 1.4 milyon yeyintini necə çıxarıb? 24 il hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləmişəm, amma bu işdəki qədər saxtakarlığa rast gəlməmişəm…
E.Həsənov Bosniya və Herseqovinadakı səfirlik binası barədə danışıb. O, bildirib ki, bu ölkənin rəhbərinin Azərbaycana səfərindən sonra buna qərar verilib: “Qarşı tərəfin təklifi olmuşdu ki, Azərbaycanın orada səfirliyi açılsın. Bosniya prezidenti qayıdandan sonra məni qəbul elədi. Binanı da təklif elədi, dedi ki, satan da müsəlmandır. Görüşdən sonra mən danışdıqlarımızı məktub formasında prezidentə, Baş nazirə və xarici işlər nazirinə göndərdim. Mənə dərhal tapşırıq gəldi ki, həmin bina alınsın. O bina da alındı. O proses də mənim iştirakımla olmayıb…”
Prokuror etiraz edərək bildirib ki, ittihamda söhbət Sarayevo küçəsindəki evin alınmasından gedir.
Keçmiş səfir bundan sonra deyib ki, Sarayevo küçəsindəki evin alınmasıyla bağlı İqtisadiyyat Nazirliyinin rəhbərliyilə komissiya yaradılıb. Beş nəfərdən ibarət komissiya gəlib, seçim edib. O binanın da pulunun bir hissəsi nağd ödənilib:
Bir hissəsini isə “Scana” şirkətinə köçürüblər. Bu şirkətin hesabı da Aşur adlı azərbaycanlının adına olub. Müstəntiq bunu araşdırmır ki, Böyük Britaniyada qeydiyyatdan keçmiş həmin ofşor şirkət kimin olub. Sahibi də bəllidir. Aşur isə ortada vasitəçidir, sadəcə, pul onun hesabına köçürülür. Ona da bu köçürməyə görə bir neçə yüz dollar pul verilir.
Eldar Həsənov istintaq zamanı qanunsuzluqlara yol verildiyini deyib. Onun sözlərinə görə, obyektiv və hərətərəfli araşdırma üçün zəruri olan sənədlərin heç biri cinayət işinin materiallarında yoxdur.
“Bu qədər qanunsuzluq, qəddarlıq olarmı?! Mən dözməyə çalışıram, amma mənim yerimə fələk oğlu fələk də dözməz bu haqsızlıqlara. Mən hər kəsə sözümü çəkinmədən deyən insan olmuşam, kimsənin arxasınca danışmıram. Arzu edərdim ki, istintaqı aparan burada olsun, onun üzünə deyim bunları. Deyirlər ki, danışdıqların prokurorluğun adına xələl gətirir. Mən prokurorluğun yağ-bal içində olduğu vaxtda işləməmişəm, gülləbaran edildiyi, silahlı hücumlar olduğu vaxtda sinəmi qabağa vermişəm…”
Məhkəmədə mübahisə
Prokuror təqsirləndirilən şəxsin ittihamın mahiyyətindən kənara çıxdığını bildirib:
Xahiş edirəm, ittihamın mahiyyətindən danışsın.
Bu zaman Eldar Həsənovla dövlət ittihamçısı arasında mübahisə yaranıb:
Mən elə ittihamdan danışıram. Mənə ağıl öyrətməyin. Bundan sonra 40 il lazımdır ki, mənə məsləhət verəsən, başa düşdün? Yerini, həddini bil…
Mübahisədən biraz sonra onun səhhəti pisləşib və məhkəməyə təcili yardım çağrılıb.
Növbəti məhkəmə iclası sentyabrın 17-nə təyin edilib.
Nə baş verib: Eldar Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb. Həsənovun ittiham olunduğu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.