Sentyabrın 16-da Təhsil Nazirliyinin inzibati binasının önündə təkadamlıq etiraz aksiyası baş tutub. Etiraza səbəb işsizlik və müraciətlərə baxılmaması olub.
Cəlil Zabidov Yardımlı rayonunda yaşayır. Şikayətçi işinin bərpa olunmamasından gileylənir. O, 2007-ci ildən bəri müəllim işləyib. 2020-ci ilin mayın 21-də həbs olunub, oktyabrın 21-də isə azadlığa buraxılıb. Oktyabrın 22-dən işinin bərpası ilə əlaqədar Təhsil nazirliyinə ərizə məktubları yazıb. 13 illik müəllimin sözlərinə görə, Təhsil naziri heç bir ərizəyə baxmır. C.Zabidov hesab edir ki, ona qarşı ayrı-seçkilik edilir. Bunu da o, siyasi fəaliyyəti ilə əlaqələndirir.
Məni şərləyib həbs etdilər. Haqsızlığa göz yummurdum. Parlament seçkilərindəki saxtakarlığa qarşı çıxdım. Daha sonra rayonda olan özbaşınalıq hallarını videoya çəkib paylaşırdım ki, xalqın haqqını belə yeyirlər. Bu səbəbdən mənimlə prinsipə düşüb, həbs etdirdilər. Artıq həbsimi yatıb çıxdım. Mən qeyri-qanuni heç nə istəmirəm. Haqqımı tələb edirəm.
Etirazçının sözlərinə görə, Təhsil Nazirliyi vakansiya üçün onun müraciətini qeydiyyata almayıb:
Keçən il işlə bağlı mənə dedilər ki, gələn il vakansiya çıxan kimi gedib müəllim kimi işləyə bilərəm. Bu il də vakant yerləri oldu, amma məni qeydiyyata almadılar və vakansiyada iştirak edə bilmədim. Məni artıq bir ilə yaxındır aldadırlar. Təhsil Nazirliyinin səhifəsinə daxil olub izləmək olar ki, xalq təhsil sistemindən narazıdır. Nazir işini görə bilmir. Təhsil naziri işini bacarmırsa, istefa versin. Qoy, işi bilənlər gəlsin.
Şikayətçi deyir ki, Təhsil naziri Emin Əmrullayev sosial şəbəkələrdə vətəndaşlarla görüşdüyünü bildirsə də bu, yalandır:
Sentyabrın 1-də Təhsil naziri Emin Əmrullayev səhifəsində paylaşmışdı ki, cənub bölgəsinin vətəndaşları ilə görüşür. Mən də onlayn qeydiyyatdan keçdim ki, görüşə qatılıb şikayətimi deyim. Lakin bu da baş tutmadı.
Daha sonra Təhsil Nazirliyinin inzibati binasının mühafizəçisi şikayətçiyə qapıda deyib ki, gedib məhkəməyə müraciət edə bilər.
Bu boyda Təhsil Nazirliyinin qarşıma çıxıb sualıma cavab verəcək bir işçisi yoxdur.