Rəsmi dövlət qəzeti “Azərbaycan” Ərdoğanın Qarabağla bağlı dediyi fikirləri tənqid edən yazı dərc edib. İyulun 30-dakı çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili tənqid edəndə deyib ki, “Qarabağa, Liviyaya girdiyimiz kimi İsrailə də girərik”.
“Azərbaycan” qəzeti redaksiyası adından dərc olunan materialda Türkiyə prezidentinin mövqeyi tənqid olunur və qeyd olunur ki, bu açıqlamalar “erməni dəyirmanına su tökür”.
Qardaş Türkiyədə verilən məlum bəyanatlar, açıqlamalar 44 günlük müharibənin gerçəkliklərini açıq şəkildə təhrif edir. Ən əsası isə, erməni dəyirmanına su tökür! – qəzet yazır.
“Qarabağ zəfərinin müəllifi Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusudur” başlıqlı yazıda Azərbaycanın Türkiyədən satın aldığı silahlar, müharibə iştirakçılarının ümumi sayı və eləcə də Azərbaycanın Türkiyədəki zəlzələdən sonra Kahramanmaraş şəhərindəki tikintilər üçün ayırdığı yardımın məbləği də yer alıb.
Mikroskop Media həmin materialdan çıxarışları təqdim edir:
- Dünyanın dörd bir tərəfindən lobbilərinin dəstəyi azmış kimi, hələ güclü fövqəldövlətlərin də maliyyə, hərbi, siyasi yardımını arxalarına alıb Azərbaycan torpaqlarını işğal edən, sonrakı 30 ildə yenə də bu bədnam xarici köməklə Qarabağı cəhənnəmə çevirənlər Azərbaycanın ədalətli savaşına kölgə salmağa çalışdılar. Gah hansısa xarici qoşunlardan, gah xarici muzdlu döyüşçülərdən danışdılar…
Prezident İlham Əliyevə bu barədə xarici media mənsubları tərəfindən dəfələrlə suallar verilib. Onun cavabı hər zaman konkretdir: “İddialarını əsaslandırmaq üçün heç olmasa bir fakt göstərsinlər”. Yəni bu qədər sadə: fakt göstər və isbat et. Faktın yoxdursa, demək, dediklərin yalandır, böhtandır, qərəzdir. Fakt isə, həqiqətən də, yoxdur. Hətta süni zəka texnologiyaları ilə də bir yalan uydura bilmirlər…
- Təəssüf ki, bu yalan kampaniyasına bəzən dost ölkələrdən də qatılanlar olur. Məsələn, 2001-2004-cü illərdə qardaş Türkiyənin Azərbaycanda səfiri olmuş Ünal Çeviközün hələ müharibənin gedişində verdiyi bəyanat hər birimizdə məyusluq doğurmuşdu. “Türkiyənin Azərbaycana silah yardımı etməsi, muzdlu döyüşçülər göndərməsi və Qarabağın Azərbaycanın öz gücünə azad olunmadığı” barədə həm ağ, həm də zil qara yalanı utanmadan söyləyən bu şəxsdən, əslində, başqa nəisə gözləmək də olmazdı.
- Və yenə də təəssüf ki, türk mediası cəmiyyəti narahat edən mövzuları unudaraq, yeni süni gündəm yaradıb. İsrail dövlətinə hərbi müdaxilə ediləcəyi və “Qarabağa vaxtilə girdikləri kimi Yerusəlimə də girəcəkləri” iddia edilən məlum bəyanatın şərhi qərəzli istiqamətdə aparılır, həqiqət təhrif olunur, aşkar ermənipərəst mövqe bildirilir.
- Ermənilərin yalanını başa düşdük, lap elə Ünal Çeviközün böhtanını da anladıq – onların niyyəti, məqsədi məlumdur. Ancaq bu böhtanı söyləyənlər arasında dost besab etdiyimiz insanların da olması həqiqətən də üzücüdür.
- Hər iki ölkənin ziyalıları, siyasətçiləri, media təmsilçiləri, ictimai fəalları xalqlarımızın daha da yaxınlaşmasına, onlar arasında ən kiçik bir anlaşılmazlığı da dərhal aradan qaldırmağa çalışmalıdır. Bu, mənəvi borca, vətəndaş öhdəliyinə çevrilməlidir. Bu istiqamətdə Azərbaycanda və vətəndaşlarımız arasında hansısa bir zidd fəaliyyətə rast gəlinməyib.
- İlham Əliyevin tapşırığı ilə Qəhrəmanmaraş bölgəsində zəlzələdən zərər çəkənlərə ilkin qiymətləndirilməsi 100 milyon dollardan artıq olan min evlik şəhərin salınması Prezidentdən sıravi vətəndaşa qədər hər bir azərbaycanlının Türkiyə sevgisinin simvoludur.
- Az qala müharibə vəziyyətində olan Rusiya ilə Türkiyə münasibətlərini normallaşdırmaq üçün İlham Əliyevin aylar sürən zəhmətini, əməyini, qeyri-adi diplomatik bacarığını unutmaq olarmı?
- Yaxud Qarabağ və Şərqi Zəngəzurun quruculuğunda böyük transmilli türk holdinqləri ilə yanaşı, onlarla digər türk şirkətləri, minlərlə türk mühəndis, usta çalışır. Azərbaycan dövləti qardaş ölkənin özəl sektoruna bu prosesdə iştiraka, yəni mənfəət əldə etməyə, Türkiyə büdcəsinə külli miqdarda vəsaitin daxil olmasına geniş şərait yaradır.
- Ancaq qardaşlıq da bir qapıya oynanılan futbol yarışına çevrilməməlidir, qarşılıqlı öhdəliklər, mənəvi vəzifələr unudulmamalıdır.
- Qələbənin sahibi çox olar, məğlubiyyət isə yetim qalar – bu deyim Azərbaycanın Vətən savaşındakı qələbəsinə də təəssüf ki, şamil oluna bilər.
- Xalqımızın, ordumuzun, Komandanımızın halal qələbəsinə sahiblənmək, onu öz adına çıxarmaq cəhdlərini bütün Azərbaycan görür və məyusluqla, dərin təəssüflə izləyir. Erməninin rəzil yalanını qardaşlarımızdan da eşitdikdə qəlbimiz sınır, inciyirik, gözləmədiyimiz yerdən duyduğumuz bu sözləri ağır mənəvi zərbə kimi qarşılayırıq.
- Azərbaycanın zəfərinin nəticələri, məhz nəticələri bütün türk dünyasına məxsusdur, amma müəllifi onlar, o cümlədən Türkiyə deyil axı…
- Atalarımız deyib ki, sağ əlin verdiyini sol əl bilməz, qardaş qardaşa elədiyi ilə öyünməz. Hətta hipotetik şəkildə fərz edək ki, Türkiyə Vətən savaşında siyasi-mənəvi dəstəkdən başqa, əlavə də hər hansı bir dəstək göstərib. Bunu açıq bəyan edib, Ermənistanın və dünya erməniliyinin, o cümlədən ABŞ, Fransa və digər məlum dövlətlərin və qüvvələrin manipulyasiyalarına niyə əsas verilməlidir?
- Yeri gəlmişkən, “hərbi arsenala yardım” kimi sırınan informasya da yanlışdır. Onların hamısı hərbi əməkdaşlığın ticarət bölümünə aid məsələlərdir. Yəni aldığımız hər güllənin, sursatın, texnikanın dəyərini son qəpiyinədək ödəmişik, cənablar!..
- Ölkəmizdə hazırda 93125 nəfər müharibə veteranı var. Onlardan 4685 nəfəri vətən müharibəsi əlilidir. Şəhidlərimizlə bərabər döyüşlərdə iştirak edən hərbçilərimizin sayı 97 minə yaxındır. Qarabağa girən, Qarabağı azad edən bu 97 min Azərbaycan vətəndaşı, igidi, qəhrəmanıdır!