Sentyabrın 2-də İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər. Prezidentin İşlər müdiri Ramin Quluzadə ölkə başçısı və xanımına zavod barədə məlumat verib.
“İstisu” suları satışa çıxan gündən həm qiymətinin satışda digər sularla müqayisədə baha olması, həm də keyfiyyətinə görə müzakirə olunmağa başladı. Eyni zamanda bu suların istehsalını həyata keçirən şirkətin kimə məxsus olması da müzakirə mövzusu oldu.
Araşdırmaçı jurnalistlər “İstisu” sularının kimlərə, hara aid olması, zavod tikilərkən bunun qanuna uyğun olub-olmamasını müəyyənləşdirib.
Zavod haqqında nələri bilirik?
Təməli 2022-ci il iyunun 26-da İlham Əliyev tərəfindən qoyulan “İstisu” mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb.
Zavoddakı avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemlərini Almaniyanın “Krones” şirkəti təchiz edib və quraşdırıb. Zavodun illik istehsal gücünün 100 milyon şüşə butulkadan artıq olduğu bildirilir.
Zavodun açılışı ilə bağlı dərc olunan rəsmi məlumatda deyilir ki, ikinövbəli iş rejimində fəaliyyət göstərəcək müəssisədə təxminən 100 nəfər işlə təmin ediləcək, işçilərin əksəriyyəti isə Kəlbəcər və Laçın rayonlarının sakinləridir.
Zavod rəsmi olaraq kimə məxsusdur?
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, zavod Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “İstisu” Mineral Su Zavodu Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 5800484151) kimi 30.07.2022 tarixində qeydiyyata alınıb. ASC-nin hüquqi təmsilçisi isə Adil Fəxrəddin oğlu Haqverdiyevdir. O, hazırda zavodun baş icraçı direktorudur. Bundan əvvəl isə o, Gədəbəy Mineral Suları Zavodunun baş icraçı direktoru olub.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi — Azərbaycan Prezidentinin və Prezident Administrasiyasının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur. İşlər İdarəsi Administrasiyanın tərkibinə daxil deyil. Azərbaycanın dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən orqandır. 2021-ci ildən Prezidentin İşlər müdiri Ramin Quluzadədir.
Prezidentin İşlər İdarəsinə tabe olan tək müəssisə “İstisu” zavodu deyil və rəsmi məlumata görə, daha bir neçə təşkilat və iaşə obyekti bu quruma tabedir:
- “Ulduz” Qonaq Evi (Prezident İqamətgahı və “Ulduz” Sarayı daxil olmaqla)
- “Azadlıq” Qonaq Evi
- “Gənclik” iqamətgahı
- “Zuğulba” iqamətgahı (1 N-li Pansionat və “Şəfəq” Sarayı daxil olmaqla
- İşlər İdarəsinin Pansionatı (əvvəlki adı: 2 N-li Pansionat)
- “Qəbələ” iqamətgahı
- Rəsmi Qəbullar Sarayı (əvvəlki adı: Səadət sarayı)
- İşlər İdarəsinin Avtomobil Parkı
- İşlər İdarəsinin “İstisu” Mineral Su Zavodu
- İşlər İdarəsinin “İstisu” Müalicə-İstirahət Kompleksi
- İşlər İdarəsinin “Xankəndi” Mehmanxana Kompleksi
- “Marxal” Müalicə-İstirahət Kompleksi
- “Basqal” Müalicə-İstirahət Kompleksi
- “Şabran” İstirahət Kompleksi
- “Azərsuvenir” MMC
- “Azərbaycan Nəşriyyatı” MMC
- Prezident Kitabxanası
- İctimai-Siyasi Sənədlər Arxivi
Təsisçisi olduğu qəzetlərin siyahısı:
- “Bakinski raboçi” qəzetinin redaksiyası
- “Respublika” qəzetinin redaksiyası
- “Xalq qəzeti”nin redaksiyası
Zavod haqqında nələri bilmirik?
Zavodun tikintisinə büdcədən nə qədər vəsait ayrılması və onun necə xərclənməsi, tikintini hansı şirkətin və ya şirkətlərin həyata keçirməsi barədə məlumatlar açıqlanmır. “İstisu” mineral sularının satışının “Avrora” MMC şirkəti tərəfindən həyata keçiriləcəyi açıqlansa da, həmin şirkətin də necə seçildiyi məlum deyil.
Qanunvericiliyə görə, dövlət qurumu malları, işləri və xidmətləri əldə edəndə satınalma metodlarından istifadə etməlidir. Satınalma müqaviləsinin həyata keçirilməsi üçün isə tender müsabiqəsi keçirilməlidir. Dövlət satınalmalarının vahid internet portalında jurnalistlər adı çəkilən şirkətin hər hansısa tender müsabiqəsinə rast gəlməyib. Bəs bu, şəffaflığın pozulması hesab olunurmu?
Ekspertlər deyir ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və tikinti işləri qeyri-şəffafdır. Layihənin “İstisu” Mineral Su Zavodu, yaxud da Şuşada çəkilən yol olmasından asılı olmayaraq, hamısı eyni üsulla həyata keçirilir və bu kimi layihələrdə tenderin keçirilməsi belə şübhəlidir:
“Çünki Kəlbəcərdə İşlər İdarəsinin öz tikinti şirkətləri mövcuddur. Və yaxud İşlər İdarəsi bunun idarəetməsini verib “Paşa Development”ə. O da özəl şirkətdir. Özəl şirkət də özü qərar verir kiminlə işləyir, yaxud tender elan edir ya, özü keçirir və s.” – adının çəkilməsini istəməyən ekspert deyir. Onun sözlərinə görə, İstisuda tikintini “Paşa Holdinq”in özünün həyata keçirdiyi ehtimal olunur: “Yəni ümumi sistem belədir. İşlər İdarəsinin şəffaf olub-olmaması məsələsi deyil, heç biri şəffaf deyil, bütün dövlət qurumları, müəsisələri problemlidir. Qanunvericilikdə var ki, bütün dövlət qurumlarında hesabatlılıq olmalıdır, amma etmirlər”.
Ölkədəki ən bahalı sulardan hesab edilir
Sosial mediadakı müzakirələrdə isə bir çoxu “İstisu” mineral sularının yenidən istehsal edilməsini, keyfiyyətini rəğbətlə qarşılasa da, digərləri qiymətinin baha olmasından şikayətləniblər.“İstisu” mineral sularının 0.5 litrlik butulkası 90 qəpik, 1 litrlik butulka isə 1 manat 40 qəpikdir. Vətəndaşlar bildirirlər ki, bu, ölkədəki ən bahalı su hesab olunur.
Nəticə budur ki, Kəlbəcər rayonunda istehsal olunan “İstisu” mineral suları birbaşa prezident və onun İşlər İdarəsinin tabeliyindədir. Dövlət müəssisəsi dövlət vəsaiti hesabına kommersiya fəaliyyəti ilə məşğul olur. Lakin şəffaflıq baxımından qanunvercilikdə nəzərdə tutulan normalara uyğun hesabatlılıq mövcud deyil.