Hüquqşünas Erkin Qədirli Facebook-da Xocalı qətliamı ilə bağlı olan hüquqi problemlərdən yazıb. O, faciənin beynəlxalq məhkəməyə çıxarılmasına mane olan hüquqi əsasları izah edib. Hüquqşünas deyir ki, ilk növbədə çətinlik yaradan detal Azərbaycanın Soyqırım Konvensiyasına 1996-cı ildə qoşulmasıdır. Ermənistan isə bunu 1992-ci ildə edib.
Digər maneələrin izah olunduğu bəndlərin qısa məzmununu təqdim edirik:
2000-ci ilə qədər Cinayət Məcəlləsində soyqırım cinayəti olmayıb, ona görə də Prokurorluq istintaqa başlaya bilməzdi, yəni istintaqa başlamaq 8 il vaxt aparıb
Soyqırım cinayətinə zaman məhdudiyyəti tətbiq olunmur, amma siyasi iradənin formalaşmasına bu qədər çox vaxtın getməsi tələblərin beynəlxalq səviyyədə inandırıcılığını azaldır
BMT-nin Təhlükəsizlik Şurasının iki tribunalı yalnız Yuqoslaviya və Ruandadakı cinayətləri, Haaqada yerləşən daimi Beynəlxalq Cinayət Məhkəməsi isə yalnız 2001-ci ildən bu yana törədilmiş cinayətləri araşdıra bilər.
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi isə cinayət işlərini yox, dövlətlərarası mübahisələri araşdırır. Azərbaycanın Ermənistanı şikayət edib təzminat tələb etməyi də mümkün deyil, çünki hər iki ölkə Ədalət Məhkəməsinin yurisdiksiyasını tanımır.
Universal yurisdiksiyanı tanıyan və tətbiq edən hər hansısa üçüncü ölkədə bu cinayətin araşdırılıb qətliamda iştirak edənlərin həbsinə nail olmaq olar. Həmin ölkədə diplomatik işləri gücləndirib buna cəhd etmək mümkün idi, amma hadisənin üstündən 26 il vaxt keçdiyinə görə, hansısa dövlətdən bunu tələb etmək inandırıcı görünməyəcək.
Azərbaycandakı bəzi məhkəmələr Xocalı qətliamına görə həbs qərarı çıxarıb o şəxsləri beynəlxalq axtarışa verə bilər. Amma Azərbaycan məhkəmələrinin reputasiyası aşağı olduğundan ədalətli mühakimə ehtimalı az sayılacaq və həbsi tələb olunan adamlar ölkəyə təhvil verilməyə bilər.
Xocalı soyqırımdırmı?
Xocalının soyqırım olduğunu da ayrıca sübut etmək lazımdır. Belə ki, hüquqda, bir cinayətin soyqırım sayılması üçün sadəcə kütləvi qırğının olması yetərli deyil.
İki önəmli məqam var:
a) qırğına məruz qalmış insanların dörd (milli, etnik, irqi, ya da dini) meyara görə öldürüldüyünü sübut etmək
b) xüsusi (yuxarıdakı meyarların birinə görə qrupu, bir qrup kimi bütövlükdə, ya da qismən məhv etmək) məqsədini sübut etmək gərəkdir.