Azərbaycan mediasına müsahibə verməməsi barədə
Mən öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm. Bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bəzən belə bir sual verilir ki, nə üçün prezident xarici mediaya daha çox müsahibə verir. Bunun iki səbəbi var. İstərdim ki, bu barədə də öz fikrimi bildirim, Azərbaycan mediası da bilsin. Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir çox hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə də xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Bizə qarşı aparılan təbliğatın qarşısında biz öz həqiqətlərimizi ortaya qoyuruq.
İkinci səbəb ondan ibarətdir ki, hesab edirəm ki, ölkə daxilində gedən işlərlə bağlı öz fikirlərimi müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər kabinetinin müntəzəm olaraq keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir, həm də görüləcək işlər haqqında danışılır.
Eyni zamanda bugünki müsahibəmiz onu göstərir ki, mən həmişə Azərbaycan mediasına açıq olmuşam, bundan sonra da belə olacaq.
İslahatlar
2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir. Ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır. Vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır. İnsanların rifah halını yaxşılaşdırmaqdır. Daha güclü dövlət qurmaqdır.
Şamaxıdakı zəlzələ
İnkişaf etmiş ölkələrdə belə olan hallarda nə baş verir? Vətəndaş hansı ki, öz evini sığortalayıb, gedib sığorta şirkətindən uzun prosesdən sonra pulunu alır, əgər ala bilsə. Ondan sonra o pulla özü üçün yeni ev tikir. Aylarla, bəlkə də illərlə vətəndaş öz məişət problemini həll edə bilmir. Azərbaycanda nələr baş verir? Dərhal bütün dövlət qurumları səfərbər olur, dövlət maliyyə vəsaiti ayırır və dövlət xətti ilə evini itirmiş vətəndaşa ev tikilir. Hansı başqa ölkədə bu var? Bunu deməklə mən sadəcə olaraq öyünmək istəmirəm, həqiqətləri demək istəyirəm.
Şamaxıya səfəri zamanı görüşdüyü Saray nənə haqqında
Mən Şamaxıya gedəndə bilmirdim ki, Saray nənə ilə rastlaşacam. Gedirdim zəlzələdən ziyan çəkmiş evlərə baxırdım. Bu görüş məndə də çox böyük təəssürat, böyük bir iz buraxdı. Ümid edirəm tezliklə Saray nənə ilə bir də görüşəcəm və ona yeni evinin açarını təqdim edəcəm.
ASAN Xidmət
ASAN Xidmətin əhəmiyyətini bəlkə də bu gün biz tam dərk eləmirik. Bu sadəcə olaraq vətəndaşlara gözəl rahat xidmət mərkəzi deyil. Bu, böyük dərəcə insanlarda böyük dəyişikliklərə gətirib çıxarıb.
ASAN Xidmətdə korrupsiya sıfırdır, rüşvətxorluq sıfırdır, kobudluq sıfır, bürökratiya sıfır. Bu, mümkündür. Bunu biz özümüz eləmişik. Heç bir hansısa xarici təşkilat bunu bizə tövsiyə etməmişdir.
Sirr deyil ki, ASAN Xidmətə qədər hər hansı bir arayışı almaq üçün nə qədər böyük əziyyət çəkirdi bizim vətəndaşlar. Günlərlə, bəlkə də həftələrlə vaxt itirirdilər. Digər xoşagəlməz hallarla üzləşirdilər. Biz bunu bacardıq, bunlar hamısı keçmişdə qaldı.
92-93
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mən dəfələrlə öz fikirlərimi bildirmişəm və bir də demək istəyirəm ki, tam əminəm əgər müstəqilliyimizin ilk illərində Heydər Əliyev Azərbaycan prezidenti olsaydı, heç vaxt torpaqlarımız işğal altına düşməzdi. Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər öz məsuliyyətini dərk edə bilməmişlər, ölkəmizin maraqlarını qoruya bilməmişlər. Xüsusilə 1992-ci ildə baş vermiş çevriliş nəicəsində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü işğalı şərtləndirən əsas amil olub. Çevriliş ərəfəsində Şuşa və Laçın, çevrilişdən bir il keçmədən Kəlbəcər işğal altına düşüb.
Paşinyanın “Dağlıq Qarabağ Respublikası”nın görüşlərdə tərəf olması bəyanatları haqqında
Ermənistanın yeni hökuməti birinci mərhələdə çox ziddiyyətli bəyanatlar verirdi ki, Azərbaycan Ermənistanla yox, qondarma Dağlıq Qarabağ Respublikası ilə danışıqlar aparmalıdır. Biz əlbəttə ki, bu, ziddiyyətli və anlaşılmaz bəyanatları dərhal rədd etdik. O cümlədən vasitəçilər də belə bir mövqe ilə razılaşa bilməzdilər. Öz prinsipial mövqeyimizdə qalaraq biz danışıqlar prosesinə sadiqik və bu gün danışıqlar Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılır.
Azərbaycana gələn turistlərin sayı
Turistləri cəlb etməkdə xüsusi rol oynayan Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdir. Avropa Oyunları. 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı. Nəyə görə bu vaxta qədər artmırdı? Bu vaxta qədər də biz turistləri cəlb etmək üçün səylər göstərirdik. Məhz Avropa Oyunları və Formula 1 yarışları 22 faiz turislərin səviyyəsini qaldırdı. Ondan sonra İslam Həmrəyliyi oyunları keçirilib 2017-ci ildə və biz gördük ki, müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin artdı. Bəzi ölkələrdən 3-4 dəfə.
Könüllülər
Mən göstəriş vermişəm ki, Azərbaycanın müxtəlif təşkilatları, dövlət qurumları könüllüləri işə cəlb etsinlər. Təkcə ASAN-da yox, başqa qurumlarda, indi Aqrar könüllülər təşkilatı yaradıldı. Hesab edirəm ki, bütün dövlət təşkilatlarında könüllülər fəaliyyət göstərməlidirlər, təcrübə toplamalıdırlar və özünü gələcəyə hazırlamalıdır.
Xarici siyasətin istiqaməti
Xarici mətbu orqanlarında, ekspert cəmiyyətlərində belə bir fikir söylənir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır. Elə bil ki, balans axtarır bu regionda. Bu belə deyil. Biz balans axtarmırıq. Biz sadəcə olaraq xarici siyasətimizlə öz milli maraqlarımzı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Və deməliyəm ki, buna müvəffəq olmuşuq.