Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev və polis əməkdaşına qarşı sui-qəsd törətməkdə ittiham olunan Yunis Səfərovla birlikdə 12 nəfərin cinayət işi üzrə hazırlıq iclası başlayıb. Hazırlıq iclası bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilib.
Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya baxır.
535.1 məhkəmənin əsas detallarını təqdim edir!
Kimlər təqsirləndirilir:
Yunis Səfərov , Hamlet Abdullayev, Mahir Əzizov, Akif Əliyev, Rasim Mustafayev, Ceyhun Qurbanov, Firudin Zeynalov, Cəfər Zalov, Vüqar Məmmədov, Ceyhun Salahov, Anar Bağırov və Ağa Sərxani.
Onlardan ikisi – Anar Bağırov və Ağa Sərxani 2018-ci ilin yayında onların saxlanılması üçün keçirilən əməliyyat zamanı öldürülüblər.
Vəkillər və təqsirləndirilən şəxslər hansı vəsadətləri qaldırıb:
Məhkəmə prosesini daha dəqiq qeydə almaq üçün audio-video yazı olması
Ev dustaqlığına buraxılma cinayət işlərinə xitam verilməsi və s.
Təqsirləndirilənlərin məhkəmə zalına əl qandalları ilə gətirilməsinə də etiraz olub.
Etiraz edənlərdən biri Yunis Səfərov deyib:
Bizim əllərimiz qandallıdır, amma adamlar var ki, onların mənəviyyat qandallıdır.
Y.Səfərov və Ceyhun Salahov həm də dövətin onlara ayırdığı vəkildən də imtina edib. Y.Səfərov bunun üçün əsas olaraq saxlanılan gündən etibarən ailə üzvləri ilə görüşə bilməməyini göstərib. O, məhkəmə zalında olan ailə üvlərinə çağırış edib ki, vəkil Elçin Sadıqovla müqavilə imzalasınlar:
Mən dövlətin verdiyi vəkilin məni müdafiə etmsini istəmirəm.Vəkil Elçin Sadıqovun məni müdafiə etməsini istəyirəm. Əgər Elçin Sadıqovla alınmasa mən özüm özümü müdafiə edərəm.
Vəkil Cavad Cavadov hakimdən Y.Səfərovun vəsadətini yerindəcə təmin etməsini istəyib.
Bu zaman Y.Səfərovun imtina etdiyi vəkil Elman Ağayevlə C.Cavadov arasında mübahisə yaranıb. E.Ağayev digər vəkil C.Cavadova deyib ki, “şou yaratma, səni yerində oturdaram”.
Dövlət ittihamçısı səsləndirilən vəsadətlərin rədd edilməsini tələb edib. Məhkəmə vəsadətlərə baxılması və qərar verilməsi üçün 8 yanvaradək fasilə elan edib.
Yunis Səfərov kimdir?
Y.Səfərov 2018-ci il iyulun 3-də Gəncə şəhərində radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə qarşı əvvəlcədən planlaşdırılmış sui-qəsd törətməyə cəhd etməkdə ittiham olunur. Hadisə nəticəsində Elmar Vəliyev və polis əməkdaşı xəsarət alıb. 2018-ci il avqustun 28-də prezidentin sərəncamı ilə E. Vəliyev icra başçısı vəzifəsindən azad edilib.
Yunis Səfərova qarşı hansı maddələrlə ittiham irəli sürülüb:
Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq,
qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına,
ölkənin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi,
çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərində ittiham olunur.