Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən 4 şikayətin baxılacaq işlər sırasından çıxarılması barədə bu gün qərar qəbul edib. Hüquqşünas Xalid Ağaliyev deyir ki, həmin işlərdən biri Rəşad Ramazanovun şikayətidir.
Şikayət baxılacaq işlər sırasından necə çıxarılıb: 9 il həbs cəzası alan Rəşad Ramazanov ədalətli məhkəmə hüququnun pozuntusunun tanınmasını tələb edirdi. İşin kommunikasiya mərhələsində hökumət pozuntuları tanıdığını ifadə edib, ərizəçiyə 3000 avro təzminat təklif edib. Ərizəçi hökumətin təklif etdiyi bəyannaməni rədd etsə də AİHM işin siyahıdan çxıarılmasına qərar verib. Hökumət R.Ramazanova 3000 avro ödəyəcək.
Rəşad Ramazanov kimdir: Tənqidi fikirlər paylaşan bloger 2013-cü il mayın 9-da saxlanılıb. Polis onun üzərində 9 qr heroin aşkar edildiyini bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsi 2013-cü il noyabrın 13-də onu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə.təqsirli bilib. Blogerə 9 il azadlıqda məhrumetmə cəzası verilib.
2019-cu il martın 19-da İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən o, azadlığa buraxılıb.
Siyahıdan çıxarılan digər işlər hansılardır:
- Həbsdə olmuş Ələkbər İsmayılovun məktubları və kitabları həmin vaxt müsadirə olunub. O iddia edirdi ki, bu epizodlar üzrə onun şikayətlərinə baxan ölkədaxili məhkəmələr onun ədalətli məhkəmə araşdırması və şəxsi həyatın toxunulmazlığı hüququna müdaxilə ediblər. Məhkəməmə bu işin də siyahıdan çıxarılmasına qərar verib. Ərizəçi tərəf kommunikasiyaya cavab verməyib.
- “Orxan Əliyev Azərbaycana qarşı” işində ərizəçi ədalətli məhkəmə araşdırması, işgəncəyə məruz qalmamaq hüququnun pozuntusunu mübahisələndirmişdi. Kommunikasiya mərhələsində hökumət pozutuları tanımağı, yenidən araşdırmanı üzərinə götürüb, 5600 avro təzminat təklif edib. Ərizəçi kommunikasiyaya cavab vermədiyindən AİHM işin siyahıdan çxıarılmasına qərar verib. Bu iş üzrə ərizəçiyə 5600 avro təzminat ödəməlidir.
- Elman Dəçirovun şikayəti mülkiyyət hüququ ilə bağlı olub. Əriəçi sənədli – sübutlu qarajının qanunsuz söküldüyünü iddia edib, mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun tanınmasını, ədalətli əvəz tələb edirdi. Ərizəçi vəfat edib, məhkəməyə onun varislərinin olmadığı bildirildiyi üçün AİHM ərizənin siyahıdan çıxarılmasına qərar verib.
Hökumət nə qədər təzçinat ödəyəcək: Azər aycan hökuməti bu işlər üzrə ümumilikdə 8600 avro təzminat ödəyəcək.