Mərkəzi Seçki Komissiyasının fevralın 13-də keçirilən iclasında ümumilikdə 4 seçki dairəsində səsvermənin nəticələri ləğv olunub. İclasda deyilib ki, ekspert qrupu həmin dairədəki məntəqələrdə pozuntu qeydə alıb və buna görə də bu dairələrdə yenidən seçki keçiriləcək:
- 33 saylı Xətai birinci seçki dairəsi
- 35 saylı Xətai üçünc seçki dairəsi
- 74 saylı Lənkəran seçki dairəsi
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi
MSk-nın nəticələrin ləğvi ilə bağlı qərarından sonrakı prosedur necə olacaq? Həmin dairələrlə bağlı qərar nə vaxt rəsmiləşəcək? Seçkinin tarixini kim təyin edəcək? Mikroskop bu sualların cavabını araşdırıb.
Seçkinin nəticələri hansı hallarda ləğv olunur?
Seçki Məcəlləsinə görə, dairə üzrə qeydə alınan namizədlərin lehinə verilən səsələr bərabər olarsa, həmin dairədə seçkilər baş tutmamış hesab olunur.
Məcəlləyə görə, aşağıdakı hallarda isə nəticələr ləğv edilir:
- Səsvermə və ya səslərin hesablanması zamanı yol verilən pozuntular seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyəndə;
- Məhkəmənin qərarı əsasında;
- Səsvermə bülletenləri düzgün sayılmayanda;
- Bu zaman MSK səslərin yenidən sayılması barədə qərar qəbul edir
- Seçki dairəsi üzrə nəticələri etibarsız sayılan məntəqələrin sayı 2/5 hissəsindən çox olanda;
Qeyd: İkinci hal o zaman keçərli olur ki, həmin məntəqədə qeydiyyatda olan seçicilərin sayı ümumilikdə seçki dairəsi üzrə qeydə alınan seçicilərin 1/4 hissəsindən çox olsun.
Seçki dairəsinin nəticələri ləğv olunandan sonra nə baş verir?
Mərkəzi Seçki Komissiyasının dairədəki nəticələrin etibarsız hesab olunması barədə qərarını Kontitusiya Məhkəməsi təsdiqləyir və bundan sonra qərar rəsmiləşmiş olur. Daha sonra ölkə prezidenti təkrar seçkilərin keçirilməsi barədə sərəncam imzalayır. Bundan sonra isə Mərkəzi Seçki Komissiyası seçki məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada təkrar seçkilər keçirir.
Təkrar seçkilərdə kimlər namizəd ola bilər ?
Təkrar seçkilər zamanı bütün prosedur öncəki seçkilər zamanındakı prosedurla eynidir. Bu seçki zamanı da istənilən şəxs müvafiq dairələr üzrə imza toplayıb deputatlığa namizədliyini irəli sürə bilər. Təbliğat-təşviqat prosesi də yeni müddətdə yeni qaydada həyata keçirilir.