67 yaşlı Putin 20 ildən çoxdur ki, hakimiyyətdədir. O, Sovet diktatoru İosif Stalindən bəri Rusiyanın ən uzun müddətli hakimiyyətdə qala bilən rəhbəridir. 2000-2008-ci illərdə iki prezidentlik müddətini başa vurduqdan sonra o, Rusiyanın baş naziri vəzifəsinə keçdi. Putindən sonra prezident vəzifəsini Dmitri Medvedev icra etməyə başladı və bu zaman prezidentlik müddəti 4 ildən 6 ilə uzadıldı. Qanun növbəti seçkidən sonra şamil edildi və həmin seçki də 2012-ci ildə baş tutdu. Bu zaman Vladimir Putin 6 il müddətinə yenidən prezident seçildi. 2018-ci ildə də o, seçkilərin qalibi oldu.
2020-ci ilin yanvar ayında Putin öz hakimiyyətini uzatmaqla bağlı təkliflərin yer aldığı çıxış edib. Amma bunun necə ediləcəyi ilə bağlı təfərrüatları qeyd etmədi. Ekspertlər Putinin yanvarda açıqladığı konstitusiya dəyişikliklərinə əsasən güman edirdilər ki, o, bu dəfə ölkənin parlamentli respublikaya çevrilməsini təklif edəcək, özü isə gücləndirilmiş baş nazir kreslosuna keçəcək. Lakin bu günə qədər Putinin bu məqsədə çatmaq üçün hansı yolu tutacağı bəlli deyildi. Rusiya lideri, nəhayət, 1963-cü ildə kosmik uçuşu ilə məşhurlaşan Valentina Tereşkova vasitəsilə kartlarını ortaya qoydu.
Putinin prezidentliyini məhdudlaşdıran qanunun ləğv edilməsini parlamentə Rusiyanın ilk kosmonavt qadını olan Valentina Tereşkova təqdim edib. Təklifdə deyilir ki, ya prezidentin iki dəfədən artıq seçilməsi 2024-cü ildən sonra tətbiq edilsin, ya da Putinin 2024-cü ildə prezidentliyə namizəd olmağına mane olan qanun dəyişdirilsin. Kremlin nəzarətində olan Dövlət Duması bu təklifi tez bir zamanda təsdiqləyib.
Tereşkovanın təklifindən sonra parlamentdə müzakirələr zamanı gözlənilmədən məclisə Putin daxil olub və bəzi fikirlərlə çıxış edib: “Düzəlişləri müzakirə etmək üçün Dövlət Dumasına gəldim, çünki onları təşəbbüskarıyam. Dünya siyasətində və iqtisadiyyatında vəziyyət mürəkkəbdir, “koronavirus”, “neft qiymətləri oynayır”… Bu dövrü ləyaqətlə keçəcəyik, amma dünyada Rusiyanı məhdudlaşdırmaq istəyənlər var. Rusiya üçün güclü prezident “mütləqdir”. Parlament idarəetmə forması bizim üçün uyğun deyil. Buna görə başqa ölkələrdə (red. Avropa Birliyi ölkələrini nəzərdə tutur) illərlə hökumət qura bilmirlər. Digər orqanların Dövlət Şurasının və ya Təhlükəsizlik Şurasının prezident səlahiyyətləri ilə təmin olunmasının demokratiya ilə heç bir əlaqəsi yoxdur və ikili hakimiyyətə gətirib çıxaracaqdır…” – bu sözləri Rusiya prezidenti Vladimir Putin parlamentdə çıxışı zamanı deyib.
Rusiya prezidentinin bu çıxışdan sonra Tereşkova vasitəsilə açıqladığı plan tam aydın oldu. O, parlamentli respublika modelində hakimiyyətinə qarşı təhdidlər görür və bu səbəbdən ona keçidi heç dəktəkləmir. Parlamentdə çıxışı zamanı Putin prezidentlik müddətinin məhdudlaşdırılmasının əleyhinə danışıb. Lakin o, konstitusiyaya yenidən baxılarsa, iki dəfə seçilmə məhdudiyyətinin 2024-cü ildən sonra tətbiq edilməsini fikrini isə dəstəkləyib. Putinin bu çıxışından sonra Konstitutsiyaya dəyişiklər üçün referendum bu ilin aprel ayının 22-nə təyin olunub.
Müəllif: Rəhim Xoyski