Azərbaycanda koronavirusun yayılması, qeydə alınmış yoluxanların sayı artandan sonra Nazirlər Kabineti bəzi qadağalar müəyyənləşdirdi. Bundan bir neçə gün sonra isə əvvəlcə, birinci vitse-prezident Mehriban Əliyeva, daha sonra da prezident İlham Əliyev xalqa müraciət etdi. Martın 18-də etdiyi müraciətdə Mehriban Əliyeva hamını vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıb. İlham Əliyev isə martın 19-da xalqı Novruz bayramı münasibətilə təbrik etdi və koronavirusla mübarizə tədbirlərindən danışdı. Eləcə də vətəndaşları məsuliyyətli olmağa çağırdı.
Amma nə ölkə başçısı, nə də vitse-prezident koronavirusun vurduğu iqtisadi ziyandan əziyyət çəkən vətəndaşlar, iş adamları üçün konkret hansı tədbirlər görləcəyi barədə danışmadılar. İlham Əliyev çıxışından bir neçə saat sonra bunla bağlı sərəncam imzaladı və virusun iqtisadiyyata mənfi təsirini azaltmaq üçün Nazirlər Kabinetinə 1 milyard manat ayırdı.
Sərəncamda nələr nəzərdə tutulur?
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda dörd İşçi Qrup yaradılır:
1. Birinci işçi Qrup pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirəcək. Həmin qrupa tapşırılacaq;
- zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin;
- bu sahədəki hüquqi şəxslərin;
- fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etmək.
2. İkinci işçi qrupu Maliyyə nazirinin rəhbərliyi ilə yaradılacaq. Bu qrup virusdan zərər çəkməsi ehtimal olunanlara dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlayacaq.
3. Üçüncü işçi qrup Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılacaq. Bu qrupa tapşırılacaq:
- muzdlu işçilərin sosial müdafiəsi;
- onlara dövlət dəstəyinin göstərilməsi;
- aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflər.
4. Dördüncü işçi qrupu isə Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə yaradılacaq. Bu qrupa isə pandemiyanın Azərbaycanın bank sektoruna təsirini qiymətləndirəcə. Həmçinin virusun;
- Azərabycan makroiqtisadi mühitinə təsirinin qiymətləndirilməsi
- Manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi,
- Ölkədə makroiqtisadi sabitliyi qorumaq üçün tədbirlərla bağlı təkliflər hazırlamaq.
Koronavirusla Mübarizəyə Dəstək Fondu dekabrın 31-dək fəaliyyət göstərəcək.
Bəs vətəndaşlar dövlətdən dəstəyi gözləyirlər?
Sosial mediada bununla bağlı keçirilən sorğuda vətəndaşların cavabları müxtəlifdir. Təkliflər arasında ən çox qeyd olunan məsələ kommunal ödənişlər, vergilər və bu kimi digər ödənişlərdə güzəştlərlə bağlıdır. Adamların bir çoxu təklif edir ki, bu ödənişlərin vaxtı uzadıla, karantin günlərindən sonraya saxlanıla bilər. Bununla yanaşı irəli sürülən digər təkliflər;
- Hazırda işsiz qalan günəmuzd işçilər və onların ailələri üçün dəstək göstərilməsi
- Aztəminatlı ailələr üçün sosial məqsədli kreditlərin verilməsi
- Sahibkarlar və onların işçiləri üçün yardım
- Qadağalara görə gəliri azalan, ya da tamamilə dayanan adamlara kompensasiya verilməsi
- Zəruri təmizlik vasitələri ilə təmin olunma
- İctimai nəqliyyat dayanacaqlarına spirt və virus əleyhinə vasitələr qoyulması
Digər ölkələrdə dövlət vətəndaşlara hansı dəstək tədbirlərini həyata keçirməyə hazırlaşır?
Kanada: Baş nazir Castin Trüdo COVİD-19 epidemiyasının mənfi təsir etdiyi işçilər və sahibkarlara birbaşa dəstəyi nəzərdə tutan və 27 milyard dollar dəyərində paket imzalayıb. 55 milyard dollarlıq digər bir paket isə vergi güzəştləri ilə bağlı qəbul olunub. C.Trüdo deyib ki, ümumi dəyəri 82 milyard dollar olan bu paket Kanadanın ümumdaxili məhsulunun 3%-nə barabərdir. Tədbirlər sırasında həm də durğunluq zamanı işçilərin əməkhaqqının ödənilməsinə yardım etmək üçün kiçik sahibkarlara subsidiyası verilməsi də var. Bir çox kanadalı isə 2020-ci ilin avqust ayına qədər gəlir vergisi ödəməyəcək.
Fransa: Fransanın maliyyə naziri Bruno Le Mer hökumətin 49 milyard dollarlıq yardım paketi elan edib. Paketə daxildir:
- Sosial təhlükəsizlik vergi endirimləri,
- İşləməməyə məcbur edilən insanlar üçün işsizlik müavinəti,
- Biznesmen və sahibkarlara yardım fondu
Bundan başqa nazir Le Mer, müəssisələrə kömək üçün 327 milyard dollaradək bank kreditlərinə zəmanət verəcəklərini də söyləyib.
İtaliya: Çindən sonra virusun ən çox yayıldığı ölkə İtaliyadır. Bu ölkə də iki hissədən ibarət 28 milyard dollarlıq bir plan hazırlayıb. Yardım paketində kiçik və orta sahibkarlığa kreditlər verən fondun yaradılması, xüsusilə virusun ziyan vurduğu şirkətlərə maliyyə yardımları, işləməməyə məcbur vətəndaşlar üçünsə maliyyə köməkliyi nəzərdə tutulur.
Birləşmiş Krallıq: Maliyyə naziri Rişi Sunak, hökumətin koronavirusdan əziyyət çəkən vətəndaşlara təxminən 37 milyard dollarlıq maliyyə stimulu olan büdcəsini elan edib. Paketə daxil olan məsələlər;
- pərakəndə satış üçün vergi endirimi,
- kiçik müəssisələrə nağd qrantlar,
- özünü təcrid etməli olanların tibb xərclərini təmin etmək üçün mandat və kiçik müəssisələrin tibbi xərcləri üçün subsidiya,
- frilanser və işsiz olanlar üçünsə dövlət müavinətlərinə çıxış imkanlarının genişləndirilməsi.
Müəllif: Rəhim Xoyski