Soyuqdəymənin bir neçə ölümcül versiyası yayılıb ki, bunlardan biri ağır kəskin tənəffüs sindromu (Sars) və Yaxın Şərq tənəffüs sindromudur (Mers). Lakin onların təsiri “Covid-19 “pandemiyası ilə ortaya çıxan qlobal problem ilə müqayisədə daha zəifdir. Cəmi bir neçə ay ərzində bu virus onlarla xalqın blokadaya aınmasına səbəb oldu .100 mindən çox insanın həyatına son qoyan xəstəlik hələ də yayılmağa davam edir. Son beş ayda alimlər nə öyrənib və öyrənilənlər pandemiyaya necə son qoya bilər? Guardian bu sualları cavablayıb.
Virus harada yarandı və ilk növbədə insanlara necə yoluxdu?
Araşdırmaçılar müəyyən ediblər ki, Sars-CoV-2 virusu, viruslara qarşı güclü immun və müdafiə sistemi olan yarasalardan qaynaqlanır. Bu müdafiə virusların daha sürətli çoxalmasına səbəb olur ki, yarasalar immunitetlərini qoruya bilsinlər. Öz növbəsində, yarasa sürətlə çoxalan və yüksək ötürücü virusların rezervuarına çevrilir. Beləcə virus yarasadan digər məməlilərə, güclü immun sistemi olmayan canlılara keçəndə sürətlə yeni sahiblərinə yayılır. Əksər sübutlar göstərir ki, Sars-CoV-2 insanlara panqolinlər kimi vasitəçi bir növlə yoluxmağa başlayıb.
Sidney Universitetinin virusoloq professoru Edvard Holms bildirir ki, çox güman bu virus,yarasadan başqa bir heyvana keçib və bu heyvan hansısa bir insanın yanında, bəlkə də bazarda olub.
Beləliklə, əgər vəhşi heyvan virusu yarasadan götürsə və biz onunla əlaqə qursaq, virusun heyvanla işləyən şəxsə yayılması üçün əla bir şans var. Sonra həmin şəxs evə gedib başqasını yoluxduracaq
– E.Holms deyir.
Sars-CoV-2-nin ötürülməsinə gəldikdə, bu, yoluxmuş şəxs tərəfindən öskürmə və ya asqırma yolu ilə baş verir.
Virus necə yayılır və insanlara necə təsir edir?
Virusa yoluxmuş hissəciklər başqaları tərəfindən inalyasiya olunur, boğaz və qırtlağı əhatə edən hüceyrələrə təmas edir. Bu hüceyrələrin səthlərində çoxlu sayda reseptor var. ( Hüceyrə reseptorları kimyəvi maddələrin hüceyrələrə keçməsində və hüceyrələr arasında siqnalların açılmasında əsas rol oynayır). Nottingem Universitetinin virusoloq professoru Conatan Bol deyir ki, bu virus reseptoru bağlamaq və RNA-nı hüceyrəyə atmaq üçün qurulmuş bir səth zülalına malikdir.
RNA özünü hüceyrənin özüçoxaltma mexanizminə salır və virusun birdən çox kopyasını (nüsxəsini) çıxarır. Bunlar hüceyrədən çıxır və infeksiya yayılır. Nəticədə bədənin immun sistemi tərəfindən yaradılan antikorlar virusu hədəf alır və əksər hallarda onun inkişafını dayandırır.
Ümumiyyətlə, “Covid-19” infeksiyası yüngüldir və bu, virusun uğurunun sirridir. Əksər insanlar infeksiya keçirdiklərini belə hiss etmirlər və buna görə başqalarını yoluxdura-yoluxdura iş yerlərini, evlərini və supermarketləri gəzirlər.
C.Bol əlavə edir.
Virus niyə bəzən ölümə səbəb olur?
Bəzən virus ciddi problemlərə səbəb ola bilər. Bu adətən tənəffüs yolundan aşağı hərəkət edərkən və Ace-2 reseptorları ilə zəngin olan ağciyərləri yoluxdurduqda baş verir. Bu hüceyrələrin bir çoxu məhv olur və ağciyərlər qırıq hüceyrələrlə dolur. Belə halda da xəstələr reanimasiyada müalicə almalı olurlar.
Ən pisi isə, bəzi hallarda insanın immun sistemi virusa hücum etmək üçün hüceyrələri ciyərlərə tərəf cəlb edir ki, bu da yüksək həddə çatır və iltihablanmaya səbəb olur. Proses nəzarətdən çıxa, daha çox immun hüceyrə tökülə və iltihab daha da ağırlaşa bilər ki, bu da sitokin fırtınası kimi tanınır. (Yunanca “sito” hüceyrə, “kino” hərəkət deməkdir) . Bəzi hallarda da bu, xəstəni öldürə bilər.
Əgər yoluxsaq, bütün ömrümüz boyu qoruna bilərikmi?
“Covid-19” infeksiyasından sağalmış xəstələri müayinə edən həkimlər onların qanında kifayət qədər yüksək dərəcədə zərərsizləşdirici antikor tapırlar. Antikorlar immun sistemi tərəfindən yayılır, virusu əhatələyir və onun hüceyrələrə daxil olmasına mane olur.
London İmperial Kollecinin virusoloqu Mayk Skinner deyir ki, yoluxmuş insanlarda immun reaksiyalarının “Covid-19”-a qarşı aparıldığı aydın məsələdir. Onun sözlərinə görə, bu reaksiyanın yaratdığı antikorlar gələcək infeksiyalardan qorunmanı təmin edəcək, amma bu müdafiənin bütün ömür boyu davam etməyi çətindir. Əksər virusoloqlar isə “Covid-19”-a qarşı toxunulmazlığın yalnız bir-iki il davam edəcəyini düşünürlər.
Nə vaxt peyvənd olacağıq?
“Nature” jurnalı dünyanın hər yerində 78 peyvənd layihəsinin başlandığını və daha 37-sinin inkişaf mərhələsində olduğunu bildirir. Layihələr arasında Oxford Universitetində mərhələli sınaqlarda, digər ikisi ABŞ biotexnoloji korporasiyalarında və daha üçü Çin elmi qruplarında sınaq mərhələsində olan bir peyvənd proqramı var. Bir çox peyvənd istehsalçısı bu il insan üzərində sınaqlar planlaşdırdıqlarını açıqlayıblar.
Eyni zamanda, vaksinlər geniş miqyaslı təhlükəsizlik və effektivlik tədqiqatlarını tələb edir ki, bu da uzun bir prosesdir. Bəzi elm adamları vaksinin effektivliyini təyin etmək üçün könüllüləri virusa qəsdən məruz qoyaraq, prosesi sürətləndirmək yolu təklif ediblər. Rutgers Universitetinin bioetika professoru Nir Eyal, “Bu yanaşma risksiz deyil, namizəd peyvənd sınağını bir neçə ay sürətləndirmək potensialına malikdir” deyir.