Aprelin 27-dən xüsusi karantin rejimindəki məhdudiyyətlərin bir qismi yumşaldılacaq. Report yazır ki, bununla bağlı Nazirlər Kabineti qərar verib.
27 aprel saat 00:00-dan etibarən;
1) “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu onlayn növbə tutmaqla həyata keçiriləcək.
2) Bəzi iş və xidmət sahələrində fəaliyyət bərpa olunacaq:
● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
● kitab, qəzet, dəftərxana mallarının satışı
● çap və surətçıxarma fəaliyyəti, fotoatelye/fotostudiyalar
● fərdi mənzillərdə təmizlik xidmətləri
● dərzi xidmətləri, geyim satışı, ayaqqabı və dəri məmulatlarının satışı
● kosmetika və ətriyyat, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
● mobil cihazlar, ehtiyat hissələri və aksessuarlar, kompüter avadanlıqlarının satışı və təmiri
● elektronika və məişət texnikasının satışı
● mebel və avtomobil satışı
● kimyəvi məhsullar, gübrə və aqrokimyəvi məhsulların satışı
● gül və bitki məhsullarının satışı
● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
Bu sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
Qeyd olunan tarixdən etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsi vasitəsilə alınan icazə müddəti də 2 saatdan 3 saatadək artırılır. Bəzi məhdudiyyətlər aradan qaldırıldığına görə, 8103-ə müraciətdə də dəyişikliklər edilib:
● 1 rəqəmi – təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
● 2 rəqəmi – hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün
● 3 rəqəmi – yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün
Ticarət Mərkəzlərinin fəaliyyətinə olan məhdudiyyət hələ də qalır. Həmçinin Nazirlər Kabinetinin məlumatında qeyd olunur ki, yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejimi yenidən sərtləşdirilə bilər.