Tacikistanda Covid-19 pandemiyası rəsmi təsdiqlənməsə də, ölkə rəhbərliyi virus təhlükəsinə görə məktəblərin bağlanmasına qərar verib. Azadlıq Radiosunun Tacikistan xidməti yazır ki, dərslər məktəbəqədər təhsil müəssisələri və orta məktəblərdə aprelin 27-dən mayın 10-dək tətil elan edilib.
Təhsil Nazirliyinin məlumatına görə, 2 milyon 245 mindən çox uşaq və yeniyetmə, 143 mindən çox müəllim iki həftə tətildə olacaq. Universitetlərdə isə dərslər həmişəki kimi davam edəcək. Tacikistanın koronavirusla mübarizə qərargahının iclasında qərar verilib ki, ölkədə bütün növ ictimai tədbirlərin təşkili və keçirilməsi, o cümlədən futbol üzrə ölkə çempionatının keçirilməsi qadağan olunsun.
Aprelin 25-də isə Tacikistan hakimiyyəti bəzi məhsulların ixracını dayandırıb:
- Bütün növ taxıl və paxlalı bitkilər
- Yumurta
- Kartof
- Ət məhsulları
Ölkədə vəziyyət necədir: Fevralın əvvəlindən etibarən 8000-dən çox insanın Covid -19 şübhəsi ilə karantinə alınmasına baxmayaraq Tacikistan hakimiyyəti ölkədə koronavirusun olduğu iddiasını rədd edir.
Rəsmilər nə deyir: Tacikistanın Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyi koronavirus hallarının çoxunu sətəlcəm ilə izah etməyə çalışır. Bu yaxınlarda vətəndaş cəmiyyətinin tələbi səlahiyyətlilər bu ilin ilk rübündə sətəlcəm xəstəliyinə tutulma statistikasını yayıblar. Məlum olub ki,bu ilin ilk üç ayında 5023 nəfər sətəlcəm xəstəliyinə tutulub ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 169 nəfər azdır. Tacikistanın səhiyyə nazirinin müavini Mirhamuddin Kamolzodanın sözlərinə görə, ölkədə epidemioloji vəziyyət nisbətən sakitdir.