COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün müxtəlif ölkələrdəki karantin tədbirləri paralel olaraq məişət zorakılığının da sayını artıb. Rusiyanın ombudsmanı Tatyana Moskalkova bildirib ki, izolyasiya dövründə ölkəsində məişət zorakılığı ilə bağlı şikayətlər 2 dəfədən çox artıb. Mart ayında bunla bağlı 6054 şikayət daxil olduğu halda aprel ayında bu rəqəm 13 mindən çox olub.
Digər ölkələrdə vəziyyət necədir: İnsan haqları üzrə müvəkkil zorakılıq hallarının Fransada 30%, Çində 25%-dən çox artdığını da deyib. BMT-nin Baş katibi Antonio Quterreş ötən ay sosial izolyasiya dövründə gender əsaslı zorakılıqla bağlı danışıb:
COVID-19-un qarşısını almaq üçün təcrid və karantinin vacib olduğunu bilirik. Lakin nəticədə qadınlar onlarla qəddar davranan ailə üzvləri ilə bir evdə qala bilərlər. Son həftələr ərzində iqtisadi və sosial təzyiqlər, habelə xof artdıqca, qlobal səviyyədə məişət zorakılığının artmasının şahidi olduq. Bəzi ölkələrdə zorakılıq əleyhinə dəstək xidmətinə müraciət edən qadınların sayı iki dəfə artıb.
Azərbaycanda vəziyyət necə dəyişib: Mikroskop-un suallarını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzvü Aynur Veysəlovaya və “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova cavablandırıb.
Aynur Veysəlova deyir ki, artım cuzi olub.
Adətən ölkələrdə böhran vəziyyəti olanda bu, ailədaxili münasibətlərə çox vaxt mənfi təsir göstərir. Ayrı -ayrı ölkələrin statistikasına nəzər salanda görmək olur ki, məişət zorakılığının faizi artır. Azərbaycana gəldikdə isə, cuzi artım hiss olunur. Komitə olaraq bizi narahat edən digər məqam var ki, məişət zorakılığı zəminində baş vermiş qətllərin çoxu xüsusi amansızlıqla, qəddarlıqla, uşaqların gözü qarşısında baş verir.
Mehriban Zeynalova deyir ki, bu müddət ərzində sığınacağa müraciətlər daxil olub və onlardan 3-ü barışdırılıb.
İzolyasiya dövründə məişət zorakılığı faktları o qədər də kəskin diqqəti cəlb etmədi. Bu müddət ərzində sığınacağa daha çox sosial vəziyyəti pis olan qadınlar müraciət edib. Onlar kirayə qaldıqları evlərdən çıxarılıblar. Lakin zorakılıq qurbanları da oldu. Təxmini 8-9 nəfəri əhatə edən hallar baş verib ki, onlardan 3-ü narazılıq idi və barışdırıldı. Qalanları isə mütəmadi davam edən ciddi zorakılıq faktları idi. Aprel ayı ərzində ölkə üzrə məişət zorakılığı zəmnində 4-5 ölüm faktı qeydə alınıb.