İspaniyada yeni növ koronavirusa görə yaxınların itirən ailələr hökumətə qarşı “ciddi səhlənkarlığa görə qətlə yetirmək” barədə iddia qaldırıb. The Washington Post yazır ki, Konstitusiya Hüquqlarını Müdafiə fondu – Zaballos 116 ailə adından İspaniya Ali Məhkəməsinə şikayət təqdim edib.
Fondun prezidenti Emilia Zaballos daha 3268 ailənin şikayətə qatılmaq istədiyini və sənədlərin gözləmədə olduğunu deyib.
İddiaçılar nə deyir: İddiaçılar Baş nazir Pedro Sançesi və Nazirlər Kabinetinin 22 üzvünü profilaktik tədbirləri çox uzun müddət təxirə salmaqda günahlandırır.
Onlar hesab edir ki, hökumət itkiləri önləyə bilərdi. Ailələr ölümlərdə hökuməti təqsirli sayır və düşünür ki, o, vətəndaşlara yardım göstərmək öhdəliyini yerinə yetirə bilməyib.Zaballos İspaniya hükumətini ölkədə ilk qeydə alınmış yoluxmadan sonra bir aydan çox gözləməkdə ittiham edib: “Məhkəmənin iddianı qəbul etməsini və hər kəsin həqiqətən nə baş verdiyini bilməsi üçün araşdırma aparılmasını tələb edirik”.
İspaniyada vəziyyət necədir: İspaniya koronavirusun ən çox zərər görən Avropa ölkələrindən biridir. İndiyədək bu ölkədən 271 mindən çox yoluxma qeydə alınıb, 27 mindən çox insan ölüb.