Preziden İlham Əliyev bir neçə gün əvvəl Cinayət Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliklər nələrdir? Yeni maddələr nələri nəzərdə tutur? Hüquqşünas Emin Abbasov izah edir!
Dəyişikliklər ümumilikdə nəyi nəzərdə tutur?
Dəyişikliklər cinayət məcəlləsində nəzərdə tutulan və əsasən iqtisadi, hərbi sahədə törədilən cinayətlərin sanksiyasını yumşaldır. Yəni, bəzi cinayətlərə cəza kimi azadlıqdan məhrumetmə ilə yanaşı alternativ cəzalar – cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması əlavə olunur.
Hansı maddələr məcəllədən çıxarılır?
“Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi” əməli (Maddə 318-2) cinayət məcəlləsindən çıxarılır. Cinayət Məcəlləsindən çıxarılan digər maddə 331-ci maddədir. “Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə” maddəsində (Maddə 331) nəzərdə tutulan işgəncə əməli 332-ci maddədə nəzərdə tutulan “tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma” müddəasına əlavə edilir.
Bu hallara görə hansı cəza nəzərdə tutulub?
“Döymə” əməli “Rəisə qarşı zorakı hərəkətlər etmə” maddəsindən də (Maddə 330) çıxarılıb. Əlavə edilən düzəliş ilə döymə əməli və ona bənzər hərəkətlər (“zor tətbiq etmə və ya zor tətbiq etməklə müqavimət göstərmə”) əhatə oluna biləcək. 332-ci maddəyə (“tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma”) edilən “zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma” düzəlişi ilə döymə, hərbi qulluqçuya qarşı hansısa hərəkəti sağlamlığa yüngül zərər vurma ilə nəticələndikdə cinayət məsuliyyəti yaradır. Tabelik münasibətində olmayan hərbi qulluqçular arasında döymədə xarakterizə olunan və sağlamlığa yüngül zərər vurma həddinə çatmayan əməllər cinayət məsuliyyəti yaratmayacaq. Bu əməllər hərbi intizam nizamnamələri ilə cəzalandırılacaq.
Dəyişikliklərdə iqtisadi cinayətlərə görə hansı cəza var?
Yeni dəyişikliklər ilə bəzi iqtisadi xarakterli cinayətlərdə cinayət əməlinə görə məsuliyyət yaradan hədlər artırılır. Hazırda gömrük nəzarətindən kənar dəyəri 4 min manatdan artıq olan malların keçirilməsi Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsində nəzərdə tutulan cinayət əməlini yaradırdı. Dəyişiklik nəticəsində cinayət məsuliyyətinə səbəb olan hədd 4 min manatdan 50 min manata qədər artırılıb. Cinayət Məcəlləsinə əlavə edilən yeni (Maddə 80-1) maddəyə görə , məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə zərərçəkmişlə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə cinayət məsuliyyətindən azad etmə imkanı yaradılır. Əvvəllər müvafiq cinayət əməlləri ilə təqsidləndirildikləri halda yalnız barələrində məhkəmə hökmü qüvvəyə minənə qədər bu imkandan yararlanaraq, cinayət məsuliyyətindən azad ola bilərdilər.