Azərbaycanda girişi məhdudlaşdırılan internet resurlarına (Meydan TV, Azadlıq Radiosu, “Azadlıq” qəzeti, Turan TV və “Azərbaycan saatı” proqramı) daxil olmaq üçün istifadə edilən başqa saytlar da bloklana bilər.
Meydan Tv yazır ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) əlavə kassasiya şikayəti əsasında Ali Məhkəmənin Plenumu qərar çıxarıb.
Nazirlik nə tələb edir: Ölkə ərazisində bloklanmış saytlara girişin mümkün olmaması üçün buna imkan verən başqa internet resursları da bloklansın.
Nə baş verib: NRYTN yanında Elektron Təhlükəsizlik Mərkəzi 2017-ci ilin aprelində 5 saytın bloklanması üçün məhkəməyə müraciətində bu məsələni də qaldırmışdı. Tələblərdən biri də həmin saytlara girişə imkan yaradan internet resurslarına da giriş məhdudlaşdırılması barədə idi. Lakin Səbail Rayon Məhkəməsi bu iddianı təmin etməyib və 5 saytın bloklanmasıyla kifayətlənib.
Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.
Nazirlik 3 il sonra yenidən Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti verib. Plenum da şikayət əsasında əvvəlki qərarı ləğv edərək, iddianın tam təmin olunması məsələsinə baxılması üçün işi Bakı Apelyasiya Məhkəməsinə göndərib.
Bloklanmış saytlardan bir neçəsi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Həmin şikayətlər üzrə Strazburqdan Azərbaycan hökumətinə artıq sorğular göndərilib.