Prezident İlham Əliyevin iyunun 11-də imzaladığı sərəncama əsasən bu gündən Azərbaycanda hərbi xidmətə çağırış başlayıb. Çağırışçılar 1-30 iyul tarixlərində həqiq hərbi xidmətə yola salınacaq.
Xəzər Hərbi Tədqiqatlar İnstitutu isə araşdırıb ki, Azərbaycanda hərbi xidmətə çağırış sistemi və çağırışçıların hüquqları ilə bağlı xeyli sayda problemlər mövcuddur.
Hərbi çağırış sistemində şəffaflıq nə qədər qorunur?
2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adlı qurum yaradılıb və həmin tarixdən etibarən bu qurum çağırışı həyata keçirir. Araşdırmada deyilir ki, bu qurumun fəaliyyəti əvvəlki kimi şəffaf deyil. Bura “püşkatma”dan başlayaraq xidmət yerlərinə paylaşılma prosesinin qanunauyğunluğu ilə bağlı şübhələr daxil edilib. Müxtəlif məlumatlara görə, hərbi xidmətə çağırış sistemində korrupsiya və rüşvət mexanizmlərinin hələ də işlədiyi bildirilir.
Rüşvət verib müəyyən hərbi hissələrə düşmək olur. Əvvəllər bunun mərkəzləşdirilmiş qaydada olduğu, indi isə bölgələrdə – hərbi hissələrin bölüşdürmə məntəqələrində həyata keçirilir. Hərbi xidmətə çağırış prosesində həkim komissiyalarının fəaliyyəti ilə bağlı da problemlər qalmaqda davam edir. Hərbi xidmətə yararsız hesab edilməyə əsas verən xəstəliklər, fiziki uyğunsuzluqlar və s. barədə indiyə qədər ictimaiyyətə məlumat verilməyib. Bu sənəd əsassız olaraq cəmiyyətdən gizli saxlanılır”
araşdırmada deyilir
Çağırışçıların hüquqları ən çox hansı məqamlarda pozulur?
Çağırışçıların üzləşdiyi əsas hüquq pozuntularından biri onların hərbi xidmət zamanı məruz qaldıqları zorakılıq və qarşılaşdıqları problemlərdir. Hərbi xidmətdə ikən ölən əsgərlərin də çoxunun məhz zabitlərin törətdiyi zorakılıq nəticəsində həlak olduqları, həmçinin Azərbaycan Silahlı Qüvvələrində “dedovşina” hallarının hələ də mövcud olduğu bildirilir.
Bundan əlavə hərbi qulluqçular, xüsusilə də çağırışçılar hər hansı problemlə üzləşəndə hərbi hissədəki “qaynar xətt” vasitəsilə rəhbərliyə şikayət edə bilmir. Çünki daha sonra buna görə cəzalandırılacaqlarından çəkinirlər.
Hərbi qulluqçuların maddi təminatı ilə də bağlı problemlər hələ də qalır.
“Çağırışçılara hərbi xidmət dövründə verilən müxtəlif rəsmi ödəmələr çox azdır. Əsgərlər orta hesabla 40-100 manat aylıq ödəniş alırlar. Bu da onların ehtiyaclarına bəs etmir. Eyni zamanda gənc əsgərlərin ailələri hərbi xidmət dövründə çətinliklərlə üzləşirlər. Əgər çağırışçıların övladları varsa, onlara dövlət tərəfindən çox cuzi yardım verilir, amma ümumilikdə bu, kifayət deyil”.
Parlament hərbi çağırış sistemindəki problemlərə necə reaksiya verir?
Müdafiə və təhlükəsizlik sektorunda problemlər, korrupsiya və rüşvətxorluq, eləcə də hərbi qulluqçuların hüquqları ilə bağlı məsələlər ölkənin Milli Məclisində çox nadir hallarda müzakirə olunur. Araşdırmada qeyd olunur ki, Parlament üzvləri bu mövzuda müzakirə açmağa və fəallıq göstərməyə həvəsli deyil və onlara güc strukturları tərəfindən daimi təzyiqlər olunur.
Parlamentin ordu mövzusundan kənarda qalması səbəbindən xeyli problemlər ortaya çıxır, məsələn, tenderlərin keçirilməsində ciddi korrupsiya halları baş verir, nəticədə hərbi qulluqçuların təminatında problemlər yaranır. Digər vacib məsələ, Hərbi çağırış və onun həyata keçirilməsi ilə bağlı müxtəlif qanunlar olsa da, sırf hərbi çağırışçıların hüquqlarını qoruyan xüsusi qanunvericilik yoxdur”.
Azərbaycan Konstitusiyasına alternativ xidmətlə bağlı müddəa olsa da əslində bu da həyata keçirilmir. Araşdırmada deyilir ki, bunun səbəbi alternativ xidməti tənzimləyəcək qanunvericiliyin olmamasıdır. Əksinə, alternativ xidmət keçmək istəyən gənclərə siyasi təzyiq olur və bəzən onlar həbs edilir.
Müdafiə və təhlükəsizlik sektorunda baş verənlərə nəzarət nə qədər yaxşıdır?
2014-cü ilə qədər vətəndaş cəmiyyəti nümayənləri bu sahədə baş verənlərlə bağlı hesabatlar hazırlaya, statistikalar dərc edə bilir. Amma həmin ildən etibarən vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırıldığından aktivlik xeyli zəifləyib. Nəticə etibarilə, hazırda vətəndaş cəmiyyəti və media müdafiə və təhlükəsizlik sektorunda, xüsusilə də hərbi qulluqçuların, o cümlədən çağırışçıların problemləri barəsində hər hansı fikir bildirsə, araşdırma aparsa, bu zaman onlar təzyiq, təhdid və bəzən də həbslə üzləşir.
Hökumət nə edir:
- İnstutun araşdırmasında bildirilir ki, hökumət də öz növbəsində müdafiə və təhlükəsizlik sektorunda baş verənləri maksimum qapalı saxlayır. Sorğulara cavab verilmir, nazirlik nəinki ictimaiyyətə, hətta parlamentə belə hesabat verməməkdə davam edir.
- Hərbi cinayətlərlə bağlı istintaq-araşdırma fəaliyyətləri, eyni zamanda müvafiq məhkəmə proseslərinin dürüstlüyü şübhə doğurur. Cinayət hadisələrinə dair məhkəmə proseslərinin orta hesabla 5 faizi barəsində ictimaiyyətə məlumat verilir.
- Azərbaycanda Ombudsman adlı təsisat olmasına baxmayaraq hərbi ombudsman qurumu yoxdur. Mövcud Ombudsman müdafiə və təhlükəsizlik sektorunda baş verən proseslərə çox az nəzarət edir ki, bu da adətən hərbi qurumlarla razılaşdırılmış olur.
- Xüsusi problem isə odur ki, hakimiyyət hələ də hərbi xidmətə çağırış prosesindən siyasi rəqiblərinə qarşı istifadə edir. Siyasi aktiv şəxslər, jurnalistlər “zərərsizləşdirilməsi” üçün hərbi xidmətə göndərilir.