Milli Məclisin qarşısında iyulun 14-ü Qarabağa dəstək məqsədilə keçirilən yürüşdə saxlanılanlar, Anar Abdulla, Firudin Səlimov və Elvin Cəbizadədən 48 saatdan çoxdur ki, xəbər yoxdur. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Mikroskopa deyib ki, onlar məlum hadisə ilə bağlı araşdırmalara cəlb olunublar.
Hadisəni işıqlandıran jurnalistlərin niyə saxlanılması ilə bağlı sualı isə DİN rəsmisi belə cavablandırıb:
Hansı cinayət məcəlləsində, hansı inzibati xətalar məcəlləsində yazılıb ki, jurnalist nə istəsə edə bilər? Onlar da vətəndaşdı, hər kəs kimi məsuliyyətə cəlb oluna bilər. Onların saxlanması da o demək deyil ki, cinayət törədiblər. Sadəcə araşdırma aparılır. Kimin nə dərəcədə təqsirinin olub – olmaması araşdırlır. Təqsiri olmayan sərbəst buraxılacaq.
Onların müvəqqəti saxlanma yerindəki şəraiti ilə bağlı isə E.Zahidov bildirib ki, orada dəmir barmaqlıq araxasında saxlanmırlar, polis idarəsinin inzibati binasındadırlar. Saxlanılanlarla yanaşı orada polis əməkdaşı da qalır.
Nə baş verib: İyulun 14-də Bakıda Qarabağa dəstək yürüşü başlayıb və minlərlə Bakı sakini Milli Məclisin qarşısına toplanıb. Səhər saatlarına qədər davam edən yürüşü işıqlandırmaq üçün hadisə yerinə gedən jurnalistlər Anar Abdulla və Firudin Səlimov, hadisəni işıqlandıran həyat yoldaşı Aysel Umudovaya görə narahat olduğu üçün ora gedən Elvin Cəbizadə saxlanılıb. Onların iyulun 15-i səhər saatlarında saxlansa da 48 saatdan artıq müddət ərzində onlardan xəbər almaq mümkün olmayıb.
Vəkil nə deyir: Onlara vəkillə görüşmək üçün şərait yaradılmır. Vəkil Elçin Sadıqov bildirib ki, onlar 48 saatdan artıqdır ki, qanunsuz olaraq həbsdədirlər və hələ də məhkəmə önünə çəxarılmayıblar. Bu isə Konstitusiyanın 28-ci , İnsan Hüquqları Konvensiyasının 5-ci, İnzibati Xətalar Məcəlləsinin 89-cu, Cinayət Prosesual Məcəllənin 148-ci maddələrinin kobud şəkildə pozulmasıdır.