Azərbaycan prezidenti heç vaxt müstəqil jurnalistlərə və ya müxaliflərə mehriban yanaşmayıb.
“The Washington Post” qəzetində Azərbaycan prezidenti İlham Əliyevdən bəhs edən məqalə bu cümlə ilə başlayır.
Pandemiyanın ortasında, neft qiymətinin aşağı düşdüyü, Ermənistanla gərginlik yaşandığı bir dövrdə Əliyev qəflətən siyasi müxalifətin “beşinci kolon”unu kəşf etdi və onları həbs etməyə başladı. Əliyev Azərbaycanda müstəqil siyasi qüvvələrin qalanını məhv etməklə hədələyir”
deyə məqalədə vurğulanıb.
Yazıda prezidentin Novruz bayramı təbrikindəki çıxışında səsləndiriyi fikirlər də yer alıb. Bildirilir ki, prezident Azərbaycanın “aramızdakı düşmənlər, özlərini müxalifət adlandıran ünsürlər, xaricdən pul alan xainlər” tərəfindən zəiflədildiyini deyib:
Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Pandemiya zamanı “beşinci kolon”un nümayəndələrinin təcrid olunması tarixi zərurətə çevriləcək.
Qəzet 12-16 iyulda Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik sonrası paytaxt Bakıda baş tutan Qarabağ yürüşündən bəhs edib:
İ.Əliyev yürüşü “beşinci kolon”u təqib üçün bir bəhanə kimi istifadə etdi. Prezident yürüşdən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasına “hücum” etdi. Partiyanın rəhbəri Əli Kərimli orduya dəstək olaraq “Dövlətimiz və ordumuzun arxasındayıq” desə də, prezident “beşinci kolon”u bitirməliyik, bundan sonra belə davam edə bilməz” dedi və Xalq Cəbhəsinin “ermənilərdən daha pis olduğunu” iddia etdi”.
“The Washington Post” İ.Əliyevin bu çıxışından sonra aralarında jurnalistlər, partiya üzvləri və digər şəxslər də olmaqla 120 nəfərin həbs olunduğunu yazır.
ABŞ Dövlət Departamenti iyulun 20-də Azərbaycanı vətəndaş cəmiyyətini susdurmaq üçün pandemiyadan istifadə etməməyə çağırıb.
Azərbaycanın xarici Xarici İşlər Nazirliyi ABŞ-dakı irqi ayrıseçkiliyə qarşı etirazlar barədə dərhal reaksiya verərək bildirdi ki, indiki halda ABŞ Dövlət Departamentinin kimdən və niyə narahat olduğunu başa düşə bilmirik
qəzet yazır.
“The Washington Post” XİN-in reaksiyasını belə şərh edib:
ABŞ-da etirazlar, öz problemləri olması ilə yanaşı prezidenti tənqid etmək daxil olmaqla, ifadə və toplaşma azadlığı hüququna sahib olan işlək demokratiyanın can damarıdır. Əliyevin tənqidçilərini sıradan çıxarmaq üçün dəmir yumruğunu istifadə etməsi demokratiyaya ziddir və hər kəs bu hüdudsuz tirandan narahat olmalıdır”.
Qəzet bu məqaləni “Opinion by Editorial Board” kimi qeyd edib.
Bu nə deməkdir: Bu, bir yazının redaksiya heyətinin ümumi rəyini əks etdirməsi deməkdir.