Avropa Parlamentində təmsil olunan ən böyük partiyalar Belarusdakı prezident seçkiləri ilə bağlı bəyanat yayıblar.
Qurumun rəsmi saytında avqustun 17-də dərc olunan bəyanatda deyilir ki, onlar seçkinin nəticələrini tanımırlar və Svetlana Tixanovskayanı qalibi hesab edirlər.
Partiyalar ölkə prezidenti Aleksandr Lukaşenkonu “persona non grata” (“arzuolunmaz şəxs”) elan ediblər.
Biz Belarus xalqını cəsarəti və qətiyyəti üçün alqışlayırıq, demokratik dəyişiklik və azadlıq istəklərini dəstəkləyirik. Dinc nümayişçilərin həbsini və dəhşətli işgəncə hallarını qınayırıq. Ölkədəki vəziyyət barədə məlumat axınının qarşısını almaq üçün internet və KİV-lərin bloklanmasını, jurnalistlərə olunan hədə-qorxunu kəskin pisləyirik”
bəyanatda deyilir.
Nə baş verib: Belarus MSK 26 ildir ölkəni idarə edən hazırkı prezident Aleksandr Lukaşenkonu 9 avqust seçkilərinin qalibi elan edib.
Belarusda seçki günündən bəri etiraz aksiyaları keçirilir. İlk dörd gün kütləvi həbslər və nümayişçilərin döyülməsi ilə müşayiət olunub. Hüquq müdafiəçilərinin fikrinə görə, yüzlərlə insan təhlükəsizlik qüvvələri tərəfindən əziyyətə məruz qalıb, iki nəfər ölüb.