Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 26-da Moskavada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Bunun ardınca nazirlər görüşün yekunlarına dair mətbuat konfransı keçiriblər. Mətbuat konfransında hər iki nazir nələr deyib?
Ceyhun Bayramov: Biz Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha aktiv rol oynamasına xüsusi ümid bəsləyirik.
Bu xüsusi ümid Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və regionun böyük dövləti olması ilə bağlıdır.
Münaqişənin sülh yolu ilə həlli Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması əsasında olmalıdır.
Ermənistan Azərbaycan ərazilərinin 20% – ni işğalda saxlayaraq dinc əhalini oradan qovmaqla beynəlxalq hüququ pozmaqda davam edir.
İyulun 12-16-da Ermənistanla sərhəddə gedən döyüşlər Azərbaycanın nəqliyyat infrastrukturunu təhlükə altına salmaq məqsədilə təxribat idi.
Beynəlxalq birlik, eləcə də həmsədr ölkələr substantiv danışıqların davam etdirilməsi baxımından Ermənistanın daha konstruktiv mövqe tutması üçün ona təsir göstərməlidir.
Sergey Lavrov: Danışıqlarda ikitərəfli münasibətlərimizə baxdıq, regional və beynəlxalq problemlərlə bağlı fikir mübadiləsi apardıq.
Yüksək səviyyədə əldə olunan razılıqların həyata keçirilməsindən məmnunluğumuzu bildirdik.
Moskva və Bakı İrana qarşı ABŞ-ın birtərəfli sanksiyalarına baxmayaraq, Rusiya-Azərbaycan-İran enerji körpüsü layihəsini həyata keçirmək niyyətindədir.