Belarusun Yanka Kupala adına Milli Akademik Teatrının rəhbərliyi bir neçə aktyoru və digər işçiləri qovması ilə bağlı açıqlama yayıb. TUT.BY yazır ki, bu barədə qərar 26 avqustda teatrın yeni rəhbəri Valeri Qramada tərəfindən imzalanıb. V.Qramada ümumilikdə 58 nəfər işdən çıxarıb.
Teatrda təxminən 250 nəfər çalışır ki, bunlardan 57-si aktyordur. İşdən çıxarılan 58 nəfərdən 36-ı aktyordur.
Truppanın çoxunun işdən çıxarılması 100-cü, yubiley mövsümünün açılmasını mümkünsüz edir. Bir nəfərin belə getməsi tamaşaya yeni bir aktyorun daxil edilməsini tələb edir və hətta bəzən əsərləri repertuardan çıxarmağa kimi gətirib çıxarır.
Nə baş verib: Avqustun 13-də Kupala Teatrının kollektivi mülki şəxslərə qarşı zorakılığın dayandırılması və müstəqil müşahidəçilərin iştirakı ilə səslərin yenidən sayılması tələbini səsləndiriblər. Teatrın rejissoru Pavel Latuşko və digər aktyorları əhaliyə və xüsusən də orduya açıq bir müraciət imzaladılar. Müraciət müəllifləri ölkə rəhbərliyini dərhal istefaya və zorakılıq törədənlərə qarşı cinayət işi başlanmasına çağırdılar.
Avqustun 9-da baş tutan prezident seçkilərindən sonra Belarusda seçki saxtakarlığına etirazlar başlayıb. Hakimiyyət Aleksandr Lukaşenkonın qalib gəldiyini bəyan edib. Müxalifət isə seçkilərdə kütləvi saxtakarlığın olduğunu bildirir və nəticələri tanımaqdan imtina edir. Avropa İttifaqı da Belarusdakı seçkilərin nəticələrini tanımadığını açıqlayıb.