Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu aclıq aksiyasına başlayıb. Bu barədə sentyabrın 2-də onun vəkili Aqil Layıc məlumat yayıb.
Bu gün həmçinin Nizami Rayon Məhkəməsində T.Yaqublunun cinayət işi üzrə növbəti proses baş tutub. Proses zamanı T.Yaqubluya hökm oxunacağı gözlənilsə də, məhkəmə sabaha, sentyabrın 3-ə təxirə salınıb.
Ötən gün baş tutan məhkəmə prosesində prokuror T.Yaqublunun 4 il 6 ay müddətinə (ciddi rejimli ) azadlıqdan məhrum edilməsini istəyib.
Nə baş verib: Martın 22-də Tofiq Yaqublu ona qarşı təxribat törədildiyi barədə məlumat yayıb. O bildirib ki, 8-ci kilometr bazarı yaxınlığında onun dayanmış halda olan maşını qəsdən vurulub və maşındakılar Tofiq Yaqubluya hücum edib. Bundan sonra siyasi fəala cinayət işi açılıb. O, ifadə vermək üçün dəvət olunsa da vəkili Elçin Sadıqov uzun müddət onun yanına buraxılmayıb. Martın 23-də isə Nizami Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan qərarı çıxarıb. T.Yaqublu Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə ittiham olunur.
Tofiq Yaqublu kimdir: Siyasi fəal 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Bu, onun ilk həbsi deyil. T.Yaqublu bundan öncə 2013-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunub. O, Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə təqsirli bilinib və 5 il azadlıqdan məhrum olunub. 2016-cı ildə imzalanan əfv sərəncamı ilə həbsdən azad edilib.